AZ EN RU

Muxtar diyarda mədəniyyətin inkişafı üçün yeni mərhələ

    Müstəqillik dövründə ölkəmizdə regionların sosial-iqtisadi inkişafı hər zaman dövlət siyasətinin əsas prioritetlərindən olub. Qəbul edilən Dövlət proqramları, imzalanan fərman və sərəncamlar ölkəmizin digər bölgələri kimi, Naxçıvan Muxtar Respublikasının da infrastrukturunun yenilənməsinə, əhalinin sosial vəziyyətinin inkişafına, elm, təhsil, mədəni mühitin yeni inkişaf  mərhələsinə keçməsinə şərait yaradıb.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla təsdiq olunan “Naxçıvan Muxtar Respublikasının  sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” digər sahələrlə yanaşı, muxtar respublikanın mədəni inkişafı üçün də yeni yol xəritəsidir. Proqrama əsasən Naxçıvan Muxtar Respublikasının bəzi tarix-memarlıq abidələri UNESCO-nun maddi-mədəni irs nümunələri üzrə əsas siyahısına salınacaq, mədəniyyət müəssisələrinin infrastrukturu və maddi-texniki bazası təkmilləşəcək. Tarix və mədəniyyət abidələri ilə zəngin olan, hər daşı tarixin şahidinə çevrilən Naxçıvanın abidələrinin beynəlxalq səviyyədə qorunması və tanıdılması həm də dövlət mədəniyyət siyasətinin tərkib hissəsidir. Dövlət Proqramının 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planının icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən müvafiq siyahıya salınacaq tarix və mədəniyyət abidələrinin müəyyənləşdirilməsinə, inventarlaşmasına və pasportlaşdırılmasına başlanılıb. Belə ki, planın icrası ilə bağlı abidələrdə monitorinq aparılması məqsədilə iyul və avqust aylarında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu Məhdud Məsuliyyətli Cəmiyyətinin, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və digər aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə  Naxçıvan  və Ordubad şəhərlərində bir sıra tarix-memarlıq abidələrinin mövcud vəziyyətinə baxış keçirilib. Qeyd edək ki, inventarlaşdırılmış abidələr UNESCO-nun Ümumdünya İrsinin İlkin Siyahısına salındıqdan, nominasiya faylları hazırlanıb təqdim edildikdən sonra beynəlxalq səviyyədə qorunacaq və tanınacaq.
    Planda, həmçinin muxtar respublika ərazisində tarix-mədəniyyət qoruqlarının təhlili və inventarlaşdırılması, mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı işlər də əks olunub. Təfsilatlı Tədbirlər Planına əsasən mədəniyyət müəssisələrinin fəaliyyətini müasir tələblərə uyğunlaşdırmaq məqsədilə onların maddi-texniki bazasının gücləndirilməsi ilə yanaşı, bir sıra mədəniyyət ocaqları – Xan sarayı, Möminə xatın türbəsi, Qızlar bulağı, Yay teatrı, Bazarçay gölü, Köhnə bazar və Qədim karvansarayın daxil olduğu tarixi abidələrin bazasında “Naxçıvanın 7 incisi” Tarix-Memarlıq Turizm Kompleksi yaradılacaq və Naxçıvan Dövlət Filarmoniyası, Naxçıvan Dövlət Uşaq Filarmoniyası, Muzey Mərkəzi, Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı üçün yeni binalar tikiləcək. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən inşa olunacaq müəssisələrlə bağlı layihə tapşırıqlarının hazırlanması işi davam etdirilir. Eyni zamanda dövlət teatr və konsert müəssisələrinin, uşaq musiqi məktəblərinin yaradıcı kollektivlərinin maddi-texniki bazasının təkmilləşdirilməsi işləri aparılır.
    Təfsilatlı Tədbirlər Planına əsasən reallaşacaq daha bir yenilik isə ondan ibarətdir ki, muxtar respublikada mədəni xidmətin təşkilinin səviyyəsinin yüksəlməsi, mədəni zövqün formalaşmasına xidmət edən uğurlu layihələrin gerçəkləşməsi məqsədilə Naxçıvanda ilk dəfə olaraq konsert və tamaşalar üçün biletlər onlayn platformadan satışa çıxarılacaq. Ənənəvi metodlarla yanaşı, innovativ imkanların yaradılması mədəni xidmətlərin əlçatanlığını daha da asanlaşdıracaq.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 19.10.2023 19:50