AZ EN RU

Müstəqilliyin bəhrəsi: inkişaf və tərəqqi dövrünü yaşayan Naxçıvan

Müstəqil Azərbaycan Respublikasının qurucusu və banisi olan ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin uğurla davam etdirilməsi ölkəmizin siyasi, iqtisadi, hərbi qüdrətini artırıb, onu Cənubi Qafqaz regionun lider dövlətinə çevirib. Bu gün dahi şəxsiyyətin ideyalarını, arzularını reallaşdıran Azərbaycan Prezidenti İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasına əsaslanan kompleks quruculuq tədbirləri, həyata keçirilən çoxşaxəli islahatlar Naxçıvan Muxtar Respublikasında hər bir yaşayış məntəqəsinin davamlı inkişafına səbəb olub. Ölkəmizin müstəqilliyini bərpa etdiyi gündən ötən 31 il ərzində blokada şəraitində yaşamasına baxmayaraq, Naxçıvan bu gün özünün tərəqqi dövrünü yaşayır. Bütün bunlara həm də Ulu Öndərin işıqlı yoluna sədaqəti ilə seçilən zəhmətkeş, fədakar naxçıvanlıların gərgin əməyi sayəsində nail olunub.

Kəskin kontinental iqlimə malik olan muxtar respublikada payız-qış mövsümünə hazırlıq işləri vaxtında aparılır

Kəskin kontinental iqlimə malik olan muxtar respublikamızda payız-qış mövsümünə hazırlıq işlərinin vaxtında aparılması mühüm əhəmiyyətə malikdir. Bu məsələ Naxçıvanda daim diqqət mərkəzində saxlanılır. Həyata keçirilən qabaqlayıcı tədbirlərin nəticəsidir ki, ötən illərdə sərt keçən qış aylarında da heç bir problem qeydə alınmayıb, Naxçıvanın bütün yaşayış məntəqələri elektrik enerjisi və təbii qazla tam təchiz olunub. Bununla yanaşı, əhalinin sayının artmasına paralel olaraq, məskunlaşma səviyyəsinin də ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə, təbii qaza olan tələbatı artırır. Artan tələbata uyğun olaraq, ənənəvi enerji mənbələri ilə yanaşı, alternativ və bərpa olunan enerji mənbələrindən də istifadə diqqət mərkəzində saxlanılır, muxtar respublikanın relyef və iqlim xüsusiyyətləri nəzərə alınaraq yeni stansiyaların quraşdırılması davam etdirilir.

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, enerji, ərzaq təhlükəsizliyi, sabitliyin qorunması vacib məsələlərdir. Ona görə də bugünkü müşavirədə veriləcək tapşırıqlar yerlərdə müzakirə edilməli və qarşıya qoyulan vəzifələrin icrasına nəzarət olunmalıdır. Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verib, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Naxçıvanda tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunub

Ümummilli lider Heydər Əliyev deyib: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarixi-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Aparılan araşdırmalar nəticəsində Naxçıvanda tarixi minilliklərə dayanan yaşayış məskənləri aşkar olunub. Xüsusilə son illər beynəlxalq arxeoloji ekspedisiyaların fəaliyyəti yeni elmi istiqamətlərin müəyyənləşdirilməsinə imkan verib. 2022-ci ildə muxtar respublikada Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyaları və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi tərəfindən arxeoloji tədqiqatlar aparılıb. Azərbaycan-Amerika Birləşmiş Ştatları arxeoloji ekspedisiyası tərəfindən Sədərək Kültəpəsində şəhər strukturunun qalıqları, o cümlədən daş döşənmiş küçələr, böyük həcmli, düzbucaq formalı ictimai binaların qalıqları, dəyərli keramika nümunələri, insanların təsərrüfat həyatını əks etdirən maddi-mədəniyyət qalıqları aşkar olunub. Sədərək Kültəpəsi Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Dəmir dövrünə aid ən qədim şəhər yeri hesab olunur. İyun-iyul aylarında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən Naxçıvantəpə yaşayış yerində arxeoloji qazıntı işi davam etdirilib. Tədqiqat zamanı Naxçıvan şəhəri ərazisində eradan əvvəl VI minillikdən başlayaraq məskunlaşma olduğu müəyyən edilib. Naxçıvantəpə yaşayış yerinin tədqiqi zamanı, həmçinin indiyədək Cənubi Qafqazda məlum olmayan, dünya alimlərinin marağına səbəb olan Dalmatəpə mədəniyyəti aşkarlanıb.

