AZ EN RU

Mütaliə ruhun mənəvi qidası, mənəvi kamilliyə və müdrikliyə aparan yoldur...

    İnsanı kamilləşdirən, yüksək məqamlara çatdıran, digər varlıqlardan üstün edən onun zəkasıdır. Zəkanın fəziləti isə elmdə, elm isə kitablardadır. İnsan oxuyursa, deməli, həm də düşünür. Düşünmək isə var olmaqdır. Bu fikri ümumiləşdirdikdə, deməli, insanın özünü və dünyanı dərk etməsi üçün onun oxuması vacibdir. Kitab insan ruhunun müqəddəs yazısı, mənəvi qidasıdır. Hələ kitab çapının olmadığı zamanlarda insanlar fikirlərini daş, gil lövhələr, papirus kağızları üzərinə yazıblar. Daha çox şifahi xalq ədəbiyyatı şəklində nəsildən-nəslə ötürülən nümunələr bəşər tarixinin ən böyük kəşflərindən biri olan kitab çapının ixtira olunması ilə yeni bir dövrə qədəm qoyub. 1440-cı ildə alman ixtiraçı Johan Qutenberq metal lövhələrin köməyilə ilk dəfə çap üsulunu kəşf edib. Çap məhsulu olan kitab bəşəriyyətin ən böyük kəşflərindən biri kimi əhəmiyyətini bu gün də qoruyub saxlamaqdadır.

Mütaliənin faydaları 

Kitab ruhun və zehnin qidasıdır. Davamlı mütaliə etmək insanın söz ehtiyatını çoxaldır, dünyagörüşünü artırır, stres və depressiyadan mühafizə edir. İdman fiziki gücümüzü artırırsa, mütaliə də zehnimizi gücləndirir, düşüncələrimizi bəsləyir, yaddaşla bağlı yaranacaq xəstəliklərin qarşısını alır. Cəmiyyətə sağlam şəkildə adaptasiya olmaq, sosial münasibətlərə davamlılıq, qərar qəbuletmə və  dinləmə bacarığının yolu məhz kitablardan keçir. Xüsusilə müasir dövrdə insanların böyük problemi olan ünsiyyətsizlik və özünəqapanma kimi problemlərin aradan qaldırılmasında kitabların rolu əvəzsizdir. 
    Deyirlər ki, kamil insan bildiyi qədər danışar, anladığı qədər susar. Bilginin qaynağı isə kitablardır. Nitqin inkişafında, düzgün danışıq qabiliyyətinin formalaşmasında mütaliənin rolu əvəzsizdir. Kamil nitq isə uğurun ilkin pilləsidir.
    Mütaliə insanın xəyal dünyasını da zənginləşdirir, təsvir bacarığını gücləndirir. Hər hansı bir tarixi dövrü və ya psixoloji vəziyyəti tərənnüm edən əsəri mütaliə edərkən oxucu, obraz və personajları düşüncə tərzinə görə yaradıb, rənglərə boyayır, bəzən isə hadisələrin gedişatına tamamən özü istiqamət verir. Bu isə insanın hadisələrin mahiyyətinə nüfuzetmə qabiliyyətini artırır.

