AZ EN RU

“Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlərə 20 mindən çox şagird cəlb olunub

Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet istiqamət təşkil edir. Hazırda hərtərəfli inkişaf  yoluna qədəm qoyan muxtar respublikamızda təhsil sahəsinə də böyük qayğı göstərilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin infrastrukturu yenilənib, şagirdlərin hərtərəfli biliklərə yiyələnmələri üçün zəruri şərait yaradılıb. Təhsil müəsissələrində infrastruktur quruculuğu aparılarkən  məktəblərin kitabxanaları da zəruri avadanlıqlarla təchiz olunub, fondu zənginləşdirilib, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülüb. Bunun nəticəsidir ki, hazırda məktəb kitabxanalarında 3 milyona yaxın dərslik, 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat var.

Yaradılan şəraitdən səmərəli istifadə olunmasını, eləcə də mütaliənin şagirdlərin formalaşmasında, milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir.

2018-2019-cu tədris ilindən Naxçıvan Muxtar Respublikası  Təhsil Nazirliyi tərəfindən şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq aprel ayları muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edilir. Cari tədris ilində də aprel ayı muxtar respublikanın ümumtəhsil məktəblərində “Mütaliə aylığı” elan edildi. Əvvəlki illərdə olduğu kimi bu tədris ilində də “Mütaliə aylığı” çərçivəsində keçirilən tədbirlər istedadlı şagirdlərin üzə çıxarılmasında, biliklərinin artırılmasında mühüm rol oynamaqla yanaşı, onlarda mütaliəyə marağın yaradılmasına, vətənpərvər, dünyagörüşlü formalaşmasına öz töhfəsini verdi.

Mütaliə aylığı çərçivəsində müxtəlif tədbirlər - kitab müzakirələri, dram, inşa, şeir, esse, “Sürətli oxu”, “Gənc istedadlar” ikinci yaradıcılıq müsabiqələri, konfrans, dəyirmi masa, poeziya günü, oxu günü, yazıçılarla görüş, imza günü, kitab bağışlama aksiyası, interaktiv, nümunəvi və açıq dərslər, eyni zamanda ümumtəhsil məktəblərinin şagirdlərinin Naxçıvanşünaslıq Mərkəzinə və Muxtar Respublika Kitabxanasına ekskursiyaları təşkil olundu. “Ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans və ümumtəhsil məktəblərinin kitabxanaçıları üçün 3 günlük təlim, dərnək rəhbərlərinə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Sürətli oxu” kursu yaradıldı. Aylıq çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə tariximiz, mədəniyyətimiz və milli kimliyimiz haqqında dolğun məlumat verən, gənc nəslin həyat yolunun müəyyənləşdirilməsinə və dünyagörüşünün artırılmasına xidmət edən oxunması zəruri olan kitabların siyahısına daxil olan əsərlərin  də  şagirdlər və müəllimlərin iştirakı ilə müzakirəsi keçirilib. Gənc müəllimlərin iştirakı ilə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan “Pedaqoji fikir tarixindən” kitabının müzakirəsi təşkil olundu.

Aylıq çərçivəsində keçirilən  “Oxu günü”  tədbirində  şagirdlər  mütaliə etdikləri   “Oxunması zəruri olan kitabların siyahısı”nda olan əsərlər barədə məlumatlar verib, Azərbaycan şairlərinin şerləri də şagirdlər tərəfindən bədii qiraət olunub, “Gənc istedadlar”  müsabiqəsinin  qaliblərindən  Sabrina Mədətova, Sevgi Poladqızı, Gülay Əlizadə, Dəniz Abdullazadə və digərləri öz əsərləri haqında iştirakçıları məlumatlandırıblar. Həmçinin tədbirdə şagirdlər  Cəlil Məmmədquluzadənin “Anamın kitabı”, “Çay dəsgahı”, Mirzə Fətəli Axundzadənin “Heykayəti Müsyo Jordan və Dərviş Məstəli şah” əsərlərindən, Hüseyin  Cavidin “Azər” poemasından, Səməd Vurğunun “Vaqif”  dramından kiçik parçalar da səhnələşdiriblər.     

Nəzərdə tutulan tədbirlərin ardıcıl və mütəşəkkil şəkildə icrası ümumtəhsil məktəblərində mütaliənin kütləviliyinə və oxucu fəallığının artmasına səbəb olub. Ay ərzində keçirilən tədbirlərə ümumilikdə 20 mindən çox şagird cəlb olunub. “Kanal 35” Televiziyasında şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə silsilə verilişlər hazırlanıb və yayımlanıb. Bununla yanaşı, “Mütaliə ən təsirli tərbiyə vasitəsidir”, “Keçmiş və gələcək arasında körpü”, “Mütaliə bizə nə verir”, “Mütaliə mədəniyyəti”, “Sinifdənxaric oxunun əhəmiyyəti” mövzularında ümumtəhsil məktəblərinin müəllimlərinin iştirakı ilə televiziyada dəyirmi masa, “Kanal 35” Televiziyasında “Bir kitab, bir səhifə” layihəsi şagirdlər tərəfindən aparılmış, “Mütaliə vaxtı” verilişinin efir sayı artırılıb.

Aprelin 29-da isə “Mütaliə aylığı” ilə bağlı yekun tədbir keçirildi və ay ərzində keçirilən müsabiqələrdə qalib olan və fəal iştirak edən şagirdlər diplom və kitablarla mükafatlandırıldı.

                                                    Naxçıvan Muxtar Respublikası Təhsil

                                                     Nazirliyinin mətbut xidməti

Nəşr edilib : 11.05.2022 12:16