Bu ilin avqust-sentyabr aylarında Azərbaycan-Fransa birgə arxeoloji ekspedisiyası Sirab kəndi ərazisindəki Uçan Ağıl yaşayış yerində arxeoloji qazıntı aparıb. Bu yaşayış yeri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda Erkən və Orta Eneolit dövrlərinin öyrənilməsi üçün olduqca əhəmiyyətlidir. Abidənin tədqiqi zamanı Naxçıvanda Göyçə və Zəngəzur obsidianından istifadə olunduğu aşkar edilib. Həmçinin Urmiya hövzəsi yaşayış yerlərinin obsidianla təmin olunmasında Naxçıvanın mühüm rol oynadığı məlum olub. Bu günədək Cənubi Qafqazda Erkən Eneolit dövrü abidələri aşkar olunmayıb. Uçan Ağılda aparılan araşdırmalar bu yaşayış yerinin Erkən və Orta Eneolit dövrlərinə aid olduğunu, eyni zamanda Erkən Eneolit mədəniyyətinin Kültəpənin Neolit mədəniyyəti əsasında inkişaf etdiyini, insanların başlıca olaraq köçmə maldarlıqla məşğul olduğunu göstərir. Son Neolit və Son Eneolit dövrləri arasında yaranan xronoloji boşluğu doldurmaq, köçmə maldarlığın tarixinin öyrənilməsi baxımından Uçan Ağıl yaşayış yerinin tədqiqi mühüm əhəmiyyət daşıyır.

Sentyabrın 10-da Ali Məclisin Sədri Babək rayonunun Sirab kəndi ərazisindəki Uçan Ağıl qədim yaşayış yerinə gəlib, Azərbaycan-Fransa birgə beynəlxalq arxeoloji ekspedisiyası tərəfindən aparılan tədqiqat işləri ilə maraqlanıb.

Ali Məclisin Sədri ekspedisiyanın nəticələrinin beynəlxalq səviyyədə yayılması, Uçan Ağıl yaşayış yerinin qeydiyyata alınması və qorunması barədə tapşırıqlar verib, ekspedisiya üzvlərinə təşəkkür edib, xatirə şəkli çəkdirilib.

Muxtar respublikanın investisiya cazibədarlığı daha da artıb

Naxçıvanda mövcud olan bütün iqtisadi resurslardan səmərəli istifadə sahəsində geniş təcrübə formalaşıb. Bu təcrübənin müxtəlif sahələr üzrə uğurla tətbiq olunması iqtisadiyyatın şaxələndirilməsinə yol açıb. Buna paralel olaraq, muxtar respublikanın investisiya cazibədarlığı daha da artır.

Sentyabrın 13-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Asiya İnkişaf Bankının vitse-prezidenti Şiksin Çen və onun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Naxçıvan Muxtar Respublikası ilə Asiya İnkişaf Bankı əlaqələrindən, həyata keçirilən layihələrdən bəhs olunub, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.

Naxçıvanı beynəlxalq şahmat mərkəzlərindən birinə çevrilib

Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına göstərilən diqqət, ümumtəhsil məktəblərində şahmat fənninin tədris olunması intellektual səviyyəli gənc nəslin formalaşmasına öz təsirini göstərir. Bu gün diyarımızda yaradılan şahmat infrastrukturu, şahmat məktəblərinin fəaliyyəti nümunə kimi qəbul edilir. Muxtar respublikada hər il keçirilən ənənəvi beynəlxalq şahmat festivallarında naxçıvanlı şahmatçıların dünya və Avropa çempionları, beynəlxalq reytinqli şahmatçılarla qarşılaşması isə onlara böyük təcrübə qazandırır. Bu, həm də qlobal idman arenasında uğurlu nəticələri ilə diqqəti cəlb edən, beynəlxalq yarışların keçirildiyi məkana çevrilən Naxçıvanın tanıdılması baxımından böyük əhəmiyyətə malikdir.

