AZ EN RU

“Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans

AMEA-nın Naxçıvan Bölməsində “Müstəqilliyin möhtəşəm 20 ili: uğurlar və çağırışlar” mövzusunda elmi konfrans olub.

Bölmənin sədri akademik İsmayıl Hacıyev konfransda giriş sözü söyləyib. Akademik bildirib ki, 15 oktyabr tarixində ölkə başçısı cənab İlham Əliyevin Azərbaycan Respublikası Prezidenti seçilməsinin 20 ili tamam olub. Azərbaycanın 2003-2023-cü illəri əhatə edən inkişafından söz açan alim qeyd edib ki, ölkənin xarici və daxili siyasətində, Qarabağ probleminin həllində göstərdiyi liderlik səriştəsi Prezident İlham Əliyevin Ulu Öndər Heydər Əliyev siyasi irsinin layiqli davamçısı olduğunun sübutudur.

Ötən 20 il ərzində ölkədə baş verən yenilikləri təhlil edən İsmayıl Hacıyev ordu quruculuğu, sənaye, iqtisadiyyat, sosial, mədəni və başqa sahələrdə aparılan islahatlardan, əldə olunan inkişafdan söz açıb. Vurğulanıb ki, ölkənin artan valyuta ehtiyatları, aparılan quruculuq işləri, ÜDM-in 4 dəfə artması Azərbaycanın sürətli inkişafının, artan gücünün və yürüdülən uzaqgörən siyasətin bəhrəsidir.

Akademik Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri layihələrinin uğurla reallaşdırıldığını xatırladıb. Qarabağ probleminin həlli ilə bağlı cənab İlham Əliyevin Prezident və Ali Baş Komandan kimi nümayiş etdirdiyi qətiyyətli mövqedən, gələcəyə hesablanmış siyasətin bugünkü uğurlu nəticələrindən danışıb.

“Ölkə başçısının dünən Xandəndidə Azərbaycan xalqına müraciəti, xalqımız, dövlətimiz üçün xüsusilə əlamətdar tarixi hadisədir”, - deyən bölmə sədri Prezident İlham Əliyevin dünya liderlərindən fərqli üstün bacarıq və mənəvi keyfiyyətlərindən danışıb.

Konfrans öz işinə məruzələrin təqdimatı ilə davam edib. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “20 ilin sosial-iqtisadi və mədəni inkişafı”, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “İlham Əliyevin xarici siyasəti dayanıqlı inkişafımızın təminatçısıdır”, Əlyazmalar Fondunun baş direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov “İlham Əliyev və Qarabağ problemi” mövzusunda məruzə ediblər.

Sonda İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımov “Şərq qapısı” qəzetinin 4 noyabr 2003-cü il tarixli sayında dərc olunmuş “Xalqın İlhamı” adlı şeirini səsləndirib.

Konfransa akademik İsmayıl Hacıyev yekun vurub.

AMEA Naxçıvan Bölməsinin

mətbuat xidməti

Nəşr edilib : 17.10.2023 15:37