AZ EN RU

Mütərəqqi inkişafın Naxçıvan modeli

    Blokada və inkişaf…Tarixin çətin və mürəkkəb şəraitində bir-birinin əksini ehtiva edən bu iki söz bu gün muxtar respublika reallığında əksi olduğu qədər həm də mümkünlüyü təsdiq edir. 30 ilin taleyüklü sınaq dövründən sabaha, perspektivə hesablanmış mühüm əhəmiyyət kəsb edən Dövlət proqramları, sosial-iqtisadi islahatlar, o cümlədən siyasi iradə, əzmkarlıq və ən önəmlisi yüksək vətənpərvərlik muxtar respublikamızın hər ötən ilini böyük uğurlarla, nailiyyətlərlə xarakterizə edib. Əminliklə demək olar ki, bu gün blokadanın yaratdığı çətinliklərə baxmayaraq, Naxçıvan Muxtar Respublikasında konkret hədəflərə yönələn mükəmməl idarəçilik modeli formalaşdırılıb, davamlı və dayanıqlı inkişaf tempi bütün parametrlər üzrə yeni uğurların qazanılmasına, iqtisadi qüdrətin daha da artmasına etibarlı zəmin yaradıb. Məşhur fransız ictimai xadim Qabriel Mirabo deyirdi: “Ədalət... yavaş-yavaş yeriyir, lakin gedəcəyi yerə gec-tez çatır”. Bu xüsusda qədim və əzəli Azərbaycan torpağı olan Naxçıvanın ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərindən bu günə qədər keçdiyi ağır yol həm də tariximizin qızıl səhifələrini təşkil edib.

Naxçıvandan başlanan tarixi missiya

Məlum olduğu kimi, 1990-cı ilin əvvəlindən etibarən xain və məkrli Ermənistanın apardığı davamlı təcavüzkarlıq siyasəti dəmir yolu xətləri və avtomobil yollarının kəsilməsi, eyni zamanda muxtar respublikanın ölkənin əsas hissəsindən təcrid olunması ağır blokada vəziyyətinin yaranması ilə nəticələnib. Uçurumun astanasında olan xalqın həm də sosial-iqtisadi, mənəvi və hərbi böhran keçirdiyi bir zaman kəsiyində müdrik siyasi xadim Heydər Əliyevin Naxçıvana qayıtması haqlı olaraq böyük ruh yüksəkliyi, gələcəyə nikbin baxış və inam yaratdı. Azadlıq duyğuları közərən xalqın Vətən eşqi yenidən alovlandı. Muxtar respublikanın parlaq gələcəyinə hesablanmış planların əsasını isə, ilk növbədə, ordu quruculuğu təşkil edirdi.
    “Etibarlı, güclü, vətənini, torpağını müdafiə etməyə qadir silahlı qüvvələri olmayan ölkənin müstəqilliyi də etibarlı ola bilməz”, – deyən ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra muxtar respublikada da ordu quruculuğunun inkişafı və təkmilləşdirilməsi prosesinin əsası qoyulmuş, nəticədə, Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaranmışdır. Mövcud reallıqdır ki, muxtar respublikada ordu quruculuğunun mükəmməl təşkilatlanma və inkişafı istiqamətində reallaşdırılan sistemli tədbirlər bu gün dövlət siyasətinin başlıca prioritetlərindən birinə çevrilib. Belə ki, mütəmadi olaraq hərbi hissələrin maddi-texniki təminatı daha da gücləndirilir, zabit ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, o cümlədən şəxsi heyətin döyüş, mənəvi və psixoloji hazırlığı xüsusi diqqətdə saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun davamlı olaraq sərhəd bölgələrindəki hərbi hissələrə getməsi, xidmətin vəziyyəti ilə şəxsən yaxından maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə yanaşı, onlarda vətənpərvərlik hissini və döyüş əzmini daha da artırır. Həyata keçirilən tədbirlərin məntiqi nəticəsidir ki, 2018-ci ildə keçirilən uğurlu Günnüt əməliyyatı nəticəsində 11 min hektardan artıq ərazi düşməndən azad edilib, işğalçı ölkənin strateji kommunikasiyaları ordumuzun nəzarətinə keçib. Bununla yanaşı, rəşadətli Ordumuzun tarixi, parlaq Qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları da öz vəzifə borclarını şərəflə, ləyaqətlə və peşəkarlıqla yerinə yetirərək işğal altında olan rayonlarımızın azad olunması, şanlı bayrağımızın bütöv Azərbaycanda dalğalanması uğrunda böyük şücaət nümayiş etdiriblər. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin də söylədiyi kimi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər”.