Ümumdünya Şahmat Federasiyasının qərarına əsasən oktyabr ayında Naxçıvan şəhərində 23 ölkədən 200-ə yaxın şahmatçının iştirakı ilə keçirilən 16 yaşadək yeniyetmələr arasında Ümumdünya Şahmat Olimpiadası əlamətdar tarixi hadisə kimi yadda qalıb. Böyük marağa səbəb olan olimpiadada müxtəlif ölkələri təmsil edən titullu şahmatçılar iştirak edib. Şahmatçıların asudə vaxtları da səmərəli təşkil edilib, onlar Naxçıvanın tarixi-mədəni irsi ilə yaxından tanış olublar. Bütün bunlar bir daha göstərir ki, olimpiadaya hazırlıq işləri yüksək səviyyədə həyata keçirilib. Digər tərəfdən, Naxçıvanda ölkə səviyyəli yarışlarla yanaşı, dünya səviyyəli yarışların da davamlı olaraq keçirilməsi bu məsələdə zəngin təcrübənin formalaşmasına yol açıb.

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində olimpiadaya hazırlıq və qarşıda duran vəzifələr barədə müşavirə keçirilib. Ali Məclisin Sədri müşavirəni açıb, muxtar respublikada şahmatın inkişafı sahəsində görülən işlərdən bəhs edib. Aparılan hazırlıq işləri ilə bağlı Təşkilat Komitəsinin üzvlərinin çıxışlarından sonra muxtar respublika rəhbəri aidiyyəti üzrə tapşırıqlar verərək olimpiadanın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib, qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Vətən, millət yolunda canlarından keçərək qəhrəmanlıq dastanı yazan şəhidlərimizin xatirəsi daim ucu tutulur

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Tarix boyu Azərbaycan övladlarının Vətənə, öz millətinə, dövlətinə, xalqına sədaqət nümunələri, qəhrəmanlıqları və şəhidlik nümunələri onu göstərir ki, xalqımız bu gün də, gələcəkdə də öz torpaqlarını, Vətənini qorumağa hazırdır, Vətən, torpaq, müstəqillik naminə şəhid olmağa hazırdır”. Vətən, millət yolunda canlarından keçərək qəhrəmanlıq dastanı yazan şəhidlərimizin xatirəsi daim yaşayacaqdır. Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Təxribatın qarşısı alınarkən Naxçıvandan olan hərbi qulluqçu, baş leytenant Əli Əliyev də şəhidlik zirvəsinə yüksəlib.

Sentyabrın 14-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub. Ali Məclisin Sədri, dövlət və hökumət nümayəndələri, şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər.

Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər. Ali Məclisin Sədri şəhidin atası Cavad Əliyev ilə görüşərək başsağlığı verib.

Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı Naxçıvandan olan digər hərbi qulluqçu, baş çavuş Rəşad Hüseynli də şəhidlik zirvəsinə yüksəlib.

Sentyabrın 16-da Naxçıvan Beynəlxalq Hava Limanında şəhidin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, dövlət və hökumət nümayəndələri, Türkiyənin Naxçıvandakı baş konsulu, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin əməkdaşı və şəhidin ailə üzvləri tədbirdə iştirak ediblər. Ali Məclisin Sədri və tədbir iştirakçıları şəhidin xatirəsinə ehtiramlarını bildiriblər. Muxtar respublika rəhbəri şəhidin atası Ramiz Hüseynov ilə görüşərək başsağlığı verib.

