AZ EN RU

Muxtar Məmmədoğlunun “O yaşayır, yaşayacaq ürəklərdə” kitabının təqdimat mərasimi keçirilib

     Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti, “Şərq qapısı” qəzetinin məsul katibi Muxtar Məmmədoğlunun 22 iyul – Milli Mətbuat Günü münasibətilə çapdan çıxan, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “O yaşayır, yaşayacaq ürəklərdə” kitabının təqdimat mərasimi keçirilib.
    Kitabın redaktoru, “Şərq qapısı” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mehriban Sultan tədbirdə çıxış edərək vurğulayıb ki, Prezident cənab İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması  “Şərq qapısı” qəzetinin də qarşısında mühüm vəzifələr qoyub. Ötən dövrdə qəzet əməkdaşları “2023-cü il Heydər Əliyev İli”dir rubrikası altında Ümummilli Liderin  şərəfli, mənalı ömür yolunu, zəngin siyasi-dövlətçilik irsini özündə əks etdirən siyasi-publisistik məqalələr, analitik şərhlər, reportajlar, dəyirmi masalarla çıxış ediblər və bu proses indi də davam edir. Ümumilikdə, 6 ay ərzində qəzetdə bu mövzuda 66 mətbu material işıq üzü görüb.
    “Şərq qapısı” qəzetində 20 ildən artıqdır, fəaliyyət göstərən Muxtar Məmmədoğlunun zəngin yaradıcılıq fəaliyyətinə nəzər salan Mehriban Sultan bildirib ki, müəllif sayca beşinci olan “O yaşayır, yaşayacaq ürəklərdə” kitabında Ümummilli Lider Heydər Əliyevin siyasi irsini hər birimiz üçün oxunmalı və öyrənməli olan elm adlandırır. Doğrudan da, görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevin həyat yolu, çoxşaxəli irsi daim zənginləşən, yeniləşən tükənməz bir xəzinədir. Bu mənada, “Şərq qapısı”nın timsalında Muxtar müəllim bu xəzinəyə öz layiqli töhfəsini verib.
    Qeyd olunub ki, kitab bir çox cəhəti ilə qiymətli mənbədir. Yeni nəşrdə elmi-kütləvi-publisistik salnamə kimi görkəmli dövlət xadiminin keçdiyi həyat yolunu, müstəsna fəaliyyətini  öyrənmək istəyən hər kəs üçün faydalıdır.
   Kitabın ön sözünün müəllifi, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli qeyd edib ki, muxtar respublika mətbuatına böyük töhfələr vermiş jurnalistlərimizdən olan Muxtar müəllim oxunaqlı, oxucu tələbi baxımından cəlbedici olan “O yaşayır, yaşayacaq ürəklərdə” kitabı Böyük Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan dəyərli  nəşrdir.  Onun sanballı, oxunaqlı, ustalıqla işlədiyi məqalələr kitabı özünəməxsus edir və hər kəs bu kitabdan özü üçün nə isə  əxz edə bilər. 
    Naxçıvan Mətbuat Şurasının sədri Rövşən Hüseynov bildirib ki, kitab Ulu Öndərimizin siyasi, dövlətçilik fəaliyyətinə işıq salan salnamədir. Onun bölmələrində yer alan “Heydər Əliyev mübarizliyi xalqımızı düşdüyü bəlalardan qurtardı”, “Bugünkü nəsil bilməlidir ki, yaşadığımız firavan həyatı bizə Ümummilli Liderimiz bəxş edib”, “Heydər Əliyev siyasətinin işığı Naxçıvanı nurlu sabahlara çıxarıb” kimi məqalələrdə müəllif  Ulu Öndərin müxtəlif sahələrdə həyata keçirdiyi islahatların bugünkü bəhrələrini ortaya qoya bilib. Muxtar müəllimin Vətəninə, xalqına, eyni zamanda xalqımızın böyük oğluna olan sevgisi bu kitabda kı yazılarda aydın əksini tapıb.
    Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayev yeni nəşri Ulu Öndər Heydər Əliyev irsinə və “Heydər Əliyev İli”nə ən layiqli töhfələrdən biri  kimi qiymətləndirib, Muxtar Məmmədoğlunun yaradıcılığını gənclər üçün bir məktəb kimi dəyərləndirib.  
    Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Hüseyn Əsgərov çıxışında Muxtar Məmmədovu klassik publisistikanın dəyərli nümayəndələrindən hesab etdiyini deyib, kitabın adından da bəlli olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib.
    “Şərq qapısı” qəzetinin gənc əməkdaşı, Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə builki məzunu Məcid Rəşadətoğlu gənc jurnalistlərə  daim yol göstərdiyi, stimul, dəstək verdiyi üçün kitabın müəllifinə öz minnətdarlığını bildirib. Çıxış edənlər müəllifi kitabın nəşri münasibətilə təbrik edib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
     Müəllif, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədoğlu kitabın ərsəyə gəlməsində, tədbirin təşkilində köməyini əsirgəməyən hər kəsə təşəkkür edib. 
    Qeyd edək ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çapdan çıxan kitab ön söz, giriş və dörd bölmədən ibarətdir. Kitabın “Esselər”, “Dəyirmi masa, müsahibələr və söhbətlər”, “Bu ünvanlar xalqımızın böyük oğlunun adını yaşadır”, “Bu da bir ömürdü...”  bölmələrində jurnalistin  ürəyindən keçən və qələminin gücü ilə ərsəyə gələn səmimi fikirləri, düşüncələri ilə tanış ola, bu dəyərli nəşrdən faydalana bilərsiniz. 

Güntac ŞAHMƏMMƏDLİ 

Nəşr edilib : 20.07.2023 17:05