AZ EN RU

Müstəqilliyin ən gözəl töhfəsi

Əlincə duruşlu, Dədə-Qorqud yurdu Sədərək

    Ulu Öndər Heydər Əlİyеv: Mən 1990-cı ildə Naxçıvana gələndə yaşayış məntəqələrinə ilk gedişim Sədərək rayonuna oldu. Yəqin ki, onu da xatırlayırsınız. Mən Naxçıvana gələndən 3-4 gün sonra Sədərəyə gəldim. Nə üçün Sədərəyə? Çünki bu bizim həm ucqar yaşayış məntəqəmizdir, rayonumuzdur, həm də ki insanlar burada ermənilərin hücumundan, onların atəşlərindən çox əziyyət çəkmişdilər... Mən bir neçə gün idi ki, Naxçıvana gəlmişdim. İlk çıxışımı Sədərəkdə etdim. Məhz buna görə, sədərəklilərin qəhrəmanlıqlarına görə, Azərbaycan torpağının bu ucqar yerində, sərhədində möhkəm dayandıqlarına görə və göstərdiyi şücaətə görə mən buraya gəldim.
Uca dağların dövrəyə aldığı, işğalçı ölkə ilə cəmi bir neçə metrdə yerləşən Sədərək rayonunun adı çəkiləndə qəlbində Vətən sevgisi, damarında azərbaycanlı qanı daşıyan hər bir kəsin xəyalında qəhrəman bir yurd canlanır. Əlincə duruşlu, Dədə-Qorqud yurdu Sədərək Dəmir qapı Dərbəndidir Naxçıvanın. Bir vaxt vardı kiçik bir kənd idi, indi isə gözəlliyi ilə göz oxşayır. Həmin kiçik kənd olan illərdə onun adını, oğullarının qəhrəmanlığını bütün dünya duydu. Möcüzəyə bənzəyirdi yüzlərlə silahlı erməninin hücumunun qarşısının bir qrup əliyalın könüllü tərəfindən kəsilməsi. Amma biz bunu bacardıq. Naxçıvanlılar düşmən qabağında əyilmədilər. Sədərəyin daşı-torpağı yurdumuzun hər yerindən gələn igidlərin qanı ilə sulandı, amma bir qarışı belə düşmənə verilmədi. Səngərdə bir igid şəhid olurdusa, beşi onun silahına sarılır, səngərə can atırdı. Ağır silahlardan atılan mərmilər kəndi xarabaya çevirmişdi. 

    Ötən əsrin 70-ci illərində salınan qəsəbə tamam dağıdılmış, sovetlər dönəmində Ulu Öndərin göstərişi ilə inşa edilən şərabçılıq zavodu, əhalinin əsas dolanışıq mənbəyi olan gül istixanaları, üzüm plantasiyaları yerləyeksan edilmişdi. Elə gün olurdu ki, onlarla igid şəhid olurdu Vətən uğrunda, amma iradəsi sınmırdı naxçıvanlıların. Bu iradə Vətən sevgisindən, torpaq məhəbbətindən, ən əsası isə Ulu Öndərin yurdumuza qayıdışından güc alırdı və daha da böyüyürdü. Dahi rəhbərin gəlişi səngərdəki əsgərə də, evindən didərgin düşən Sədərək camaatına da güc və ümid verirdi. Onun Sədərəkdə döyüş mövqelərindəki oğullarla və “Dəhnə” adlandırılan ərazidə çadırlarda yaşayan sakinlərlə görüşü hələ də yaddaşlardadır və qürurla xatırlanır. Həmin illərdə ermənilər ağzının payını alıb yerinə necə otuzdurulubsa, indi Naxçıvana tərəf baxmağa belə cürət etmirlər. 
    Bu gün Sədərəyi Vəli dağından seyr edəndə yaşıllıqlar içində müasir gözəl bir rayon mərkəzi, abad evlər, axarlı-baxarlı həyətlər, güllü-çiçəkli küçələr görürük. Vaxtilə xarabaya dönmüş bu elimizin bugünkü gözəlliyini seyr edə-edə axşamın sərin çağında dahi rəhbərin adını daşıyan qəsəbədə salınmış istirahət parkında əyləşən bir neçə sakin ilə həmsöhbət oluruq. 
