AZ EN RU

“Mütaliə aylığı”na yekun vurulub

    Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilən “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Muxtar respublika məktəblərində yaradılan şəraitin şagirdlərin mütaliəyə cəlb edilməsinə, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar açdığını bildirən təhsil naziri bu istiqamətdə görülən tədbirlərdən danışıb. Qeyd olunub ki, 2019-cu ildən Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Cari tədris ilində də muxtar respublikada kitab müzakirələri, dram, inşa, şeir, sürətli oxu müsabiqələri, şagirdlərlə şair və yazıçıların görüşləri, konfrans, dəyirmi masa və görkəmli ədiblərin muzeylərindən interaktiv dərslər və digər tədbirlər keçirilib. Bu tədbirlərə, ümumilikdə, 20 mindən çox şagird cəlb olunub. Bununla yanaşı, ümumtəhsil məktəblərində kitabxanaların fəaliyyətinin gücləndirilməsi məqsədilə kitabxanaçılar üçün kurslar da təşkil edilib.
    Təhsil naziri “Mütaliə aylığı” çərçi­vəsində keçirilən müsabiqələrin qaliblərini təbrik edib.
    Bədii hissə ilə davam edən tədbirdə məktəblilər Ümummilli Lider Heydər Əliyevə həsr olunan şeirləri bədii qiraət ediblər. Həmçinin “Məktəblilərin dram müsabiqəsi”ndə I, III yerlərin qalibləri tərəfindən tamaşalar nümayiş olunub, “Məktəblilərin milli musiqi və rəqs müsabiqəsi”nin, “Gənc istedadlar müsabiqəsi”nin I yerlərinin qalibləri çıxışlar ediblər. 
    Tədbirdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Gənc Heydərçilər” dərnəyinin üzvləri  elm, təhsil, məktəb, müəllim, kitab və mütaliə haqqında fikirlər səsləndiriblər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 02.05.2023 22:37