Sabitlik, inkişaf və tərəqqiyə gedən yol 
təhsildən keçir

Etiraf etmək lazımdır ki, son illər muxtar respublikamızın bütün sahələrini əhatə edən sürətli inkişafın təməlində məhz müasir təhsil sisteminin formalaşdırılması, gənc nəslin elm və təhsilə cəlb olunması üçün atılan mühüm addımlar, habelə milli mааrifçilik ənənələri sахlаnılmаqlа dünyа təhsil sistеminin zəngin təcrübəsinin mənimsənilməsi dayanır. “Elmdə son hədd, axırıncı tədqiqat anlayışı yoxdur. Elm davamlı inkişafdır. Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir”, – deyən Ali Məclisin Sədri təhsilin müasir inkişafına, zəngin dünyagörüşünə malik kadr potensialının hazırlanmasına, müəllim nüfuzunun artırılmasına, eyni zamanda gənc nəslin mütərəqqi və milli əsaslara söykənən vətənpərvər ruhda böyüməsinə hər zaman xüsusi həssaslıqla yanaşmışdır. Bu sahədə həyata keçirilən məqsədyönlü tədbirlər muxtar respublikanın paytaxt şəhəri ilə yanaşı, ən ucqar dağ və sərhəd kəndlərini belə əhatə etmiş, təhsilin müasir tələblər səviyyəsində inkişafı və tədris şəraitinin yaxşılaşdırılması prioritet istiqamət kimi müəyyənləşdirilmişdir. Muxtar respublika ərazisində 10 ildə 150-yə yaxın ümumtəhsil məktəbinin tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilməsi də mövcud faktı bir daha təsdiq edir.
    Bundan başqa, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamı təhsilin keyfiyyətinin daha da yaxşılaşmasına ciddi təsir göstərmiş, modern təlim üsullarının tətbiqinə əlverişli şərait yaratmışdır. Bu illərdə tədrisin müasirləşdirilməsi və qabaqcıl tədris metodlarının tətbiqi diqqətdə saxlanılmaqla distant təhsilin və STEAM təhsil metodunun tətbiqinə də başlanılmış, cari ilin 11 iyununda “STEAM təhsil festivalı” keçirilmişdir. Eyni zamanda altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında muxtar respublikada “Elm festivalı”nın keçirilməsi ilə bağlı müvafiq tapşırıqların verilməsi də bu sahəyə göstərilən ali diqqətin növbəti təzahürüdür. 
    Reallıqdır ki, bu gün muxtar respublikada gənc nəslin elmə, təhsilə, müxtəlif peşə sahələrinə yiyələnməsi üçün bütün zəruri imkanlar yaradılıb. Həmçinin bu sahəyə davamlı dövlət qayğısı, maddi-texniki bazanın daha da möhkəmləndirilməsi, təhsil müəssisələrində interaktiv və innovativ texnologiyalardan, tədris metodlarından istifadə ilbəil öz müsbət nəticələrini verməkdədir. 

Hər bir xalqın ən qiymətli sərvəti onun 
vətəndaşıdır və ya ön planda olan insan amili 

Bəşər övladının ən ali arzularından biri, bəlkə də, birincisi, şübhəsiz ki, onun sağlamlığıdır. Mövzuya məhz bu aspektdən yanaşsaq, səhiyyənin inkişaf etmədiyi yerdə hər hansı bir sağlam mühitdən və sağlam cəmiyyətdən söhbət gedə bilməz. 
    Əminliklə demək olar ki, “sağlam vətəndaş, sağlam cəmiyyət” prinsipinin daim diqqətdə saxlanıldığı Naxçıvan Muxtar Respublikasında əhalinin sağlamlığının qorunması istiqamətində tibbi profilaktikanın genişləndirilməsi, eləcə də müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası həyata keçirilən sosial siyasətin başlıca istiqamətlərindən biridir. Muxtar respublikada insan sağlamlığının etibarlı qorunmasını təmin etmək, tibbi xidmətin keyfiyyətini daha da yaxşılaşdırmaq və çağdaş dövrün tələblərinə uyğunlaşdırmaq məqsədilə yüzlərlə səhiyyə obyektlərinin tikintisi və ya əsaslı təmiri aparılıb, rayon mərkəzi xəstəxanaları, qəsəbə və kənd sahə xəstəxanaları publik hüquqi şəxs statusu alıb, işçilərin əməkhaqları artırılıb. Muxtar respublikanın intensiv inkişafı və vətəndaşların sosial rifah halının daha da gücləndirilməsi əhali artımına da təsirsiz ötüşməmişdir. Belə ki, 1 yanvar 2021-ci il tarixə əhalinin sayı 2010-cu ilin sonu ilə müqayisədə 51,4 min nəfər artaraq 461,5 min nəfər olmuşdur.
    Bu gün səhiyyə sistemi qarşısında qoyulan əsas vəzifələrdən biri də tibbi xidmətlərin hər kəs üçün bərabər səviyyədə, əlçatanlığın təmin edilməsidir. Bu baxımdan muxtar respublikanın ən ucqar dağ kəndlərində belə sakinlərin müayinəsi və müaləcisi üçün bütün zəruri imkanlar yaradılmış, rayon mərkəzi və kənd sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri müasir tələblər səviyyəsində qurulmuş, ixtisaslı kadrlar yetişmişdir.