Uğurlu təhsil islahatının növbəti nümunəsi - Kimya-Biologiya Təmayüllü Lisey

Ekspertlərin ortaq qənaəti belədir ki, dünyanın hər bir yerində ölkənin inkişafının yeni mərhələsi təhsillə üzvi şəkildə bağlıdır. Çünki təhsil fərdləri müasir dövrün çoxşaxəli çağırışlarına hazırlayır, verdiyi əsaslı bilik və bacarıqlarla onların arzu və amallarını həyata keçirmələrinə yol açır, cəmiyyət həyatında fəal iştirak edən düşüncəli vətəndaş kimi yetişdirir. Bu mənada, əminliklə demək olar ki, təhsil strateji əhəmiyyətli fəaliyyət sahəsi kimi ölkənin, diyarın siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir. Dünyada elm sahəsində əldə edilən yeni-yeni nailiyyətlər və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı isə həm də dəqiq elmlər sahəsində şagirdlərə dərin biliklərin verilməsinə tələbatı artırır. Təhsil islahatları isə məhz konkret ehtiyaclara uyğunlaşdırıldığı zaman fayda verir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə Kimya-Biologiya Təmayüllü Lisey yaradılması da bu zərurətdən irəli gəlir.

Sentyabrın 15-də – Bilik Günündə Kimya-Biologiya Təmayüllü Lisey kompleksi istifadəyə verilib. Ali Məclisin Sədri tədbirdə çıxış edərək ilk dəfə tədrisə başlayan tələbə və şagirdləri, eləcə də muxtar respublikanın ümumtəhsil, ali, orta ixtisas və peşə məktəblərinin bütün şagird və tələbələrini, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarını, pedaqoji kollektivləri Bilik Günü, Kimya-Biologiya Təmayüllü Liseyin kollektivini isə həm də yeni tədris kompleksinin istifadəyə verilməsi münasibətilə təbrik edib.

Tədris korpusu ilə tanışlıq zamanı məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan 342 yerlik binada 19 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, 2 kompüter, 2 müəllimlər, direktor, psixoloq, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, idman zalı, qarderob və texniki otaqlar yerləşir. Binada internetə çıxışı olan 58 kompüter və 16 elektron lövhə quraşdırılıb. Liseyin kitabxana fondunda 5931 kitab və 840 test toplusu vardır.

STEAM kabinəsində 1 elektron lövhə, 12 kompüter, 3D printer quraşdırılıb, kabinə 31 mikrobit və komponent dəsti, 31 arduino və komponent dəsti, 2 Makeblock kəsmə və oyma CNC lazer dəzgahı, 32 ədəd 3D çap materialı, 78 STEAM eksperiment dəsti, 4 lego spike inkişaf dəsti, 10 ədəd 3D qələm, 23 elektrik mühəndisliyi dəsti və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib. Şagirdlər hazırladıqları “Eksperiment robot”, “Danışan çiçək”, “Mtiny kodlaşdırma robotu” layihələrini Ali Məclisin Sədrinə təqdim ediblər.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Ümummilli lider Heydər Əliyev və təhsil siyasəti” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Muxtar respublika rəhbəri Kimya-Biologiya Təmayüllü Liseyin muxtar respublikada kimya-biologiya və tibbi kadr hazırlığı sahəsində pilləli təhsili təmin etdiyini bildirib, tikinti işlərində əməyi olanlara təşəkkür edib, liseydə təhsilin keyfiyyətinin diqqətdə saxlanılması və yaradılan şəraitdən səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.

Səhiyyə sisteminin sürətli inkişafı, kadr hazırlığı üçün yaradılan hərtərəfli şərait

insan amilinə verilən yüksək dəyərin ifadəsidir

Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda aparılan ardıcıl islahatlar, genişmiqyaslı quruculuq işləri səhiyyə sisteminin sürətli inkişafını təmin edib. Səhiyyə müəssisələrinin tibbi kadrlara olan tələbatının ödənilməsi sahəsində tədbirlər davam etdirilir. Hazırda Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində həm bakalavr, həm də rezidentura üzrə həkim hazırlığı, Naxçıvan Tibb Kollecində isə orta tibb işçilərinin hazırlığı həyata keçirilir. Səhiyyə işçilərinin tibbin müxtəlif profilləri üzrə müasir elmi biliklərinin artırılması məqsədilə elmi-praktik seminar və konfransların təşkili ilə yanaşı, Naxçıvan Dövlət Universiteti və Tibb Kollecində təhsil alan gələcəyin tibb işçiləri üçün də yüksəkixtisaslı həkimlər tərəfindən təlimlərin keçirilməsi diqqətdə saxlanılır, universitetin Tibb fakültəsinin müasir tələblərə cavab verən xəstəxanasında tələbələr nəzəri biliklərlə yanaşı, praktik biliklərini də zənginləşdirə bilirlər. Yaradılan şəraitin və görülən işlərin nəticəsidir ki, bu gün muxtar respublikada yüksək tibbi bilik və bacarıqlara yiyələnən həkim və orta tibb işçiləri nəinki muxtar respublikada, eləcə də ölkədə və xarici ölkələrdə öz ixtisasları üzrə seçilən tibb işçiləri kimi fəaliyyət göstərirlər.

