AZ EN RU

Muxtar respublika səhiyyəsində növbəti yenilik: Naxçıvan Muxtar Respublikası “Ağız-Diş Sağlamlığı Mərkəzi” və “Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsləri yaradılıb

    Muxtar respublikada bütün sahələr kimi, səhiyyənin də inkişafına xüsusi diqqət və qayğı göstərilir, bu sahədə mühüm addımlar atılır. Son aylarda həyata keçirilən məqsədyönlü tədbirlərin davamı kimi, “Ağız-Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsi və “Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsi yaradılıb, bu münasibətlə dünən Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində tədbir keçirilib. 
    Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov bildirib ki, bu gün qarşıda duran əsas vəzifələrdən biri məhz əhalinin sağlamlığının qorunmasının təmin edilməsi, səhiyyənin yüksələn tempdə inkişafıdır. Səhiyyənin bütün sahələrində olduğu kimi, təcili və təxirəsalınmaz tibbi yardım işinin təşkili, idarə edilməsi, onun maddi-texniki bazasının təkmilləşdirilməsi də dövlətimizin əsas prioritet məsələlərindən biridir. 
    Vurğulanıb ki, Naxçıvanda səhiyyə sahəsində aparılan islahatların davamı olaraq əhaliyə göstərilən tibbi xidmətin müasir səviyyədə qurulması istiqamətində davamlı tədbirlər görülməkdədir. Bildirilib ki, təcili və təxirəsalınmaz tibbi yardım xidməti göstərməli olan səhiyyə müəssisələrinin tibbi cihaz və avadanlıqlarla tam təmin olunmaması, heç bir səhiyyə müəssisəsində “Triaj” sisteminin tətbiq edilməməsi, dərman vasitələri ilə lazımi şəkildə təmin olunmamaq, həmçinin ixtisaslı kadr çatışmazlığı təcili tibbi yardım xidmətinin təşkil edilməsindəki ciddi nöqsanlardan xəbər verir. Məhz bunun üçündür ki, muxtar respublikada təcili və təxirəsalınmaz tibbi xidmətin müasir tibbi tələblər əsasında və mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi məqsədilə “Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsi yaradılmışdır. Yeni mərkəzin ərazisində 50 çarpayılıq təcili tibbi yardım üzrə xidmət göstərəcək yeni korpusun tikilməsi nəzərdə tutulur. 
    Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası əhalisinə ağız və diş sağlamlığı xidməti Naxçıvan Muxtar Respublikası “Stomatoloji Mərkəzi” publik hüquqi şəxsi və özəl stomatoloji kabinələr tərəfindən göstərilməkdədir. Lakin əhaliyə göstərilən stomatoloji xidmətlər müasir tibbi tələblər səviyyəsində deyil. Belə ki, bu sahədə bəzi qeyri-peşəkarların fəaliyyət göstərməsi, gecə vaxtlarında növbətçi stomatoloqların olmaması əhalinin stomatoloji xidmətlərdən lazımi səviyyədə yararlanmamasına səbəb olur.
    Bildirilib ki, məhz bu səbəbdən muxtar respublika əhalisinə  ağız və diş sağlamlığı xidmətinin müasir tibbi tələblər əsasında qurulması üçün Naxçıvan Muxtar Respublikası “Stomatoloji Mərkəzi” publik hüquqi şəxsin və “Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası” publik hüquqi şəxsin Stomatoloji şöbəsinin bazası əsasında “Naxçıvan Muxtar Respublikası Ağız və Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsi yaradılmışdır.
    Tədbirdə çıxış edən “Naxçıvan Muxtar Respublikası Təcili Tibbi Yardım Xidməti” publik hüquqi şəxsin baş həkimi Vüsal Əliyev həkiməqədər və xəstəxanayaqədərki ilkin tibbi müdaxilənin çox önəmli olduğunu bildirib.  Qeyd edilib ki, təcili və təxirəsalınmaz tibbi yardım işi ilk olaraq mərkəzə daxil olan zənglərin, müraciətlərin operativ, çevik  şəkildə cavablandırılıb istiqamətləndirilməsindən başlayır. Bəzən şəhərətrafı yaşayış ərazilərindən 103-ə edilən zənglər texniki səbəblər üzündən şəhərə yönləndirilir ki, bu da vaxt itkisinə, tibbi müdaxilənin və ya təxliyənin gecikməsinə, nəticədə, insan həyatının xilas edilə bilməməsi hallarına səbəb olur. Yeni tətbiq ediləcək vahid mərkəzdən idarə olunan operativ koordinasiya mərkəzi bu problemin aradan qaldırılmasına xidmət edəcək və çağırış verilən əraziyə daha yaxın yerləşən stansiya və yarımstansiyadakı briqada yönləndirilməklə vaxt itkisi minimuma endiriləcək.
    Həmçinin vurğulanıb ki, bir sıra ambulans istismar müddətini başa vurduğundan çağırışların icra olunmasında texniki problemlər meydana gəlirdi. Son illərdə Prezident cənab İlham Əliyevin qayğısı ilə alınan yeni təcili yardım maşınlarının müəssisələrə verilməsi bu problemin də həll olunmasına xidmət etmişdir. Eyni zamanda ambulansların müasir texniki və tibbi avadanlıqlarla təmin olunması da daim diqqət mərkəzində saxlanılır.
    “Naxçıvan Muxtar Respublikası Stomatoloji Mərkəzi” publik hüquqi şəxsin baş həkimi, stomatoloq Azər Həsənov bildirib ki, muxtar respublikamızda stomatologiyanın inkişafına mane olan ciddi nöqsanları aradan  qaldırmaq və müasir   stomatologiyanın inkişafına nail olmaq üçün bir çox məsələlərin həllinə  start verilmişdir. Belə ki, artıq kadr siyasətinin gücləndirilməsi və kadrların təcrübəsini artırmaq məqsədilə Naxçıvan Dövlət Universiteti və Naxçıvan Tibb Kollecinin birgə təşkilatçılığı ilə stomatologiyaya aid baza hissəsi gücləndirilməkdə, elmi-praktiki konfranslar keçirilməkdədir. Qeyd edilib ki, “Ağız-Diş Sağlamlığı Mərkəzi” publik hüquqi şəxsin yaradılması ilə Naxçıvan Muxtar Respublikasında ilk olaraq Uşaq stomatologiyası şöbəsi yaradılacaq və yeni kadr potensialını hazırlamaq üçün Bakı şəhərindən professor və müəllim heyəti mərkəzə dəvət olunacaq və mərkəzin kadrlarının bilik və bacarıqlarını artırmaq üçün Türkiyə Respublikasının “Ağız-Diş Sağlamlığı Mərkəzi”nə təcrübə keçməyə göndəriləcək ki, bununla da, muxtar respublikada stomatoloji xidmətlər yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.
    Ümumiyyətlə, istər təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin, istər də ağız və diş sağlamlığı xidmətinin yenidən təşkil olunması və dünya standartlarına çatdırılması üçün atılan hər bir addım, görülən hər bir iş əhalinin sağlamlığının qorunması məqsədi daşıyır.

Naxçıvan Muxtar Respublikası 
Səhiyyə Nazirliyinin mətbuat xidməti

 

Nəşr edilib : 03.07.2023 17:08