AZ EN RU

Muxtar diyarımızın bəxtəvər övladları, xoşbəxt gələcəyimiz...

    “Cəmiyyət haradan olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”,– deyən ulu öndərimiz təhsil sahəsinə hər zaman yüksək qayğı göstərirdi. Ümummilli liderimiz deyirdi ki, təhsil cəmiyyətin xüsusi intellektual cəhətini əks etdirən sahədir. Belə halda təhsil sisteminə çox diqqətli yanaşmaq lazımdır və bu sistemə münasibət çox həssas olmalıdır. Bu həssaslığı dahi rəhbər ölkəmizə rəhbərlik etdiyi bütün dönəmlərdə göstərmişdi. 

    Sevindirici haldır ki, bu gün ölkə başçısı cənab İlham Əliyev də cəmiyyətin və dövlətin inkişafında xalqın intellektual potensialının yüksəlməsində gənclərin savadlı, bilikli, vətənpərvər və milli ruhda böyüməsində təhsilin əhəmiyyətini görür, müstəqil dövlətimizi daha da inkişaf etdirəcək, onun müstəqilliyini qoruyacaq yeni nəslin formalaşdırılmasını başlıca vəzifələrdən biri hesab edir və bu sahədə qətiyyətli addımlar atır. 
    Muxtar respublikamızda da təhsilin xüsusi diqqət və qayğı ilə əhatə olunması, aparılan uğurlu islahatlar bu sahənin günü-gündən daha da inkişafına zəmin yaradır. Təhsil müəssisələri üçün yeni binaların tikilməsi, ümumtəhsil məktəblərinin ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin olunması şagirdləri təhsil ocaqlarına qırılmaz tellərlə bağlayır. Təkcə bir faktı qeyd edək ki, ötən tədris ilində 7 məktəb binası tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda 16 təhsil müəssisəsi üçün binanın tikintisi və ya yenidən qurulması davam etdirilir. Təhsil müəssisələrinin maddi-tədris bazasının gücləndirilməsi də diqqətdə saxlanılır. Elə məhz göstərilən qayğının, yaradılan şəraitin nəticəsidir ki, 2021-2022-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunlardan 2848-i ali və orta ixtisas məktəblərinə sənəd verib, onlardan 2101-i, yaxud 74 faizi tələbə adını qazanıb. Müstəqillik illərində 200-dən artıq məktəb binası, ali təhsil ocaqları üçün yeni tədris korpusları və universitet şəhərcikləri istifadəyə verilib. Bu gün təhsil pillələri üzrə müasir texnologiyaların tətbiqi, 7 mindən çox kompüter və 700-dən artıq elektron lövhənin, STEAM kabinələrinin qurulması, xarici dillərin tədrisi imkan verir ki, muxtar respublika gəncləri ixtisaslı kadr kimi formalaşsınlar. 

    Artıq yeni tədris ilinə start verilib. Səhər erkəndən işə yollanarkən vahid məktəbli formasında məktəbə üz tutan balaların çöhrəsindəki təbəssümü görməmək mümkün deyil. Onlara baxdıqca ürəyimiz dağa dönür, Naxçıvan blokadasının ağrılı-acılı illərindəki məktəb illərim gəlib keçir gözlərimin önündən. Sinif otaqlarına nəinki vahid formada daxil olmaq, üşüməməkdən ötrü əynimizdən çıxara bilmədiyimiz qalın paltoları xatırladım bir anlıq. Kələ-kötür yollarda tab gətirməyən ayaqqabılarımızı demirəm hələ... Aylarla qapısı üzümüzə bağlı qalan məktəb kitabxanaları, idman zalları gəlib durdu gözümün qarşısında. Sabahın dərslərini hazırlamaq üçün neft lampalarına ümidli olduğumuz günlər kinolent kimi gəlib keçdi göz önündən bir anlıq. Elə həmin an geriyə baxdıqda bugünkü gənclərin xoşbəxt, firavan böyüdüklərini görəndə sevincimin həddi-hüdudu olmadı... Axı biz də məktəbli olmuşuq, biz də müasir təhsil ocaqlarında, işıqlı sinif otaqlarında elmin sirlərinə yiyələnməyi arzu etmişik, biz də vahid məktəbli forması ilə sinfə daxil olmaq istəmişik. Sonsuz şükürlər olsun ki, artıq eyni məktəbli forması geyinmələri, hər şeydən əvvəl, şagirdlərin cəmiyyətdə özlərinə qarşı hörmət hissi ilə yanaşmasında, ən əsası təhsil aldığı məktəbin nüfuzunun qaldırılmasında mühüm əhəmiyyət kəsb edir. Məktəbli formasının olması uşaqlar arasında sosial bərabərlik yaratmaqla yanaşı, onların dərsə olan maraqlarına da, bir-birilərinə münasibətlərinə də müsbət təsir edir. 

  Qısaca kinolent kimi gözlərim önündə canlanan səhnədə cırıq-sökük paltarları vahid məktəbli formaları əvəz etdi. Aylarla qapısı üzümüzə bağlı qalan kitabxanalardan bugünkü gəncliyin necə yüksək səviyyədə bəhrələndiyini gördüm. Qırıq-sökük qapı pəncərələri olan məktəbləri, işıqlı sinif otaqları, hər cür tədris şəraiti yaradılmış məktəblər əvəz etdi. Onu qeyd edim ki, təhsilin inkişafına, balalarımızın hərtərəfli böyüməsinə ayrılan kapital həm də ölkəmizin ərazi bütövlüyünün təminatına ayrılan kapitaldır. Yaradılan şərait övladlarımızın vətənpərvərlik ruhunda yetişməsinə xidmət edir. Biz bunu 44 günlük Vətən müharibəsində daha aydın şəkildə gördük. Müstəqillik illərində yetişdirilən gənclər nəyə qadir olduqlarını bir daha nümayiş etdirdilər. Hər biri “Vətən sağ olsun!” – deyib irəli getdi. Biz bu torpağın üzərində rahat yaşayaq deyə sevdiklərindən, doğmalarından əbədi ayrı düşdülər. Həmin igid oğullarımız Qarabağımızın azadlığını yazanlardan, qaranlıq sabahımızdan, işıqlı sabahımıza nur çiləyənlərdən oldular. 

    Bəli, müstəqillik illərində yetişdirilən övladlarımız düşmənin qara bağrına daş qoyanlardan oldular. 30 illik Vətən həsrətimizə son qoydular onlar. Bu anları bizə yaşadan müzəffər Ordumuzun Ali Baş Komandanı, ölkə başçısı cənab İlham Əliyevə minnətdarıq. Şanlı zəfərimizin böyük sevincinin səbəbkarları olan qazilərimizə borcluyuq. Və ən əsası doğma torpaqlarımıza qayıdış sevincini bizə yaşadan şəhid qardaşlarım, RUHUNUZ ŞAD OLSUN! Sizin kimi tarix yazan övladları böyüdən analar qarşısında baş əyirəm. Haqqınız əvəz olunmazdır... 

Nuray ƏSGƏROVA

Nəşr edilib : 30.09.2022 21:20