AZ EN RU

“Mütaliə Günü” ilə bağlı növbəti tədbir keçirilmişdir -foto

Gənclər Mərkəzində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının təşkilatçılığı ilə “Mütaliə Günü” ilə əlaqədar “Mütaliə mənəvi və mədəni sərvətləri öyrənmə vasitəsidir” adlı tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun gənclər təşkilatları və gənclərlə iş üzrə mütəxəssisi Fatimə Yusifli açaraq bildirmişdir ki, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, bir çox hallarda isə həyat yolunun müəyyənləşməsində mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir. Daima mütaliə edən insan mənəvi cəhətdən zəngin və ən yüksək əxlaqi keyfiyyətlərə malik olur. İnsan cəmiyyətdə sahib olduğu məlumatların yarıdan çoxunu oxumaqla əldə etmiş olur. Mütaliəni çox edən insanlar həm düşüncə, həm bacarıq, həm də digər baxımdan başqalarından fərqlənirlər. Əgər insan mütaliə nəticəsində nəyisə öyrənirsə, o insanda həm inam, həm də yüksək bacarıq formalaşır.

Sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Milli mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılmasında mütaliənin rolu” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının abonement şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Mütaliə mədəni və estetik zövqləri formalaşdırır” adlı mövzularla çıxış edərək qeyd etmişlər ki, böyüməkdə olan nəslin mənəvi, intellektual və estetik inkişafında mütaliənin rolu danılmazdır. Mütaliə insanları maarifləndirir, ümumi mədəni səviyyəni yüksəldir, dünyagörüşünü genişləndirir, yaradıcı potensialı üzə çıxarır. İnsanın xəyal dünyasını zənginləşdirir, təsvir bacarığını gücləndirir. Ən təsirli tərbiyə vasitəsi olan mütaliənin düzgün təşkili, düzgün əxlaqi davranış motivlərinin də tərbiyə edilməsində mühüm rol oynayır. Milli-mənəvi dəyərlərimizin qorunmasında, Azərbaycançılıq məfkurəsinin geniş təbliğ olunmasında, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsində mütaliə əvəzsiz vasitədir. Azərbaycan mədəniyyətinin inkişafına və milli mənəvi dəyərlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Heydər Əliyev də kitaba və mütaliəyə həmişə böyük dəyər vermişdir. Kitabı mənəvi zənginliyin və elmlərə yiyələnməyin mühüm açarı hesab edən Ulu öndər daima gəncləri və ətrafındakı insanları mütaliə etməyə, kitabla həmsöhbət olmağa dəvət etmiş, həyatda kamil insan kimi yetişməyin, zəngin biliklərə yiyələnməyin yeganə yolunun mütaliədən keçdiyini söyləmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun üzvləri və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin

 mətbuat xidməti

Nəşr edilib : 15.08.2022 10:24