AZ EN RU

Müstəqilliyin ilk illəri həm də Naxçıvanda ədəbi inkişaf və təşəkkülün başlanğıc dövrüdür

    Məlum olduğu kimi, 1990-cı illər ictimai-siyasi baxımdan çox ziddiyyətli, mürəkkəb bir dövrdür. Bu dövr həm də milli inkişaf və perspektiv etibarilə əhəmiyyətli bir mərhələnin təşkil edir. Bu illər, eləcə də özünəməxsus xüsusiyyətlərə malik ədəbi-bədii inkişaf mərhələsidir desək, yanılmarıq. Bu ədəbi mərhələ milli özünüdərk, istiqlaliyyət və yeni konseptual inkişaf etibarilə başlıca əhəmiyyət kəsb etməkdədir. Yeni milli inkişaf dönəminin başlanğıc mərhələsi olan bu illər ədəbiyyat üçün də yeni mərhələnin başlanğıcı, hətta onun əsaslı zəmini, təşəkkül mərhələsi hesab edilir.  

    Ümumiyyətlə, 90-cı illər Azərbaycan tarixi üçün mühüm mərhələdir və eləcə də tarixdə böhran illəri, “itirilmiş illər” kimi xarakterizə olunaraq qalmaqdadır. Lakin Naxçıvan üçün 90-cı illər yeni ictimai epoxanın, başlanğıcı, siyasi inkişaf və dövlətçilikdə müstəqillik mücadiləsi dönəmidir. Akademik İsmayıl Hacıyev yazır: “Azərbaycan tarixində 1991-1993-cü illər “itirilmiş illər” kimi xarakterizə olunur. Bu sözləri Naxçıvana aid etmək olmaz, çünki ulu öndər Heydər Əliyevin Naxçıvanda yaşaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləməsi Naxçıvanı gözləyən bəlalardan xilas etdi və qoruyub saxladı”. Görkəmli alimin fikirlərinə istinadən tam qətiyyətlə deyə bilərik ki, müdrik liderin Naxçıvanda olduğu 90-cı illər, nəinki Naxçıvan itirməkdən və blokadanın çətinliklərindən xilas etdi, həmçinin bu illərdəki ictimai-siyasi, milli müstəqillik və dövlətçilik hərəkatı, bütövlükdə, Azərbaycanda dövlət müstəqilliyinin qazanılması yolunda bir hərəkat və mücadiləyə çevrildi. 

    Bu illərdə yaranan böhran – ermənilərin Azərbaycana yeni torpaq iddiaları, Sədərəyə silahlı hücumdan başlayaraq Azərbaycan xalqına qarşı elan edilməmiş qanlı müharibə, 20 Yanvar faciəsinin baş verməsi, hakimiyyətin milli mövqe nümayiş etdirməməsi və başqa məsələlər ölkədə ciddi böhranla müşayiət olunmuşdu. SSRİ-nin imperiya niyyətinin təzahürü olaraq 20 yanvarda azadlıq, istiqlaliyyət naminə mübarizə aparan çoxmilyonluq Azərbaycan xalqına qarşı hərbi hücum həyata keçirməsi müstəqillik ideyasını qətiləşdirdi. Azərbaycanda düşmən qüvvələrin həyata keçirdiyi xain tədbirlərdən, 20 Yanvar faciəsindən xəbər tutan görkəmli dövlət xadimi Heydər Əliyev qətiyyət və cəsarət göstərərək Moskvada Azərbaycan nümayəndəliyinə gələrək jurnalistlər üçün brifinq keçirdi və buradan Azərbaycanda baş verən 20 Yanvar faciəsi barədə dünyaya məlumat yaymağa nail oldu. Dahi şəxsiyyət Heydər Əliyev mənsub olduğu xalqının, illərlə xidmət etdiyi Vətəni və dövlətinin yanında olmaq üçün 1990-cı il iyul ayının 20-də Azərbaycana, Bakı şəhərinə gəldi. Lakin o vaxt Azərbaycana rəhbərlik edən sovet imperiyasının əlaltıları onu doğma şəhərinə – qurub-yaratdığı Bakı şəhərinə düşməyə imkan vermədilər. Azərbaycan rəhbərliyinin görkəmli dövlət xadiminin doğma Vətənə gəlməsinin qarşısını almaq cəhdi ulu öndəri canı və qanı qədər sevdiyi, doğulub-böyüdüyü ata torpağına, o zaman erməni işğalçılarının torpaq iddialarının başında gələrək daha çox hücumlara məruz qalan, blokadaya salınaraq qazsız-işıqsız, yolsuz ölümə məhkum edilən Naxçıvana, naxçıvanlıların köməyinə gətirdi. 1990-cı il iyul ayının 22-də Naxçıvana gələn xalqın böyük oğlu Heydər Əliyevi Naxçıvan böyük sevinclə qarşıladı. Ulu öndər siyasi məktəbinin layiqli davamçısı və məsləkdaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Heydər Əliyevin fəal siyasətə QAYIDIŞI o dövrə təsadüf edir ki, daim xalq üçün döyünən, xalqı üçün yaşayan ürək gəzdirən bu böyük şəxsiyyətin susması daha mümkün deyildi. ...Moskvadan Naxçıvana QAYIDIŞ o dövrün bəzi qəzetlərində yazıldığı kimi əyalət mərkəzinə yox, VƏTƏNƏ QAYIDIŞ  idi; fəal siyasətə yenidən və fəal şəkildə, birmənalı, ardıcıl, qətiyyətli QAYIDIŞ idi”. 
