AZ EN RU

Müştəri məmnuniyyəti halal zəhmət sahiblərinə böyük zövq verir

Ailə təsərrüfatlarımız

    Diyarımızda qədim tarixi olan arıçılıq aqrar sahənin qədim və gəlirli təsərrüfat növlərindən biridir. Bu sahə ilə  muxtar respublikamızın, demək olar ki, hər yerində məşğul olurlar. Buna əlverişli iqlim şəraiti, zəngin bitki örtüyü imkan verir. Elə ki yaz gəldi, arılar qış yuxusundan oyanır, yaşıl çəmənlərə, bağlara üz tutur, min bir rəngli gül-çiçəkdən şirə çəkirlər. Arının və onlara qulluq edən insanların zəhməti sayəsində  əldə edilən Naxçıvan balı özünəməxsus dadı və keyfiyyəti ilə seçilir. Sevindiricidir ki, bu gün arıçılığın inkişafına göstərilən dövlət qayğısı diyarımızda bu sahə ilə məşğul olan ailə təsərrüfatlarının sayını artırır. 

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 18 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2017-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında arıçılığın inkişafı üzrə Dövlət Proqramı”nın icrası, Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal satış yarmarkası” da arıçılar üçün geniş imkanlar açır.  Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin məlumatına istinad etsək, deyə bilərik ki, 1 yanvar 2022-ci il tarixə muxtar respublikada 100 min 86 arı ailəsi mövcud olub. Bu da 2017-ci ilin sonu ilə müqayisədə 40,8 faiz çoxdur. Həmçinin 2021-ci ildə muxtar respublikada 1506 ton bal istehsal edilib ki, bu da 2017-ci illə müqayisədə 5,8 faiz artım deməkdir. 
     Uzun illərdir ki, arıçılıqla məşğul olan ailə təsərrüfatçılarından biri də Vaqif Məmmədovdur. Naxçıvan şəhərində yaşayan müsahibimlə elə onun təsərrüfat sahəsində  həmsöhbət oluram. Müsahibim deyir ki, 1979-cu ildən arıçılıqla məşğuldur: – Doğrusunu deyim ki, hələ o vaxtlar bu maraqlı peşə sahibləri çox az idi, həm də arıçılıq haqqında az məlumat var idi. 10 arı ailəsi aldım və beləcə, bu işə başladım. İndi özümü bu maraqlı peşə ilə məşğul olmadan təsəvvür edə bilmirəm. Hazırda 170 arı ailəm var. Bal, çiçək tozu, mum, vərəmum kimi arıçılıq məhsulları tədarük edirəm. Ötən il hər arı ailəsindən, təxminən, 5 kiloqram bal, ümumilikdə isə 80 kiloqram çiçək tozu tədarük etmişəm. Müştəri məmnuniyyəti mənə böyük zövq verir. Belə ki, bal, çiçək tozu alan müştəri razı qaldıqda çəkilən zəhmətin boşa getmədiyini hiss edirəm. Bir də ki, muxtar respublikamızda arıçılığın inkişafına göstərilən xüsusi diqqət, bu sahə üçün subsidiyaların, ehtiyac olan dərman vasitələrinin pulsuz verilməsi mənim kimi digər təsərrüfat sahiblərini daha da həvəsləndirir.  
    Yazda arı ailələrinə qulluq qaydalarından danışan müsahibim qeyd etdi ki, arıçılıq zəhmət, diqqət tələb edən bir təsərrüfat sahəsidir. Bunun üçün bir sıra bilgilərə malik olmalısan.  Mart ayından başlayaraq ailələrə qulluq etmək lazımdır ki, yaxşı məhsuldarlıq əldə edə biləsən: – Bu il də arı ailələrinə  yaz baxışı keçirərkən zəif arı ailələrini təsbit edərək birləşdirib, anasız ailələri müəyyən edib tədbir görüb, istiliklə təmin etmişəm. Qışlamanı yaxşı keçirən ailə uçuşu yaxşı, anasız, xəstəliyə tutulmuş, yemi qurtarmış ailələr uçuşu pis keçirirlər. Belə ailələri müayinə edib və uçuşa mane olan səbəbləri aradan qaldırmaq lazımdır. Yuvanın istiləşdirilməsi ilə arıların zəifliyinin qarşısını alır və onların çoxalmasını təmin edirik. Sürətlə çoxalma üçün yemləməni hər gün, yaxud günaşırı aparırıq. Müalicə-profilaktik yemləmə ananın yumurtaqoyma fəaliyyətini daha da sürətləndirir. 