    Sədərək döyüşlərinin iştirakçısı İlham Abdullayev Vətən müharibəsi şəhidi Tağı Abdullazadənin atasıdır:
    – 1990-cı il özü ilə bərabər fəlakətləri də gətirmişdi sanki. 70 illik bir imperiyanın əcəl zəngi Naxçıvanda çalınmazdan bir neçə gün əvvəl sərhədimizə qəfil hücum olmuşdu. Soyuq, şaxtalı qış günündə kişilər silaha sarılıb Vətəni müdafiə edir, qadın, qoca və uşaqları isə kənddən çıxarmış, Dəhnədə qurulan çadırlarda yerləşdirmiş, bəzilərinin isə Şərur rayonunun kəndlərində qohum-tanışın evlərinə yollamışdıq. Vəziyyət dözülməz olsa da, əlimizdəki ov silahları ilə döyüşürdük. Hamı bir oldu çiyin-çiyinə verib yurdumuzu, qeyrət qalamızı qoruduq. Təkcə Sədərəkdən yox, Naxçıvanın başqa kəndlərindən də gələn el oğulları bir qarış torpağa can qurban etdilər. Həmin illərdə çətin də olsa, Ulu Öndərin ətrafında sıx birləşib düşmənə aman vermədik.
    Xatirimdədir, Onun Sədərəyə gəlişi. Öz canını təhlükəyə ataraq qızğın döyüşlərin getdiyi vaxtlarda belə kəndə gəlib döyüşçülərlə, kənd sakinləri ilə görüşürdü. Kəndin mərkəzində yerləşən, kənd camaatının “Gümbəz” adlandırdığı çayxanada, Dəhnədə məskunlaşan insanlarla həmsöhbət olub onların yanında olduğunu bildirməsi hamımızda ruh yüksəkliyi yaratmışdı. Onun hər kəlməsi bizə güc verirdi. Canımızı Ulu Öndərə qurban verməyə hazır idik. Biz çox yaxşı bilirdik ki, ermənilərin ağzının payını Kremldə belə verməyi bacaran Heydər Əliyev dühası yurdumuzun işğalının qarşısını alacaq. Onun sovet idarəçiliyindən uzaqlaşdırılması ilə baş qaldıran erməni fitnəkarlığı elə Onun yumruğu ilə də məhv olacaq. Dahi rəhbər müharibənin şiddətli vaxtlarında döyüş meydanına çevrilən Sədərəyə gəlməklə xalqı birliyə, dözümlülüyə səsləməklə bu yurdu düşməndən qorudu. O bununla da kifayətlənməyib döyüşlər gedə-gedə 70 ildir, ayrı düşdüyümüz qardaşlarımızla əlaqə yaratdı və ümidlərin gerçəyə döndüyü körpünün açılması üçün əlindən gələni etdi. Həmin illərdə bizim səsimizi heç kim eşitmirdi, kar olmuşdu sanki dünya... Xalqın əbədi oğlu Araz çayı üzərindəki körpü tam hazır olmasa da, türkiyəli jurnalistlərin Sədərəyə gəlməsinə şərait yaratdı, mətbuat nümayəndələri gəlib erməni vəhşiliyini çəkib dünyaya göstərdi. Müstəqilliyini yeni qazanmış Azərbaycanı hələ də tanımayanlar dahi rəhbərin bu səyi ilə başımıza gətirilənləri gördü. Xalqın xilaskarı “Ümid” körpüsünün açılışında və Yeni Azərbaycan Partiyasının yaradılması münasibətilə də Sədərəyə gələndə kənd camaatı ilə görüşdü. Sonrakı illərdə O, Azərbaycan Prezidenti seçildi və ondan sonra da Naxçıvana səfərlərində Sədərəyə gəldi. Biz dahi rəhbərin ruhunu daim minnətdarlıq hissi ilə anırıq. 