    Buradan Azərbaycan Ali Sovetinə deputat və Naxçıvan Muxtar Respublikası Ali Sovetinə Sədr seçilən dahi siyasətçi Heydər Əliyev Naxçıvanda Azərbaycanın gələcək inkişaf və dövlətçilik yolunu təyin edəcək milli qərarlar verməyə nail oldu. Naxçıvan MSSR Ali Sovetinin noyabr sessiyasında qəbul edilən qərarlar Azərbaycan xalqının milli dirçəlişinin nüvəsini təşkil etdi. Belə ki, ilk dəfə Naxçıvan Ali Sovetin rəsmən bəyan etdiyi qərarla SSRİ-nin tərkibindən çıxdığını elan etdi. Sovet imperiyasının xain planlarına cavab olaraq həyata keçirilən bu milli tədbirin davamı kimi Naxçıvan MSSR adından onun sovet ittifaqına və sosialist quruluşuna mənsubiyyətini ifadə edən “sovet sosialist” sözləri çıxarıldı. Məhz elə həmin iclasda ulu öndərin sədrliyi və şəxsi təşəbbüsü ilə “Naxçıvan Muxtar Respublikası” elan edilən muxtar dövlətin ali orqanı olan Ali Sovet “Milli Məclis” adlandırıldı, Azərbaycanın qırmızı oraq-çəkicli sovet bayrağı endirilərək salona Azərbaycan Xalq Cümhuriyyətinin ay-ulduzlu üçrəngli bayrağı təntənəli surətdə gətirildi və Ali Məclisin üzərində qaldırıldı. Azərbaycan Respublikası Ali Sovetinə də göndərilən təkliflərdə artıq xalqın sovet imperiyasının asılılığından xilası və milli dövlətçilik quruluşu istiqamətində tövsiyələri yer almışdı. Məhz bu mühüm tarixi hadisələr Naxçıvan nümunəsini Azərbaycan xalqının dəstəkləməsi, nəhayət, 1991-ci il oktyabr ayının 18-də dövlət müstəqilliyinin elan edilməsi ilə nəticələndi.  Təəssüf ki, bu illərdə Azərbaycan xalqı yüzlərlə qurban vermək, böhran və sarsıntılar içərisində əzab çəkməklə bərabər, əzəli Vətən torpaqlarını da itirərək daha dərin bəlalara sürüklənirdi. Belə məqamda Azərbaycan xalqı üzünü Naxçıvana – Azərbaycanın xilaskarlıq ümidi olan dahi Heydər Əliyevə çevirmişdi və ondan davamlı kömək istəyirdi. Belə bir situasiyada, Azərbaycanın parçalanma və yoxolma təhlükəsi ilə üzbəüz olduğu bir şəraitdə xalqın təkidli tələbi ilə dahi şəxsiyyət Heydər Əliyev 1993-cü il iyun ayının 15-də Bakıya qayıtdı və Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətdə yer aldı. Xalq müdrik rəhbərin bu qayıdışını Azərbaycan tarixində Böyük Qayıdış və Xilaskarlıq missiyası olaraq qiymətləndirdi. 
    Ulu öndər Heydər Əliyevin Naxçıvandakı fəaliyyəti ağır blokada şəraitində yaşayan muxtar respublikanın bütün çətinliklərə sinə gərməsi və inkişafına imkanlar yaratdı. Dahi lider uzaqgörənlik və müdriklik nümayiş etdirərək nəinki muxtar respublikada əhalinin sosial-iqtisadi çətinlikdən xilas olmasına, həm də mədəni və mənəvi inkişafına da imkanlar yaratdı. Ulu öndərin rəhbərliyi altında Naxçıvanın dahi, müdrik şəxsiyyətlərinin yubileylərinin keçirilməsi, əsərlərinin çapı, təhsil və tədris şəraitinin yaxşılaşdırılması, teatr və müxtəlif mədəni sahələrin dirçəldilməsi istiqamətində davamlı və uzaqgörən tədbirlər həyata keçirilmişdi. Naxçıvan Dövlət Universitetinin 30 illik yubileyinin keçirilməsi də təhsil və elmin inkişafına göstərilən qayğılar sırasında idi. Belə bir mədəni dirçəliş şəraitində ədəbi mühitdə də inkişaf özünü təzahür etdirirdi. 
