AZ EN RU

“Mütaliə aylığı”na yekun vurulub

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş“Mütaliə aylığı”nın yekunu ilə bağlı aprelin 29-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  tədbir keçirilib. 
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, şagirdlərin kütləvi olaraq mütaliəyə cəlb edilməsi üçün 2019-cu ildən etibarən  Təhsil Nazirliyi tərəfindən aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Cari tədris ili üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq aprel ayı ərzində müxtəlif tədbirlər keçirilib. Bu tədbirlərə, ümumilikdə, 20 mindən çox şagird cəlb olunub. Bununla yanaşı, ümumtəhsil məktəblərində kitabxanaların fəaliyyətinin gücləndirilməsi məqsədilə kitabxanaçılar üçün kurslar da təşkil edilib.
    Təhsil naziri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin  2017-ci il 28 avqust tarixli  “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının yeniyetmə və gənclərin Azərbaycançılıq ideologiyasına bağlı, Vətənə, xalqa sədaqət ruhunda tərbiyəsində mühüm rol oynadığını qeyd edərək göstərdiyi diqqət və qayğıya görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
    Nazir “Mütaliə aylığı” çərçivəsində təşkil edilən müsabiqələrin qaliblərini təbrik edib.
    Tədbirdə Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Dürdanə Quliyeva, Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Əmir İmanov çıxış edərək muxtar respublikada məktəblilərin təhsili üçün yaradılan nümunəvi tədris şəraitindən və  mütaliə aylığının əhəmiyyətindən danışıblar.
    Tədbirdə “Mütaliə aylığı” çərçivəsində keçirilən müsabiqələrin qaliblərinə, şeir, hekayə yazan, kitabı çap olunan şagirdlərə diplomlar təqdim olunub.
    Sonra “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərdən ibarət videoçarxa baxış olub. Tədbir məktəblilərin  iştirakı ilə təşkil olunan bədii hissə ilə davam edib.
    Sonra tədbir iştirakçıları kitab sərgisinə baxıblar.

Naxçıvan Muxtar Respublikası 
Təhsil Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 29.04.2022 21:26