    Arıçı deyir ki, əsasən, yerli arı cinsləri saxlamaqla məşğul olur: 
    – Yerli arı cinsləri həm iqlim şəraitinə yaxşı uyğunlaşır, həm də qışlamanı rahat şəkildə keçirirlər. Bu günlərdə arı ailələrini Naxçıvan şəhərindən çıxarıb aparacağam Şahbuz rayonu ərazisində olan Daylaqlı, Zərnətün, Batabat yaylağına – gül-çiçəyin bol olduğu yerlərə. Orada ətirli çiçəklərdən, təbii bitkilərdən şirəçəkən arıların ərsəyə gətirdiyi bal dadlı və keyfiyyətli  olur.  
    Vaqif Məmmədovun sözlərinə görə, arıçı üçün əldə etdiyi məhsulları satmaq da onun işə həvəsinin yaranmasında mühüm rol oynayır: – Naxçıvan şəhərində keçirilən “Arıçılıq məhsulları – bal” festivalı, eləcə də yarmarkalar köməyimizə çatıb. Belə tədbirlər arıçılıq məhsullarının  satışı və təbliği üçün çox böyük əhəmiyyətə malikdir. 2016-cı ildə keçirilən festivalda “Ən yaxşı arıçılıq məhsulları – bal” nominasiyası üzrə birinci yerə çıxmışam. Arıçı bir qədər keçmişə qayıdaraq deyir ki, hələ birinci  dəfə keçirilən bal satışı yarmarkasında bir çox arıçıların özlərində belə, çiçək tozu tədarük edilməsi haqqında məlumat yox idi. Hazırda isə çiçək tozu tədarük etməyən arıçı yox dərəcəsindədir. 
    Müsahibim 2017-ci ildə Dünya Arıçılar Birliyi Federasiyası tərəfindən iki ildən bir təşkil edilən, arıçılıq və turizm sektoru baxımından əhəmiyyət daşıyan, sayca 45-ci olan Apimondia Konqresində iştirakından da danışdı: – Bu tədbir dünya arıçılarının yığıncağı idi, muxtar respublikadan ilk dəfə mən iştirak etmişəm. Burada arıçılar dünyada arıçılıq təsərrüfatının bütün maraqlı tərəflərini, beynəlxalq platformada hazırkı elmi, texnoloji və istehsalat araşdırmalarını paylaşıb, elmi əlaqələr qurmaq imkanı əldə edirlər. Öyrəndiyim bir çox məlumatı da öz işimdə tətbiq edib və uğurlu nəticələr qazanıram. 
    Arıçılıq məhsullarının insan orqanizminin sağlamlığı baxımından faydaları barədə müsahibim qeyd edir ki, bal immuniteti gücləndirir, arı sancması isə bel ağrılarında əvəz­olunmaz vasitədir. Hazırda arı sancması ilə bel ağrılarının müalicəsinin tətbiqi ilə məşğul olmağı düşünürəm. 
    Qeyd edək ki, Naxçıvan şəhərində hər il ənənəvi olaraq təşkil edilən festivallarda, satış yarmarkalarında iştirak edən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin arıçılarla görüşü, onların fəaliyyəti ilə maraqlanması, tövsiyə və tapşırıqlarını verməsi arıçıların fəaliyyətinə böyük stimul yaradır. Həmçinin muxtar respublikamızda arıçılığın elmi əsaslarla öyrənilməsinə diqqət artırılması, bu sahədə maarifləndirici seminarlar və beynəlxalq konfransların  təşkili arıçıların bol və bərəkətli məhsul almasında onlara kömək edir. 

Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 20.05.2022 19:27