    Baş verən ictimai proseslər, müstəqillik uğrunda mübarizə hərəkatı, milli şüurda oyanış Naxçıvanda ədəbi mühitin formalaşmasına da güclü təsir göstərmişdir. 1991-ci ildən sonra ölkə­mizdə yaranan ədəbiyyat müstəqillik dövrü ədəbiyyatıdır. Amma bu da qəti bir fikirdir ki, Naxçıvanda müstəqilliyin tarixini 1990-cı ildən  – ulu öndər Heydər Əliyevin məhvərində uğurla dönən zaman çərçivəsindən hesablamaq daha doğru olar. Bu mənada,1990-cı illərdən başlayaraq Naxçıvanda yaranan ədəbiyyat müstəqillik dövrü ədəbiyyatı idi. Müstəqillik dövrü ədəbiyyatı istər keyfiyyətcə, mövzu və formaca, istərsə də məzmun və problemcə, istərsə də ideya və ideoloji konsepsiya cəhətindən fərqli və özünəməxsus idi. Hər şeydən əvvəl, müstəqillik dövrü ədəbiyyatı əvvəlki böhran illərinin ədəbiyyatında mövcud olan ideoloji konsepsiyasızlıqdan fərqlənir. Ulu öndər Heydər Əliyevin müdrik fikirləri və təcrübəsi üzərində müəyyənləşən konsepsiya sayəsində müstəqillik dövrü ədəbiyyatı Azərbaycançılıq məfkurəli konsepsiya üzərində yaranmağa və inkişaf etməyə başlamışdır. Bu mənada, akademik İsa Həbibbəyli müstəqillik dövrü ədəbiyyatı haqqında yazır: “Müstəqillik dövrünün Azərbaycan ədəbiyyatı müstəqil dövlət quran xalqın ədəbiyyatıdır və bütün dəyərləri, keşməkeşli həyat yolu, mübarizə və uğurları ilə bu həqiqətləri əks etdirir”. 
    Qətiyyətlə demək olar ki, ictimai şərait ədəbi inkişafın məhvəridir. Mövzu sifarişləri ictimai mühitdən ədəbiyyata daxil olaraq dövrün salnaməsini tərtib edir. Bu mənada, deməliyik ki, Azərbaycanın digər əraziləri ilə müqayisədə Naxçıvanda ədəbi mühit ulu öndər Heydər Əliyevin buradakı uzaqgörən dövlətçilik tədbirləri səbəbilə daha uğurla və qaynar inkişaf edirdi. Azərbaycanın digər regionlarında ədəbi mühitdə də böhran davamlı olaraq özünü hiss etdirsə də, Naxçıvanda ədəbiyyat adamları daha böyük ümidlə və inancla qələmə sarılaraq müxtəlif mövzularda əsərlər yaradırdılar. İctimai-siyasi böhran Azərbaycanın əsas hissəsində ədəbi inkişafın böhranına səbəb olsa da, Naxçıvandakı dövlətçilik tədbirləri yeni bir ədəbiyyatın – müstəqillik ideyaları ilə zəngin yeni bir düşüncənin və ədəbiyyatın formalaşmasına təkidli təsir edirdi. 