Mütaliə zövqümüzü necə formalışdıraq

İstər sosial şəbəkələrdə, istərsədə ətrafımda tez-tez “Oxumaq vərdişi necə yaradılmalıdır?” sualı ilə qarşılaşıram. Üstəgəl, bu sualı daha çox gənc analar və tələbələr ünvanlayır. Uşaq tərbiyəsində belə bir fikir var: “Uşaqlarınızı tərbiyə etməyə çalışmayın, onsuz da onlar sizə oxşayacaqlar, özünüzü tərbiyə edin”. Biz uşaqlarımızın güzgüsü, onlar isə bizim əksimizdir. Deməli, əvvəlcə özümüzü tərbiyə etməliyik. Uşaqların şəxsiyyətləri formalaşana kimi onlar valideynin, evdəki böyüklərin hərəkətlərini təqlid edirlər. Təsadüfi deyil ki, uşaqlar körpə vaxtlarından telefona, planşetə meyil edir, hətta onlar olmadan yemək belə yemirlər. Mütəxəssislərin fikrincə, hamiləlik zamanı ananın yediyi qida uşağa təsir göstərdiyi kimi, onun keçirdiyi emosional hallar, oxuduğu kitablar, qulaq asdığı musiqilər də uşağa eyni şəkildə təsir edir. Odur ki, körpə hələ doğulmamışdan əvvəl onun tərbiyəsi ilə məşğul olmaq lazımdır.  Beşikdə ikən körpənin dinlədiyi laylalar, nəğmələr, nağıllar onların şüuraltına yerləşir. Əgər uşaq hələ körpə vaxtından valideyninin əlində kitab görərsə, o da kitaba maraqlı olacaq. Uşaq da mütaliəyə həvəsli yetişəcək.  
    Uşaqlar böyüdükcə onların kitab vərdişinin formalaşması bağça və məktəbdə davam edir. Artıq sərbəst oxumağa başladıqları zaman özləri müstəqil olaraq kitab seçir, mütaliə edirlər. İlk olaraq vərdiş kimi formalaşan kitab mütaliəsi zamanla mənəvi tələbata çevrilir. Bəzən dərslikdən başqa heç bir bədii ədəbiyyat oxumayan uşaq artıq mütaliə edə bilməyəcəyini düşünür. Lakin bu, doğru yanaşma deyil. Mütaliəyə başlamaq heç vaxt gec deyil. Әsas odur ki, maraq dairənə uyğun kitab seçə biləsən.

Çox oxuyan çox bilər, ya çox gəzən?

Uşaqlıqdan “çox gəzən çox bilər” fikri hamımıza tanışdır. Etiraf edim ki, məndə əvvəllər bu fikrin doğruluğuna inanırdım, ta ki Möminə xatın türbəsinə ilk gedişimə qədər... Haqqında heç nə bilmədiyim  bu abidə nə qədər kobud səslənsə də, mənim üçün adi bir tikili bağışlamışdı, heç bir xüsusi məna kəsb etməmişdi. Lakin tarix kitabında bu möhtəşəm abidə haqqında öyrənəndən sonra Möminə xatın türbəsinin tariximizdəki dəyərini, onun möhtəşəmliyini, əzəmətini dərindən dərk etdim və anladım ki, hər hansı bir tarixi dövr, məkan və hadisələr haqqında məlumatın olmadığı halda həmin yerləri dəfələrlə ziyarət etməyin, gəzməyin heç bir mənası yoxdur. Bilik hər şeyin təməl sütunudur. O kitabların müqəddəs səhifələrində gizlənib. Bu baxımdan Azərbaycan tarixinə həsr edilən kitabların mütaliəsi hər yaşda vacibdir. Bunun üçün də oxumalıyıq ki, tariximizə, mədəniyyətimizə yaxından bələd olaq.
    Bu vərdişi özündə formalaşdırmaq istəyən oxucular ilk olaraq hansı janrın onlara maraqlı olduğunu müəyyənləşdirməli və oxuyacaqları kitabların siyahısını tərtib etməlidirlər. Mütaliə edən zaman səhifə sayı və oxuma müddətinin uzun olması vacib deyil. Әsas məsələ hər gün davamlı olaraq az da olsa, oxumaqdır. Oxumaq çox tez vərdiş halına gələn xoş bir məşğuliyyətdir. Gündə bir neçə səhifə oxumağa başladığınız zamanla bu say artacaq. Kitab oxuyarkən şəxsi qeydlər aparmaq, kitab haqqında fikirlərinizi ayrılıqda qeyd etmək onu daha yaddaqalan edəcək. Mütaliəni sevən bir kitab həvəskarı kimi deyə bilərəm ki, mütləq şəkildə oxuduğunuz kitablarla öz şəxsi kitabxananızı qurmağa çalışın. Çünki kitablar nə qədər göz önündə olarsa, sizi oxumağa bir o qədər həvəsləndirər. Kitabxana elə bir xəzinədir ki, gün keçdikcə onu daha da zənginləşdirmək istəyirsən və həmin kitablar evin bir hissəsində, öz şəxsi kitabxananızda olduğu zaman daim diqqətinizdə qalır, onu yenidən oxumaq istəyirsiniz.
    Mütaliə etmək üçün milli ədəbiyyatımızdan başlamaq daha məqsədəuyğundur. Çünki bir çox xarici ədəbiyyat nümunələri mənsub olduğu xalqın milli-mənəvi düşüncələrini, psixologiyasını, adət-ənənələrini təzahür etdirir. Bu kimi dəyərlər bizə yad olduğu üçün bəzən yeni mütaliəyə başlayan oxucu sıxılır və kitabdan uzaqlaşır. Bundan əlavə, “əvvəl evin içi, sonra çölü” məsəlini əsas götürərək vurğulamaq istərdim ki, hər birimiz milli ədəbiyyat nümunələrimizi, tarixi romanlarımızı, xalq dastanlarımızı oxumalı, övladlarımıza öyrətməli, daha sonra dünya ədəbiyyatı nümunələrinə yer verməliyik.
    Çox kitab oxumaq insana zərər verməsə də, düzgün mövzuda seçilməyən kitab psixologiyamıza mənfi təsir edə bilər. Bu hallara, xüsusilə uşaq və yeniyetmələrdə, emosional həssaslığı olan oxucularda rast gəlmək mümkündür. Bu mənada, uşaqlara kitab alarkən həmin kitabın mövzusu haqqında məlumatlı olmaq lazımdır. Təəssüf ki, bəzən üz qabığı və ya adı cəlbedici olan bəzi kitablar uşaqların şüuraltına şiddət və zorakılıq yeridir, xalqımızın milli-mənəvi və əxlaqi dəyərlərini aşılamır. Bu kimi ədəbiyyat nümunələrinə xarici ölkə ədəbiyyatlarında daha çox rast gəlmək mümkündür. Odur ki, uşaqlarımıza kitab alarkən üstünlüyü Azərbaycan ədəbiyyatına, nağıl və dastanlarımıza verməliyik. Bu nümunələr xalqımızın milli-mənəvi, əxlaqi dəyərlərini özündə ehtiva edərək gənc nəslin sağlam ruhda və zəngin mənəviyyatda yetişməsi üçün vacib örnəkdir.