    “Bəli, naxçıvanlılar Ulu Öndərə o qədər inanırdılar ki, Onun sayəsində işıqlı gələcəyə çıxacaqlarına əmin idilər”, – deyən Novruz Əliyev söhbətimizə qoşuldu və bildirdi ki, sovetlər dövründə bu torpağın bərəkətliliyi, təbii sərvətləri, insanların əməksevərliyi yurd yerimizin inkişafına o qədər də təsir göstərə bilməyib.Vətənimiz bir ictimai quruluşdan digərinə keçdikdən, müstəqillik əldə etdikdən sonra bir çox problemlərimizin həll olunması üçün zaman gərəkdi. Ulu Öndərimizin Naxçıvana gəlişi ilə qədim diyarda möhtəşəm dəyişikliklərin, inkişafın əsası qoyuldu. Biz bu canlanmanın birbaşa şahidi və iştirakçısı olduq. Ulu Öndərin gəlişi ilə başlanan yeni inkişaf dövrünü qədirbilən sədərəklilər bu gün böyük minnətdarlıq hissi ilə həmişə qeyd edirlər. Çünki məhz həmin tarixdən etibarən Naxçıvanın hər bir bölgəsi kimi Sədərək də öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Ən çətin günlərimizdə Ulu Öndərin buraya gəlib bizlə həmrəylik nümayiş etdirməsi kiçikdən-böyüyə hamıda ruh yüksəkliyi yaratdı. Tarix hər şeyi öz səhifəsinə yazır. Bu xalq onu satanları da, qoruyub bu günə çıxaranları da yaxşı tanıyır. Top mərmilərinin yağış kimi yurdumuza yağdığı, səngərdə döyüşəndə başımızın üstündən keçən mərmilərin evlərimizin üstünə düşüb xarabaya çevirdiyi və əzizlərimizi öldürdüyü vaxtlarda Onun Sədərəyə gəlməsi bizə ruh yüksəkliyi verirdi. O olmasa idi, biz də Qarabağdakı soydaşlarımızın taleyini yaşayacaqdıq, indi Sədərək də yox idi, Naxçıvan da... Dahi rəhbər Sədərəyi “Qeyrət qalası” adlandıranda biz hamımız yaxşı dərk edirdik nə demək istədiyini. Yaxşı bilirdik ki, “dəmir qapı” Sədərək əldən getsə, qeyrətimiz də gedəcək, namusumuz da, torpağımız da. 
     Sədərək kənd sakini Nadir Məmmədov: 
    – Müstəqilliyini yenicə qazanmış Azərbaycanın ayrılmaz hissəsi, “kiçik torpaq” ovaxtkı rəhbərlərin idarəsizliyi ucbatından itirilmək üzrə ikən bir Günəş doğuldu Azərbaycanımızın – Naxçıvanımızın səmasında. O böyük insan, xalqımızın dəyərli oğlu, Ümummilli Liderimiz Heydər Əliyev idi. Naxçıvanlılar Ona özləri qədər inanır, bizi işıqlı sabaha aparacağına əmin idilər. Elə belə də oldu... İndi Azərbaycanın döyünən ürəyi Naxçıvanın alınmaz qalası Sədərək də dahi rəhbərin siyasətindən pay alıb, gözəlləşib, düşmənə gözdağı olub, dosta qürur yaşadır. Ulu Öndər Azərbaycanda siyasi hakimiyyətə gəldiyi ilk gündə də, Naxçıvanda Ali Məclis Sədri olduğu dövrdə də, Azərbaycan Prezidenti seçiləndən sonrakı illərdə də diyarımızda görülən işləri yaxından izləyir və müxtəliftipli müəssisələrin açılış mərasimlərində iştirak etmək üçün muxtar respublikanın rayonlarına səfər edirdi. Onun cəbhə bölgəsi olan Sədərək kəndinə göstərdiyi qayğı və diqqət bugünkü Sədərəyin mövcudluğuna stimul olub. Məhz Sədərək rayonunun yaranması və inkişafı da Ümummilli Liderimizin adı ilə bağlıdır. Sədərəkdə kimi danışdırsan, onun mütləq dahi rəhbərlə bağlı hansısa xatirəsi var. Çünki hər gəlişində uşaqdan-böyüyə hər kəs Ulu Öndərlə görüşə tələsirdi, çıxış edəcəyi meydanlar, keçdiyi yollar insanlarla dolurdu. Kimisi düşmən hücumu nəticəsində dağılan evinin külləri arasında haradasa salamat qalan xalçasını Onun keçəcəyi yola sərir, kimisi isə tək var-dövləti olan quzusunu Onun ayağı altında qurban kəsirdi. 
