AZ EN RU

Müsyö, bura Afrika qitəsi yox, Azərbaycandır!

Yaxud “157 saylı qərəz” Fransa üçün yaxşı heç nə vəd etmir

    Qoca qitənin hegemonlarından olan Fransa növbəti dəfə anti-Azərbaycan siyasəti ilə gündəmə gəlib. Belə ki, cari il yanvarın 17-də Fransa parlamentinin yuxarı palatasında – yəni Senatda Azərbaycanın Qarabağda keçirdiyi son hərbi əməliyyatla  əlaqədar olaraq ölkəmizə qarşı sanksiyaların tətbiq olunması təklif edilib və 157 saylı qətnamə böyük səs çoxluğu – 336 senatın razılığı ilə qəbul olunub. Senatorlar, eyni zamanda “Avropa İttifaqının Azərbaycanla münasibətlərinə tam yenidən baxılmasına” və “Azərbaycandan neft-qaz tədarükünə embarqo qoyulması”na da çağırış ediblər.

    Makron Fransasının bu qərəzli addımı Azərbaycan üçün heç də təəccüblü deyil. Ermənidən daha çox erməni olmağa çalışan, erməni lobbisinə  qucaq açan Fransa lideri ölkəmizə qarşı çirkin xislətini hələ Vətən müharibəsi dönəmində də ortaya qoymuşdu. Azərbaycan Ordusu işğalçıya yerini göstərərkən bu münaqişənin sülh yolu ilə həll edilməsinə məsul olanlardan biri kimi uzun illər imzasına və sözünə hörmət etməyən Fransanı da utancdan xilas edirdi. Prezident Makron isə cidd-cəhdlə hərbi əməliyyatların dayandırılması tələbi ilə çıxış edirdi. Təcavüzkarı, işğalçını dəstəkləməklə nə dərəcədə “ədalətli” olmaq mümkün idisə, Fransa bunu həyata keçirdi. Bununla da qeyri-səmimiliyini, səbəbi aydın olmasa da,  Azərbaycana qarşı olan kin və nifrətini ortaya qoydu. Bununla kifayətlənməyən Makron hökuməti 2023-cü ilin avqust ayında ermənilərin süni surətdə ortaya atdıqları cəfəng kampaniyaya da dəstək verdilər: “Guya Azərbaycan Qarabağ ermənilərini blokadaya alıb və onları acından öldürür”. Tələm-tələsik uzaq Parisdən bacılarına “yardım karvanı” yola salsalar da, bu çirkin niyyət Azərbaycanın dəmir iradəsinə tuş gəldi. 
    Uzun sözün qısası, cənab Makron işğalı və Qarabağdakı “boz zona”nın varlığını əbədi etmək üçün dəridən-qabıqdan çıxsa da, buna nail ola bilmədi. İndi olan olub, keçən keçib, Azərbaycan haqq işini başa çatdırıb. Üçrəngli bayraq 86,6 min kvadratkilometrlik ərazimizdə dalğalanır. Gözləmək olardı ki, rəsmi Paris müharibədən və antiterror əməliyyatından sonra ölkəmizə qarşı olan siyasətini korrektə edəcək və münasibətlər yeni müstəvidə inkişaf edəcək. Amma Fransa son aylarda Azərbaycana qarşı heç bir açıqlaması olmayan çox çirkin və naqis hərəkətlərlə gündəmə gəldi. Bu ölkənin Azərbaycandakı səfirliyinin iki əməkdaşının diplomatik statusa uyğun olmayan hərəkətlərlə məşğul olduqlarına görə onların “persona non-qrata” – arzuolunmaz şəxs elan edilməsi, vandalizm aktı kimi Parisdə Xan qızı Natəvanın heykəlinin təhqir olunması, bu yaxınlarda azərbaycanlı qadın jurnalistin guya casusluq etməsi ilə bağlı saxlanılması, nəhayət, Fransa parlamentində 157 saylı qətnamənin səs çoxluğu ilə qəbul edilməsi, ölkəmizə qarşı sanksiyaların tətbiqinin təklif edilməsi onsuz da gərgin olan