AZ EN RU

“Mütaliə Günü” ilə əlaqədar “Asudə vaxt və mütaliə” mövzusunda tədbir

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birlikdə “Asudə vaxt və mütaliə” mövzusunda tədbir keçirmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Gənclər təşkilatı və gənclərlə iş şöbəsinin mütəxəssisi Fatimə Yusifli açaraq bildirmişdir ki, Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev kitaba və mütaliəyə həmişə böyük dəyər vermişdir. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Asudə vaxtın səmərəli təşkili üçün mütaliəyə marağın artırılması” və biblioqraf Nəzmiyyə Həsənova “Gənclərdə mütaliə vərdişlərinin formalaşması” adlı mövzularla çıxış edərək qeyd etmişlər ki, insan gənclik illərində daha çox mütaliə etməyi sevir. Gənclərin maraqları müxtəlif cür olur. Bəziləri hər hansı bir elm sahəsinə, digəri qəhrəmanlıq, vətənpərvərlik, başqa biri isə məhəbbət və s. mövzularda olan ədəbiyyatlara meyl edirlər. Gənclərin mütaliəsini düzgün istiqamətləndirmək üçün kitabxanaçı böyük rol oynayır. Kitabxanaçı oxucunun maraqlarını düzgün istiqamətə yönləndirilməsində əsas vasitəçidir. Asudə vaxtını mütaliə etməklə dəyərləndirən gənclərdə özünü ifadə etmə bacarıqları inkişaf edir və dünyaya baxış tərzi dəyişir. Mütaliə cəmiyyət həyatının bütün sahələrinin inkişafını tənzimləyən vasitə, insanın həyat yoluna işıq saçan bir bələdçidir. Bu baxımdan kitabın və mütaliənin mahiyyəti aşılanmalı, cəmiyyətin inkişafında, formalaşmasında əvəzsiz rolu olan kitabların funksiyasının artırılmasına böyük əhəmiyyət verilməlidir.

Sonra mövzu ətrafında suallar cavablandırılmışdır.

Tədbirin sonunda mütaliə ilə bağlı “Kitab sənə nə verir” adlı videoya baxış olmuşdur.

Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun əməkdaşları və üzvləri iştirak etmişdir.

 

Naxçıvan Muxtar Respublikası

Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 14.08.2023 12:39