Sənaye iqtisadi inkişafın əsas 
lokomotividir

Müasir dövrdə çoxşaxəli iqtisadiyyatın formalaşdırılması və yeni mərhələyə qədəm qoymasının mühüm komponentlərindən biri də sənayenin üstün inkişafı ilə bağlıdır. Bu gün sənayeləşmə siyasətinə uyğun olaraq həyata keçirilən irimiqyaslı layihələr, bu sahədə formalaşdırılan əlverişli biznes və investisiya mühiti, habelə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması muxtar respublikada sənayenin daha sürətlə və innovativ inkişafına, aktiv dəstəklənməsinə münbit zəmin yaradıb. Təsadüfi deyil ki, dünyanın 70 ölkəsinin 5 mindən artıq şirkət və təşkilatını birləşdirən “Caspian European Club” regionların illik investisiya reytinqini müəyyənləşdirdiyi zaman Naxçıvan Muxtar Respublikası 2017 və 2018-ci illərdə ən yüksək ümumi bal toplayaraq liderliyə yüksəlib. Eyni zamanda bu gün sənayenin sürətli inkişaf yoluna qədəm qoyması muxtar respublikada əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə də geniş imkanlar açıb. Belə ki, 2011-ci ildən 1 iyul 2021-ci il tarixədək muxtar respublikada 33 min 364 yeni iş yeri açılıb ki, bu da məşğulluğun və əhali rifahının artırılmasına öz töhfəsini verib.
    Məlum olduğu kimi, ölkə başçısının 2019-cu il 13 sentyabr tarixli müvafiq Fərmanına əsasən bu sahənin davamlı inkişafı və yeni məhsul növlərinin istehsalı, sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, özəl sektorun davamlı inkişafının təmini və məşğulluğun artırılması məqsədilə Şərur Sənaye Məhəlləsi yaradılır. Şübhəsiz ki, bu ünvanda zəruri olan bütün infrastruktur obyektlərin inşa edilməsi özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın dinamik inkişafına əsaslı töhfə verəcəkdir. Bununla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2022-ci ilin “Sənaye ili” elan olunması ilə bağlı Sərəncamı da bu sahənin fəaliyyət istiqamətlərini daha da genişləndirmiş, sənayeləşmə prosesini daha da sürətləndirmişdir. “Naxçıvan Muxtar Respublikasında 2022-ci ilin “Sənaye ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”na əsasən innovasiyalara əsaslanan yeni müəssisələrin qurulması, rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının təbliği və təşviqi prioritet istiqamət kimi müəyyənləşdirilmişdir.
    Xüsusilə vurğulanmalıdır ki, Naxçıvan Muxtar Respublikası sənaye məhsulu istehsalının artım tempinə və sənayenin ümumi məhsulunun tərkibində özəl sektorun payına görə Azərbaycan Respublikasının digər iqtisadi rayonları ilə müqayisədə ön sıradadır. Sənayenin ümumi daxili məhsul istehsalında xüsusi çəkisi 2004-cü ildəki 10,6 faizdən 2021-ci ildə 27,1 faizədək yüksəlmiş, 400-dən çox sənaye müəssisəsi fəaliyyətə başlamışdır. Əlavə olaraq 2022-ci ilin birinci yarım ili ərzində ümumi daxili məhsul istehsalının həcmi 1 milyard 363 milyon 982 min manatdan çox olub ki, bu da bir il öncəki göstəricidən 2,2 faiz çoxdur. 

