AZ EN RU

Mütəmadi yağan qar bizə bol su vəd edirmi?

Məlumdur ki, ötən il muxtar respublika kəndləri su sarıdan bir sıra çətinliklər yaşayıb. Bəs bu il necə? Mütəmadi yağan qar bizə bol su vəd edirmi? “Şərq qapısı” qəzetinin əməkdaşı Nail Əsgərov mövzuyla bağlı araşdırma aparıb

Yanvar ayının ikinci həftəsindən etibarən ölkəmizin hər yerində, o cümlədən Naxçıvanın ən ucqar dağ kəndlərindən tutmuş ta ki şəhərədək yağan qar böyükdən-kiçiyə hər kəsin sevincinə səbəb olub. Balacalar bu bəmbəyaz təbiət gözəlini əyləncə növünə çevirib sevinirsə, böyüklər, xüsusilə də təsərrüfatla, əkin-biçin işləri, heyvandarlıq sahələri ilə məşğul olanlar bar-bəhərli bərəkət rəmzinə, Uca Yaradanın ruzi payına şükranlıqlarını ifadə edir, ürəkdən şadlıq hissi keçirirlər. Bəli, qar bərəkət, bolluq simvoludur, ulu babalarımız əbəs yerə “Qışın qarı, yazın barı” ifadəsini işlətməyiblər. Xüsusilə də dünyada müşahidə olunan qlobal iqlim dəyişiklikləri, temperaturun yüksəlməsi, su ehtiyatlarının azalması, çaylarda sululuğun aşağı düşməsi, əhalinin sürətli artımı, ölkəmizdə iqtisadiyyatın, kənd təsərrüfatı sahələrinin inkişafı sudan qənaətlə istifadəni zəruri etdiyi bir zamanda...

Yağan qarın suvarma suyuna tələbatın ödənilməsi baxımından təsiri barədə sualımızı Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin su ehtiyatlarından istifadə şöbəsinin müdiri Səttar Nəsirov cavablandıraraq deyir ki, son günlərdə muxtar respublikada yağıntıların çoxluğu su anbarlarında toplanan su ehtiyatlarının artmasına imkan verəcək. Belə olan təqdirdə isə suvarma mövsümündə bitkilərin suya olan tələbatı daha yaxşı ödənəcək. Bu da imkan verəcək ki, kənd təsərrüfatı sahələrində dirçəlmə prosesləri uğurla getsin, əkin-biçin ərazilərindən daha bol məhsul əldə olunsun.

Qarın əkinçiliyə faydalarından danışan Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Nigar Abdullayeva isə qeyd edir ki,  qış aylarında qarın yağması və uzun müddət yerdə qalması torpaqlarda kifayət qədər nəmlik yaradır. Bu da, əsasən, payız taxıl əkinlərinə, çoxillik əkmələrin yaz becərmələrində və inkişafında əsaslı rol oynayır. Yağıntıların hissə-hissə yağması taxıl əkinləri ilə yanaşı, meyvə bağlarının da inkişafına müsbət təsir göstərir. Yəni yağan qar-yağışın meyvə bağlarının kök sistemi tərəfindən tədricən mənimsənilməsi və ehtiyat nəmliyin yaradılması gələcəkdə bağın inkişafına səbəb olur. Torpaq mülkiyyətçiləri bilməlidirlər ki, yağıntıların davamlığından, əsasən də, fevral ayında qar yağmasından, torpaqda qalmasından istifadə etməklə həmin müddətdə taxıl əkinlərinə karbamid gübrəsinin verilməsinin böyük əhəmiyyəti olacaqdır... 

Təbii ki, qış aylarında qarın davamlı yağması yaz-yay aylarında şirin su ehtiyyatlarının artması baxımından nə qədər müsbət təsir göstərsə də, bu hal qənaətsizliyə, sui-istifadəyə yol açmamalıdır. Nəzərə alsaq ki, ölkəmizdə son illərdə aqrar sahənin inkişafına həm hökumət, həm də əhali tərəfindən böyük diqqət yönəldilib, ilboyu minlərlə hektar ərazidə əkin-biçin işləri aparılır, o zaman daha çox su sərfiyyatının yarandığı suvarmada israfçılığın qarşısının alınması üçün əsas şərtlərdən biri kimi, səmərəli metodların tətbiqi ön plana çıxır. Digər tərəfdən, suvarma prosesində ədalətli bölgünün təmini də həm məhsuldarlıq, həm də suya qənaət baxımından olduqca vacib məsələdir. Məhz bu baxımdan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda, eyni zamanda proqrama uyğun hazırlanan 2023-2024-cü illər üzrə Təfsilatlı Tədbirlər Planında nəzərdə tutulan icrası vacib işlər həm dövləti, həm də əhalini düşündürən sözügedən aktual məsələnin həlli üçün geniş imkanlar açır. Tədbirlər Planının qəbulundan ötən müddətdə aidiyyəti qurumlar tərəfindən bu sahədə bir sıra işlərin görülməsinə başlanılıb... 

Suvarma suyuna bilavasitə məsul qurum kimi, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən artan tələbatın ödənilməsi məqsədilə keçirilmiş satınalma müsabiqələri uğurla başa çatıb. Tərəflər arasındakı müqavilə şərtlərinə uyğun olaraq Araz su anbarından Heydər Əliyev su anbarına suyun verilməsi məqsədilə yeni nasos stansiyasının və diametri 1200 millimetr olan 30 kilometr uzunluğunda qoşa boru xəttinin tikintisi, Əlincəçaydan su götürən və Culfa rayonunun ərazisindəki Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması həyata keçiriləcək. Eyni zamanda Arpaçay sağ sahil və sol sahil magistral kanallarının yenidən qurulması, Kəngərli rayonunun 3500 hektar torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Araz çayından qidalanan nasos stansiyalarının və təzyiqli boru xəttinin inşası reallaşdırılacaq. Artıq sadalanan istiqamətlər üzrə layihələndirmə işləri başa çatdırılıb. Bundan başqa, Babək rayonunun Nehrəm qəsəbəsinin ərazisində 1000 hektar torpaq sahəsinin su təminatını yaxşılaşdırmaq üçün “Araz-1” və “Araz-2” 2 pilləli nasos stansiyasının diametri 720 millimetr olan 18,8 kilometr uzunluğunda boru xətti yenidən qurulacaq. Layihələndirmə işləri başa çatdırılıb, ekspertizadan keçməsi üçün aidiyyəti quruma göndərilib. Həmçinin meliorasiya və irriqasiya sahəsində nəqliyyat-texnika parkının yenilənməsi ilə bağlı müqaviləyə əsasən təchizatçı tərəfindən müvafiq tədbirlərin icrasına başlanılıb...

Əminliklə, demək olar ki, ölkəmizin kənd təsərrüfatı sürətli inkişaf etmiş iqtisadi rayonlarından hesab olunan Naxçıvanda içməli və suvarma suyuna qənaət edilməsi, tələbatın səmərəli şəkildə ödənilməsi istiqamətində görülən qabaqlayıcı işlər və Uca Yaradanın bəxşişi bərəkət rəmzi qarın davamlı yağması yaz-yay aylarında çaylarda, göllərdə suyun çoxalmasına, o cümlədən əkinçiliyin, heyvandarlığın inkişafına yol açacaq. Çəkilən əməyə, zəhmətə xitabən qışın ruzi payının, yaz-yayın bar-bəhərinin bol olması, 2024-cü ilin ölkəmizə yeni iqtisadi uğurlar, nailiyyətlər gətirməsi diləyi ilə...

Nail ƏSGƏROV

Nəşr edilib : 31.01.2024 10:40