    Qalib İsmayılov Ucubizdə, Kərkidə, Mil təpəsində, Qaraağacda döyüşüb. O dedi: –  Soyuq bir qış günündə başlayan döyüşlərdə silahımız, isti geyimimiz olmasa da, qəlbimizi isidən Vətən sevgimiz var idi. Səngərdə “haralısan?” sualı yox idi, təkcə Vətən var idi. Hamımız yaxşı dərk edirdik ki, qeyrət qalamız Sədərəkdir, onu itirsək, bütün Naxçıvanı təhlükəyə atarıq. Hamı bir olub, əlbir olub, bir hədəfə, düşmənə qarşı döyüşürdü. Elə gecə olurdu ki, səhərə qədər nəfəs belə almadan döyüşürdük. Həmin günlərdə Ulu Öndər Heydər Əliyev xalqa televiziya ilə müraciətində qədim diyarın qeyrətli oğul və qızlarını Vətəni daha cəsarətlə qorumağa səslədi. Nə yaxşı ki o vaxt Ulu Öndərimiz Naxçıvanda idi. Onun gəlişi ilə torpaq azad nəfəs almağa başladı. İnsanlarda inam, qətiyyət, qələbə hissi baş qaldırdı. Hamımız yaxşı bilirdik O, xalqına həmişə sadiq olub, həmişə bu xalq üçün fədakarcasına çalışıb. Bu Onun həyatının mənası olub. Sovetlər dönəmində Ulu Öndər mərkəzi komitənin sədri olan zaman Naxçıvana səfər edəndə Sədərəyə gəlir, buranın gələcək taleyində rol oynayacaq göstərişlər verirdi. Baxın, indi bu dayandığımız qəsəbə elə Onun yadigarıdır. Buraya səfərlərində özünün də dilə gətirdiyi kimi bu qəsəbənin salınması vacib olub. Çünki sovetlər dönəmində də ermənilər Azərbaycan torpaqlarından pay istəyirdilər. Hətta həyasızcasına “bura da bizimdir” deyirdilər. Ulu Öndərin səyləri nəticəsində hələ sovetlər birliyinin ən güclü vaxtında bu qəsəbə salındı, çaxır zavodu inşa olundu. İnsanlar Sədərəyin Ermənistana yaxın olan yerlərində ev-eşik inşa edib yaşamağa başladılar. Ermənilər gördü ki, bu torpağın əsl yiyəsi kimdir.
    Müsahiblərim ilə həmsöhbət olduqdan sonra güllü-çiçəkli Heydərabad qəsəbəsində Ulu Öndərin büstü önündə dayanır, dağların başında dalğalanan üçrəngli bayrağı seyr edir, Ali Baş Komandanın Xankəndidən xalqa müraciətini dinləyir, öz-özümə deyirəm: – Ayağın dəyən yerlər cənnətə dönüb, ey xalqımın xilaskarı. Sədərəkdə – Naxçıvanda təməlini qoyduğun yol bizi Şuşaya, Xankəndiyə, Laçına apardı. Biz artıq başı dik, alnıaçıq millətik. Bu gün düşmənin bir addımlığında belə azad şəkildə yaşamağımız, şəhidlərin məzarı önündə dik duruşumuz, başımızın üstündə vüqarla dalğalanan bayrağımız Sizin əsərinizdir, xalqın əziz oğlu. Vətənimizin alınmazlıq simvolu olan Sədərək rayonu siyasi kursunun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı ilə bu gün inkişafının ən yüksək mərhələsindədir. Yadigarın olan Heydərabad qəsəbəsi gözəlliyi ilə göz oxşayır. Sədərəyin düşmən qarşısında əyilməzliyi, dik duruşu, düşmənə gözdağı oluşu dahi rəhbərindən ona miras olaraq qalıb. Vətənimizin döyünən ürəyi Naxçıvanın şah damarı olan Sədərək müstəqillik illərində inkişafının ən yüksək zirvəsinə qədəm qoymaqla düşmənlərə gözdağına çevrilib. Rayonu dövrəyə alan uca dağların başında dalğalanan bayrağa keşik çəkən dağlara vüqar, Vətənə qürur verən oğullarımızın rəşadəti Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın xalqı ilə bir olub düşmənin başına şimşək çaxdığı “dəmir yumruğ”u sayəsində hələ çox illər sonra da Sədərək düşmənlərin qorxulu yuxusu olacaq. 

Ramiyyə ƏKBƏROVA 

Nəşr edilib : 17.10.2023 20:02