AZ EN RU

“Mütaliə aylığı” çərçivəsində “Oxu günü” adlı tədbir keçirilib

    Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı” çərçivəsində “Oxu günü” adlı tədbir keçirilib.
    Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, mütaliənin şagirdlərin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması məqsədilə aprel ayı ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilib. Bu ay çərçivəsində bir sıra tədbirlər keçirilir. “Oxu günü”nün də məqsədi şagirdlərdə mütaliəyə diqqətin artırılması, onlar arasında oxu vərdişlərinin inkişaf etdirilməsidir.
     Tədbirdə şagirdlərə mütaliə etdikləri  “Oxunması zəruri olan kitabların Siyahısı”nda olan əsərlər barədə məlumat veriblər.  
    Tədbirdə Azərbaycan şairlərinin şeirləri də şagirdlər tərəfindən bədii qiraət olunub, həmçinin şagirdlər kiçik parçalar da səhnələşdiriblər. Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin rəsm və əl işlərindən ibarət sərgi də təşkil edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil
  Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 26.04.2022 19:46