AZ EN RU

Muxtar respublika çempionatının qalibi məlum olub

    Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Futbol Federasiyasının birgə təşkil etdiyi 2011-ci il təvəllüdlü futbolçular arasında minifutbol üzrə muxtar respublika çempionatına yekun vurulub.
    Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan çempionatda 8 komanda mübarizə aparıb. İlk olaraq meydana 3-cü yer uğrunda “Culfa” və “UGIM Naxçıvan” komandaları çıxıb. Bu görüşdə culfalı futbolçular  qalib gələrək (3:1) çempionatın bürünc medalını qazanıblar. Həlledici qarşılaşmada isə azarkeşlər daha gərgin görüşün şahidi olublar. Baxımlı oyun sərgiləyən “Araz-Naxçıvan” komandası “Şərur” komandasını 4:1 hesabı ilə üstələyərək çempionatın baş mükafatını qazanıb.
    Mükafatlandırma mərasimində öncə şəhid övladları təşkilatçılar tərəfindən xüsusi mükafatla təltif ediliblər. Sonra çempionatın ən yaxşı qapıçısı, ən yaxşı futbolçusu və ən məhsuldar futbolçusu mükafatlandırılıb. Eyni zamanda qalib komandalara və üzvlərinə diplom, kubok və hədiyyələr təqdim edilib. 
    Sonda şəhid ailələri və qazilərlə xatirə şəkli çəkdirilib.

Ceyhun MƏMMƏDOV

Nəşr edilib : 08.07.2022 20:30