Oxunması zəruri olan kitablar
və ya mütaliəyə yenidən qayıdış

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” imzaladığı 2017-ci il 28 avqust tarixli Sərəncamla təsdiq edilən “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan Azərbaycan və dünya ədəbiyyatının ən gözəl nümunələri yaşından və tutduğu mövqedən asılı olmayaraq, hər kəsin mənəvi zənginliyini artıran, həyata daha geniş pəncərədən baxmağa sövq edən, mədəni ünsiyyətə, məntiqli nitqə kökləyən dəyərli mənbələrdir. Tövsiyə olunan kitablar mədəniyyətimiz, tariximiz, milli kimliyimiz haqqında dolğun məlumat verməklə yanaşı, oxucuların hərtərəfli formalaşmasına müsbət təsir göstərir. Məktəblilər və gənclər arasında siyahıda olan kitabların müzakirələrinin keçirilməsi, oxu günlərinin təşkil olunması, mütaliəyə kütləvi marağın artması bir daha təsdiq etdi ki, Ali Məclis Sədrinin Sərəncamı kitaba, mütaliəyə qayıdış baxımından mühüm əhəmiyyət və dəyər kəsb edir. 
    ...Mayası layla və nəğmələrlə yoğrulan xalqımız zəngin ədəbiyyat tarixinə və mükəmməl ədəbiyyat nümunələrinə malikdir. Bir çox dünya ədəbiyyatı nümunələrinin qaynağı və ideyası da elə Azərbaycan ədəbiyyatıdır. Bu nümunələrə marağın artırılması, həmçinin Azərbaycan və dünya ədəbiyyatının sanballı nümunələrinin mütaliə olunması, milli-mənəvi dəyərlərimizin gənc nəslə aşılanması üçün oxuyaq, oxumağı təbliğ edək. Çünki kamilləşmək, müdrikləşmək üçün mütaliə günün tələbinə, mənəvi zərurətə çevrilməlidir.

Lalə ALLAHVERDİYEVA
“Şərqin səhəri” qəzetinin məsul katibi

Nəşr edilib : 22.06.2022 20:38