AZ EN RU

Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir

    Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə Vətən uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Tədbiri giriş sözü ilə açan universitetin rektoru, dosent Elbrus İsayev qeyd edib ki, 28 may 1918-ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bildirilib ki, SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixdə “Azərbaycan Respublikasının Müstəqilliyi Haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi – müstəqil inkişaf dövrü başlanıb. Ümummilli lider Heydər Əliyevin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə auditoriyaya geniş məlumat verən Elbrus İsayev vurğulayıb ki, ulu öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident  cənab İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. 44 günlük Vətən müharibəsindən söz açan rektor müstəqil dövlət olan Azərbaycanın suveren haqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə etməsini, öz torpaqları daxilində işğalçılara qarşı  aparılan mübarizəni müstəqilliyimizin verdiyi imkanların bəhrəsi kimi qiymətləndirib.  
    “Əbədi və sarsılmaz müstəqillik” mövzusunda çıxış edən ali təhsil ocağının Tarix-filologiya fakültəsinin dekan müavini, tarix üzrə fəlsəfə doktoru Qadir Əkbərov qeyd edib ki, hazırda Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Vurğulanıb ki, ölkəmiz xarici əlaqələrin coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirib, beynəlxalq aləmdə daha çox nəzərəçarpan və hörmət edilən ölkəyə çevrilib. Qadir Əkbərov Prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində ulu öndərin neft strategiyasının uğurla reallaşması, iri enerji layihələrinin işə düşməsi və yeni iqtisadi layihələrə start verilməsi, eləcə də regionda cərəyan edən proseslərlə bağlı ölkə başçısının siyasi baxışları Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə, sarsılmaz dövlətçiliyimizin daha da qüdrətlənməsinə xidmət etdiyini diqqətə çatdırıb.
    Tarix-filologiya fakütəsinin Jurnalistika ixtisasında təhsil alan I kurs tələbələrinin bədii qiraəti iştirakçılar tərəfindən maraqla qarşılanıb.
    Sonda “Müstəqilliyin Bərpası Günü” mövzusunda film nümayiş olunub.

Naxçıvan Dövlət Universitetinin Televiziya, 
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi

Nəşr edilib : 17.10.2022 20:36