AZ EN RU

Muxtar respublika məktəbliləri olimpiadalarda fəal iştirak edir

Təhsil millətin gələcəyidir

    Bu gün muxtar respublikada dövlətimiz tərəfindən təhsilin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilir, şagirdlərin, tələbələrin müasir biliklərə yiyələnməsi üçün hərtərəfli şərait yaradılır. Bunun nəticəsidir ki, müstəqillik illərində muxtar respublikada təhsil inkişaf dövrünə qədəm qoyub. Məqsədyönlü təhsil siyasətinin nəticəsidir ki, şagirdlər artıq hərtərəfli biliyə yiyələnməklə qəbul imtahanlarında da yaxşı nəticələr göstərirlər. Qeyd edək ki, şagirdlərin biliklərinin inkişaf etdirilməsində keçirilən olimpiadaların da böyük əhəmiyyəti var.

    Olimpiadalarda iştirak şagirdlərdə özünəinam hisslərini gücləndirdiyi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən bu məsələ daim diqqət mərkəzində saxlanılır. Ölkədə həyata keçirilən respublika fənn olimpiadası da şagirdlərin bilik və bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır. Bu bilik yarışı ümumtəhsil müəssisələrinin 9-11-ci sinif şagirdləri arasında təşkil olunur. Məqsəd ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkar edilməsi, onların bilik və bacarıqlarının qiymətləndirilməsidir. Bundan başqa, bu fənlərə şagirdlərin maraqlarının artırılması, sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə də geniş imkan yaradır. Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla, 8 fənn üzrə IX, X və XI sinif şagirdlərinin iştirakı ilə keçirilən bu yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 8-ci sinif şagirdləri də biliklərini sınayır.
    Qeyd edək ki, olimpiadalar muxtar respublikada iki mərhələdə keçirilir. Birinci – rayon (şəhər) mərhələsi, adətən, yanvar ayında, ikinci isə respublika mərhələsinin yarımfinal turu olaraq mart ayında şagirdlər öz bilik və bacarıqlarını sınayırlar. Bundan sonra isə qalibləri daha məsuliyyətli olan final turu gözləyir. Bu isə Təşkilat Komitəsi tərəfindən müəyyən edilmiş mərkəzlərdə keçirilir. Ötən il Naxçıvandan 47 şagird muxtar respublika, 26 şagird isə respublika fənn olimpiadasının qalibi olub. 
    Olimpiadaların respublika mərhələsinin yarımfinal turunun qalibləri yerli təşkilat komitələri, final turunun qalibləri isə respublika təşkilat komitəsi tərəfindən diplom, tərifnamə, qiymətli hədiyyələr ilə təltif olunurlar. 
    Beynəlxalq fənn olimpiadasının qızıl, gümüş və ya bürünc medalı ilə təltif olunmuş, respublika fənn olimpiadasında birinci, ikinci və üçüncü yer tutmuş şagirdlər, beynəlxalq və respublika fənn olimpiadasının qalibinin tam orta təhsil səviyyəsini bitirdikdən sonrakı növbəti 2 tədris ili üçün, beynəlxalq müsabiqənin və ya yarışın qalibi isə tam orta təhsil səviyyəsini bitirməklə qalibiyyət əldə etdikdən sonrakı növbəti 5 tədris ili üçün ali təhsil müəssisəsinə tələbə qəbulunda yalnız bir dəfə müsabiqədənkənar qəbul olunmaq hüququ vardır. Diplom və medallara final mərhələsinin iştirakçılarının, təqribən, 50 faizi layiq görülür. Bu mərhələyə yüksəlmiş digər şagirdlərə isə iştirakçı sertifikatı təqdim olunur. Bu cür stimullaşdırıcı tədbirlərin nəticəsidir ki, muxtar respublika məktəbliləri arasında hər il bu olimpiadalara qatılmaq istəyən məktəblilərin sayı artır. Artıq məktəblilər arasında olimpiada ölkəmizdə, o cümlədən muxtar respublikada elm və bilik hərəkatına çevrilib.
     Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin şagirdləri arasında digər olimpiadalar da təşkil olunur. Belə ki, ötən il muxtar respublikada ilk dəfə olaraq VI və VII sinif şagirdləri arasında “Məktəblilərarası VI fənn müsabiqəsi”, V sinif şagirdləri arasında “Lütfü Zadə adına məntiq olimpiadası”, II-X sinif şagirdləri arasında isə “Kenquru Beynəlxalq riyaziyyat müsabiqəsi” keçirilib. Nəticələr isə qənaətbəxşdir. Belə ki, VI-VII sinif şagirdləri arasında fənn müsabiqəsində 55 nəfər, II-X siniflər arasında “Kenquru Beynəlxalq riyaziyyat olimpiadası”nda isə 43 nəfər qalib olub. 7-8-9-cu sinif şagirdləri arasında keçirilən “Amerikan Beynəlxalq riyaziyyat olimpiadası” da öz uğurları ilə diqqəti çəkir. Bu nüfuzlu bilik yarışında 118 nəfər qalib olub. V sinif şagirdləri arasında “Lütfü Zadə adına məntiq olimpiadası” isə yeni təşkil edilməsinə baxmayaraq, şagirdlər arasında yetərincə marağa səbəb olub. Hazırda SASMO (Singapore&Asian Schools Math Olimpiad) beynəlxalq riyaziyyat olimpiadasına qeydiyyat davam edir. İlk dəfə Naxçıvandan olan şagirdlərimizin qatılacağı bu beynəlxalq olimpiada Sinqapur, Amerika, Kanada, Türkiyə, Hindistan, İran və digər ölkələri əhatə edir. Hər ilin aprel ayında keçirilən SASMO olimpiadasında 2-ci sinifdən 11-ci sinfə qədər ən yüksək nəticə göstərən şagirdlər üçün 8 faizi qızıl, 12 faizi bürünc, 20 faizi gümüş olmaqla qiymətləndirilmələr aparılır. 
    İldən-ilə olimpiadada qalib olmaq istəyənlərin sayının artması, qaliblərin isə olimpiadadakı nəticələrini başqa imtahanlarda, xüsusən ali təhsil müəssisələrinə qəbul imtahanlarında da təsdiqləməsi fənn olimpiadalarına etimadı gücləndirib. Muxtar respublikada da qeyd etdiyimiz kimi, təhsil sistemində tətbiq edilən yeniliklər, tədris bazasının müasirləşdirilməsi dövlətin gənc nəslin sağlam böyüməsi, təhsilli, savadlı, dünyagörüşlü olması üçün atdığı mühüm addımdır. Bu isə, sözsüz ki, onlar arasında gərgin, sağlam müsabiqə şəraiti yaradır, eyni zamanda kifayət qədər böyük rəqabət mühiti formalaşdırır. Nəticədə, müxtəlif yaş qruplarında olan şagirdlər olimpiadanın hər mərhələsinə daha cidd-cəhdlə hazırlaşır və bu məsul bilik yarışında iştiraka kifayət qədər məsuliyyətlə yanaşırlar. Danılmaz faktdır ki, istedadlı, bilikli və bacarıqlı şagirdlərin seçilməsi, aşkar olunması, ortaya çıxarılması baxımından olimpiadalar vacib bir prosesdir. Bu yarış şagirdlərdə özünəinam, biliklərinin yoxlanması üçün sınaqdır. Beynəlxalq olimpiadalarda iştirak etmək isə məktəblilərimizin dünya səviyyəsində özünütəsdiqinə imkan yaradır və təcrübə formalaşdırır. Bundan başqa, daha çox qəbul imtahanlarında yaranan və əksər hallarda yeniyetmələrin, abituriyentlərin uğursuzluğuna səbəb olan həyəcanlanmanın da qarşısını alır. Psixoloqların hesablamalarına görə bu cür bilik yarışlarında tez-tez iştirak edən şagirdlərin dünyagörüşü də xeyli genişlənir, onlarda imtahanqabağı soyuqqanlılıq yaranır və uğurları daha çox olur. Yəni bu cür şagirdlərin gələcəkdə ali təhsil ocaqlarına qəbul olmaq və hər hansı bir peşə seçimində şansları yüksəkdir. Bir sözlə, olimpiadalar təkcə ölkə deyil, həmçinin beynəlxalq səviyyədə ali təhsil ocaqlarına, nüfuzlu universitetlərə açılan qapı, bu istiqamətdə qazanılacaq uğurların təməlidir. 

 Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin

mətbuat xidməti 

Nəşr edilib : 16.03.2022 20:08