Muxtar respublikada əldə olunan
 sosial-iqtisadi tərəqqi turizmin inkişafı üçün böyük perspektivlər yaradıb

Naxçıvan Muxtar Respublikasının bu gününü dünənindən fərqləndirən əsas cəhətlərdən biri də turizmin kompleks və əsaslı inkişafı, fəaliyyət istiqamətlərinin daha da genişləndirilməsidir. Muxtar respublikanın əlverişli coğrafi mövqeyi, füsunkar təbiət müxtəlifliyi, müasirlik və tarixiliyi özündə ehtiva etməsi, o cümlədən təhlükəsiz region kimi müsbət imic formalaşdırmaqla son illərdə həm İslam Mədəniyyətinin, həm də Azərbaycanın Gənclər Paytaxtı seçilməsi, beynəlxalq rəsm, idman festivallarına və digər əhəmiyyətli tədbirlərə uğurla ev sahibliyi etməsi turistlərin diyarımıza olan maraqlarını və səfər etmələrini   daha da artırmaqdadır.
    Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması və Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi qədim diyarımızda yeni turizm istiqamətlərinin də formalaşmasına və görülən işlərin davamlılığının təmin edilməsinə geniş imkanlar yaratmaqdadır. Qeyd edilməlidir ki, bu gün muxtar respublikamızda ənənəvi turizm növləri ilə yanaşı, dini-ziyarət, müalicə, kənd və idman turizmi də mükəmməl infrastruktur və insanların marağının artması nəticəsində perspektivli bir sahəyə çevrilməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu sahənin inkişafının əhəmiyyətini ön plana çəkərək demişdir: “Zəngin mədəni-tarixi irsə və əlverişli şəraitə malik olan Naxçıvan Muxtar Respublikasında turizmin əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda muxtar respublikada iqtisadi-sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür”. 
    Naxçıvan Muxtar Respublikasının perspektivli turizm diyarına çevrilməsi həm də muxtar respublikada əmin-amanlıq şəraitində təhlükəsizliyin və ictimai-siyasi sabitliyin mütləq surətdə qorunması ilə sıx bağlıdır. Bu gün turistlər o yerlərə səfər edirlər ki, orada təhlükəsizlik yüksək səviyyədə qorunsun, əmin-amanlıq hökm sürsün. Məlum olduğu kimi, dünyanın müxtəlif bölgələrində baş verən müharibələr, münaqişələr, terrorçuluq hadisələri və qarşıdurmalar səyahət zamanı haqlı olaraq təhlükəsizlik faktorunu bir daha ön plana çıxarır. Bu istiqamətdə profilaktik tədbirlərin həyata keçirilməsinin nəticəsidir ki, muxtar respublika cinayətkarlığın səviyyəsi baxımından ən stabil regiona çevrilmiş, cinayət hadisələrinin sayı dəfələrlə azalmışdır. Dünyanın ən məşhur səyahət jurnalı olan “Vanderlast”ın Naxçıvan şəhərini səyahət edilə biləcək 50 ən təhlükəsiz və gözəl şəhər sırasına daxil etməsi də, bu mənada, başadüşüləndir.

Çətin blokada sınağından perspektivli 
gələcəyə doğru…

İqtisadi və sosial sahələrdə təkcə son 10 il ərzində qazanılan böyük uğurlar, blokada şəraitində təmin olunan makroiqtisadi sabitlik və dayanıqlı inkişaf muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin ideyalarına söykənən məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu bir daha təsdiq edir. Bu dövr ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə yalnız iqtisadi sahədə deyil, eyni zamanda ordu quruculuğu, elm, təhsil, mədəniyyət, idman, turizm, bir sözlə, bütün istiqamətləri əhatə edən institusional islahatlar aparılmış, nəticə etibarilə, vətəndaşların sosial müdafiəsi daha da gücləndirilmişdir. Mövcud reallıqlara hər zaman ən yüksək qiymət  verən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev demişdir: “Naxçıvanın inkişafı daim diqqət mərkəzindədir. Naxçıvan rəhbərliyi çox uğurla, səmərəli işləyir. Naxçıvanın siması dəyişir. Bu gün Naxçıvan nəinki Azərbaycanda, bölgədə, dünya miqyasında ən abad şəhərlərdən biridir. Təkcə şəhərdə yox, bütün bölgələrdə də quruculuq, inkişaf işləri gedir”.

Arif BAYRAMOV 
Naxçıvan Muxtar Respublikası Dövlət 
Miqrasiya Xidmətinin mətbuat və 
ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi

Məqalə “Könlüm Naxçıvan” yaradıcılıq 
müsabiqəsinə təqdim olunmaq üçündür

Nəşr edilib : 19.09.2022 19:40