    Müstəqillik dövrü Naxçıvan ədəbi mühiti özünəməxsus inkişaf, mövzu və ideya-bədii keyfiyyətləri ilə səciyyələnir. Bu dövrdə Naxçıvan ədəbi mühitində tarixi-xronoloji cəhətdən mövzu-problematika olaraq torpaqların işğala məruz qalması, müharibə şəraiti və insan tələfatı problemləri olsa da, daha əzəmətli, daha əhatə ilə müşayiət olunan mövzu dahi Heydər Əliyevin xilaskarlıq missiyası və onun uzaqgörən, müdrik fəaliyyətinin tərənnümü və vəsfi, ona bəslənilən sonsuz ümumxalq məhəbbəti və gələcəyə olan intəhasız ümidlər təşkil edirdi. Bu dövrdə ədəbi mühitdə Kəmalə Ağayeva, Hüseyn İbrahimov, Həsən Fətullayev, Hüseyn Razi kimi ədəbiyyatın yaşlı nümayəndələri, o cümlədən Elman Həbib, Vaqif Məmmədov, İbrahim Yusifoğlu, Asim Yadigar, Xanəli Kərimli, Həsənağa Eyvazlı, Elmira Məmmədova və digər çoxsaylı ədəbiyyat adamları yaradıcılıq fəaliyyəti göstərirdilər. Onların bir çoxu həm bilavasitə ictimaiyyətlə birlikdə ulu öndərin əhatəsində milli dövlətçilik və müstəqillik uğrunda göstərilən fəaliyyətdə həmrəylik nümayiş etdirir, həm də bu fəaliyyətdən doğan amal, ideya və təəssüratları öz yaradıcılıqlarında əks etdirirdilər. Bu dövrdə ədəbiyyat həm mövzu-problem, məzmun baxımından, həm də forma etibarilə inkişaf nümayiş etdirir, ənənə ilə bərabər novatorluq da təzahür olunurdu. Bu mərhələdə poeziya digər sahələrə nisbətdə daha fəal inkişaf edir, ictimai hadisələrə, yaranmış problemlərə, ictimai duyğulara daha çevik reaksiya göstərirdi. Poeziyanın inkişafında həm xalq ədəbiyyatının, həm də klassik ədəbiyyatın ənənələrinə sədaqətlə bərabər, dünya poeziyasının mütərəqqi ənənələrindən də faydalanmaq, novatorluq özünü təzahür etdirirdi. Hüseyn Razinin, Kəmalə Ağayevanın, Elman Həbibin, Vaqif Məmmədovun, Asim Yadigarın, İbrahim Yusifoğlunun və digər şairlərin poeziyasında ümumi ədəbi mühitin keyfiyyət və xüsusiyyətləri uğurla təzahürünü tapırdı. Hüseyn İbrahimov, Həsən Fətullayev kimi qocaman yazıçılarla bərabər, Həmid Arzulu, Akif Axundov, Güllü Məmmədova, Akif İmanlı, Sona Teymurbəyli və başqa yazıçıların simasında bədii nəsr də öz inkişafından qalmır, maraqlı nəsr əsərləri, dövrün ab-havasına uyğun mövzu və problemlər, yaddaqalan qəhrəman və xarakterlər ortaya çıxırdı. Bu, inkişafın və bədii nəsrin dövrə, zamana fəal reaksiyasının təzahüründən doğurdu ki, aktual mövzu və problemlərin başlıca yer aldığı maraqlı roman və povestlər də yaranırdı. Az da olsa, dramaturgiyaya da müraciət edilir, maraqlı dram əsərlərilə dövrün ümumi məsələləri və mənzərəsinə öz münasibətini bədii şəkildə göstərməyə çalışırdı. Bu baxımdan tam əminlik və qətiyyətlə deyə bilərik ki, 1990-cı illər, ümumiyyətlə isə müstəqillik dövrünün ədəbi inkişafında ulu öndər Heydər Əliyev obrazı və onun şəxsiyyətinə, fəaliyyətinə, quruculuq və tərəqqi missiyasına, onun təzahürlərinə həsr olunan mövzu və əsərlər digərlərindən daha qabarıq, daha fəal olmuş və başlıcalıq təşkil etmişdir. Ümumiyyətlə isə Naxçıvan ədəbi mühiti müstəqillik dövründə mövzu-ideya istiqamətində yaddaqalan yeniliklər qazanmışdır. Həmin dövrdə analitik düşüncənin məhsulu olan əsərlərin bolluğu, mövzulara yeni baxış prizmasından yanaşma, azad Vətən probleminin estetik ideaların əsasında dayanması diqqəti çəkir. 
    Beləliklə, 90-cı illər Naxçıvan ədəbi mühiti üçün yeni təşəkkül və inkişaf mərhələsini təşkil edir. Bu inkişaf və təşəkkülün məhvərində isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən fəaliyyəti və müdrik qərarları dayanır. Azərbaycan xalqının tarixi taleyi və müstəqillik dövrü mücadiləsi fonunda ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası və liderlik obrazı bədii əksin ön planında yer tutur. Tam qətiyyətlə demək olar ki, müstəqillik dövrü Naxçıvan ədəbi mühitinin inkişafla müşayiət olunan ədəbi prosesində baş obraz Vətən – Azərbaycanın özü, ana mövzusunu isə azadlığına qovuşan Vətənin o illərdəki problem və qayğıları təşkil edirdi. 

Nurlana ƏLİYEVA
“Naxçıvan” Universitetinin rektoru,
filologiya üzrə fəlsəfə doktoru, dosent

Nəşr edilib : 09.06.2022 19:06