Fransa-Azərbaycan münasibətlərini pik həddə çatdırdı. Bəs nədir görən müsyö Makronun qarın ağrısı? Azərbaycan haqq işini başa çatdırıb, döyüş meydanında ədaləti bərpa edib. Bu bizim coğrafiyadan çox-çox uzaqdakı Parisi niyə narahat edir? Fransa cəmiyyətindəki hökumətə qarşı olan narazılıqların baş alıb getdiyi, demək olar ki, hər gün kütləvi nümayişlərin, aksiyaların təşkil olunduğu, Afrika qitəsində nüfuz və dayaqlarının kifayət qədər sarsıldığı bir ölkə özünə umac ova bilmir, qonşusuna əriştə kəsir. 
    Silkələnib özünüzə gəlməyin vaxtıdır. Cənubi Qafqazla Afrika qitəsini səhv salmaq olmaz. Azərbaycan sərvətlərini taladığınız, terrorizmin lokallaşdırılması adı altında illərdir, qoşun saxladığınız, insan resurslarını və sərvətlərini acgözlüklə talayıb Eyfeldə kef çəkdiyiniz qara qitəyə bənzəmir. Bu regionda söz sahibi Azərbaycandır. Onun imzası və razılığı olmadan heç bir siyasi və iqtisadi layihə icra olunmur. Rəsmi Paris ən yaxşı halda ritorikasına və hərəkətlərinə çəki-düzən verməlidir. Axı siz həm də “mədəni qitə”nin sakinlərisiniz. 
     O ki qaldı qəbul olunan qətnaməyə və sanksiya layihəsinə bu, Azərbaycan üçün boş bir kağız parçasından başqa bir şey deyil. Diqqətli oxucularımız yaxşı xatırlayar ki, Fransa parlamentində 2022-ci ilin son günlərində də buna bənzər bir qətnamə qəbul olunmuş, nəticədə isə itirən yenə də parislilər olmuşdur. Sadəcə, fərq orasındadır ki, bu dəfə daha çox senat – 336 müsyö Azərbaycana qarşı qılınc çəkib. Belə çıxır ki, bu təkcə Makronun siyasəti deyil, Fransadakı bütün siyasi mərkəzlərin, partiyaların ümumi xəttidir.
    Daha bir gülüşdoğuran məsələ: qətnamədə təklif olunur ki, Avropa İttifaqındakı ölkələr Azərbaycandan neft-qaz tədarükünə embarqo qoysunlar. Fransa parlamentarilərinə 2023-cü il ərzində Azərbaycan Prezidentinin iş qrafikini, daha doğrusu, Avropaya enerji nəqli ilə bağlı qitəyə etdiyi çoxsaylı səfərləri xatırlatmaq istəyirik. Bu gün ölkəmiz regionda və Avropada etibarlı tərəfdaş kimi qəbul edilir, onun təbii sərvətlərindən istifadə məmnunluq doğurur. 
    Haqlı olaraq, 157 saylı qərəzli qətnamə ilə bağlı Azərbaycan Milli Məclisi və Qərbi Azərbaycan İcması da bəyanat yayaraq bu qətnaməni pisləyib. Sitat: “Azərbaycanla bağlı gülünc ittihamlar irəli sürən Fransa Senatı qoy “Fransada niyə tez-tez az qala vətəndaş müharibəsi yaşanır”, “Fransa niyə Korsika dilini qadağan edir”, “Fransa ordusunun Niger, Mali, Burkino Fasoda nə işi var”, “Fransa nə üçün özündən min kilometrlərlə uzaqda yerləşən əraziləri hələ də müstəmləkə asılılığında saxlayır” kimi suallara cavab versin”. Sitatın sonu.
    Gəl gör ki, daim qərəzli addımları ilə gündəmdə olan, ədalət məfhumundan xəbərsiz olan belə bir ölkə son illərə qədər vasitəçi simasında Azərbaycan-Ermənistan münasibətlərinin nizama salınması ilə bağlı keçirilən görüşlərdə iştirak edib. Hansı sima və səmimiyyətlə? Bu, ritorik sualdır.

Muxtar RZAZADƏ
 

Nəşr edilib : 19.01.2024 16:33