AZ EN RU

Muxtar diyarda mədəniyyətimizin təbliği və inkişafı diqqətdə saxlanılır

    Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən iyul ayında müvafiq fərman və sərəncamlardan, qəbul edilmiş Dövlət proqramlarından irəli gələn vəzifələr icra edilmiş, ay ərzində müxtəlif mədəni-kütləvi tədbirlər keçirilmişdir.

    İyul ayında ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Heydər Əliyev Muzeyi tərəfindən albom-kataloqun hazırlanması və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Əl işləri sərgi-müsabiqəsi”nə ərizə qəbulu davam etdirilmişdir. Muxtar respublikada təşkil olunan “Uşaq İncəsənət Festivalı”nın II regional mərhələsində I mərhələdə 16 nominasiya üzrə uğur qazanmış 128 fərdi iştirakçı və 7 kollektiv iştirak etmişdir. Ötən ay “Heydər Əliyev İli” çərçivəsində  intellektual oyun, solo konsert, kitab müzakirəsi daxil olmaqla, ümumilikdə, 13 tədbir keçirilmişdir.
    Həmçinin iyul ayı muxtar respublikanın mədəni həyatında baş verən bir sıra yeniliklərlə yadda qalmışdır. Belə ki, Naxçıvan Dövlət Filarmoniyasının professional musiqi kollektivi kimi formalaşdığını, peşəkar musiqi sənətinin yaşadılmasında xidmətlərini və uğurlu  fəaliyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 iyul tarixli Qərarı ilə filarmoniyaya “muxtar respublika” statusu verilmiş, bununla bağlı 21 iyul tarixdə təqdimat mərasimi keçirilmişdir. Bundan əlavə, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının kollektivi Türkiyədə qastrol səfərində olmuşdur. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyevin türkiyəli dramaturq Mehmet Ümit Görgülünün “Cibimizdeki cinnet” əsəri əsasında hazırladığı “Cibimizdəki dəlilik” psixoloji komediyası ilə qastrola çıxan kollektiv qardaş ölkənin Ege bölgəsində, Sardes, Foça və İzmir şəhərlərində tamaşanı teatrsevərlərə təqdim etmiş, kollektiv Sardesdə keçirilən VIII Beynəlxalq Dionis Teatr və Təlim Düşərgəsinə  qatılmış, türkiyəli mütəxəssislər tərəfindən teatrla bağlı təşkil olunan təlimlərdə iştirak etmişlər. Mədəniyyət Nazirliyinin və “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin təşkilatçılığı ilə birliyin sədri Güllü Alıyevanın “Vətən oğulsuz olmasın” kitabının Naxçıvanda keçirilən ilk təqdimatı da maraqla qarşılanmışdır.
    İyul ayında Mədəniyyət Nazirliyinin sistemində fəaliyyət göstərən muzeylərdə və kitabxanalarda olan Qərbi Azərbaycanın mədəni irsini, tarixini və deportasiya prosesini əks etdirən rəsm əsərləri, kitab, məlumat və fotoşəkillərin siyahısı hazırlanmış, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında və rayon (şəhər) MKS-lərdə Qərbi Azərbaycan mövzusuna həsr olunmuş “Qərbi Azərbaycan – tarixi torpaqlarımız” adlı sərgi təşkil edilmişdir. Mədəniyyət üzrə Elmi-Metodiki Mərkəzin əməkdaşları tərəfindən Kəngərli rayonunun Çalxanqala və Şahbuz rayonunun Ayrınc kəndlərində yaşayan Qərbi Azərbaycandan olan sakinlərdən tarixi torpaqlarımızın folkloru və toponimləri ilə bağlı nümunələr toplanaraq AMEA Naxçıvan Bölməsinə göndərilmişdir. 
    Naxçıvan Muxtar Respublikasının ərazisində arxeoloji qazıntıların aparılmasına nəzarət edilməsi məqsədilə 20 iyul tarixdə AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Maliyyə nazirliklərinin əməkdaşlarından təşkil olunmuş komissiya tərəfindən Naxçıvan şəhəri ərazisində olan Tumbultəpə yaşayış yerində və Babək rayonu ərazisində olan Meydantəpə yaşayış yerində aparılan arxeoloji qazıntı və kəşfiyyat işlərinə baxış keçirilmişdir. 
    Hesabat dövründə muzeylərin fəaliyyəti nəzarətdə saxlanılmış,  muzeyləri 24 min 750 nəfər yerli, 20 min 486 nəfər əcnəbi olmaqla, ümumilikdə, 45 min 236 nəfər ziyarət etmiş, muzeylərə 7 yeni eksponat daxil olmuşdur.
    İyul ayında kitabxanalarda yubileylər, əlamətdar və tarixi günlərlə bağlı  tədbirlər, kitab müzakirələri keçirilmiş, sərgilər qurulmuş, sağlamlıq imkanı məhdud 25 uşağa səyyar kitabxana xidməti göstərilmişdir. Ay ərzində kitabxanalarda yeni oxucu sayı 1078, oxucu gəlişi 8 min 829, kitab verilişi isə 55 min 528 nüsxə olmuşdur. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron kitabxanasında elektron kataloqda kitabların sayı 35 min 444-ə çatdırılmışdır. 
    Ötən ay Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblı Azərbaycan və Türkiyə prokurorlarının sərhədyanı əməkdaşlığı məqsədilə keçirilən tədbirdə yaddaqalan konsert proqramı ilə çıxış etmişdir.
    İyul ayında klub müəssisələrinin, Naxçıvan Dövlət Film Fondunun fəaliyyəti diqqət mərkəzində saxlanılmış, nazirliyin “nculture.gov.az” internet saytının yenidən hazırlanması ilə bağlı iş aparılmışdır. 

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin
 mətbuat xidməti

Nəşr edilib : 10.08.2023 19:02