Sentyabrın 15-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri və üzvləri, Almaniyanın “Richard Wolf” şirkətinin regional direktoru və Azərbaycan Tibb Universitetinin Elmi-Tədqiqat Mərkəzinin direktoru ilə görüşüb.

Ali Məclisin Sədri Bilik Günündə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ilk dərs saatını tədris etdikləri üçün qonaqlara təşəkkür edib, tədris bazası və təhsilin keyfiyyətinə görə Tibb fakültəsinin bölgədə nüfuza malik olduğunu, xarici ölkələrdən tələbələrin təhsil aldığını vurğulayıb. Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi ilə qardaş Türkiyə Respublikasının Tibb fakültələri arasındakı əlaqələrə diqqəti çəkən Ali Məclisin Sədri tələbələrin kurslara göndərildiyini, onlayn tədrisin təşkil olunduğunu bildirib. Ali Məclisin Sədri tibb təhsilinin əsasının kimya-biologiya ixtisaslarının tədrisindən başladığını bildirib, istifadəyə verilən Kimya-Biologiya Təmayüllü Liseyin muxtar respublikada tibbi kadr təminatı üçün baza rolunu oynayacağını diqqətə çatdırıb.

“Ölkənin sağlam insanları nə qədər çoxdursa, deməli o ölkənin inkişafı təmin olunur”, - deyən Ali Məclisin Sədri qeyd edib ki, muxtar respublikada ən ucqar kəndlərdən tutmuş, şəhər mərkəzinə qədər müasir avadanlıqlarla təmin olunan səhiyyə müəssisələri tikilərək istifadəyə verilib. Bölgələrdə feldşer-mama məntəqələri, həkim ambulatoriyaları, sahə xəstəxanaları, mərkəzi rayon, şəhər və muxtar respublika xəstəxanaları, poliklinikalar, gigiyena-epidemiologiya şöbələri fəaliyyət göstərir.

Sonra Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Cəmiyyətinin sədri, tibb elmləri doktoru Müşviq Həsənov tibb elminə, təhsilinə və səhiyyə sahəsinə göstərdiyi diqqətə görə “Həkimlərin dostu” fəxri adını Ali Məclisin Sədrinə təqdim edib, xatirə şəkli çəkdirilib.

Naxçıvanda müasir Azərbaycan kəndlərinin sırasına qoşulan yaşayış məntəqələrinin sayı artır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Bu gün Naxçıvanın gələcək inkişafı ilə bağlı əlavə sözlərə ehtiyac yoxdur. Çünki bütün işlər burada ən yüksək səviyyədə görülübdür”.

Son illər həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri, sosial sahəyə qayğı və yeni infrastrukturun yaradılması muxtar respublikanın kənd yaşayış məntəqələrini müasirləşdirib. Babək rayonunun böyük yaşayış məntəqələrindən olan Sirab kəndində də quruculuq işləri aparılıb, əhalinin rahat yaşayışı təmin olunub.

Sentyabrın 26-da Sirab kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib. Ali Məclisin Sədri məktəbdə yaradılan şəraitlə tanış olub, Sirab kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, tədrisdə uğurlar arzulayıb. Muxtar respublika rəhbəri məktəbin tikintisində əməyi olanlara təşəkkür edib, tədrisin keyfiyyətinə, nizam-intizama ciddi diqqət yetirilməsi və qurulanların qorunması barədə tapşırıqlar verib.

Ölkəmizdə, o cümlədən muxtar respublikada yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində kompleks tədbirlər görülür, kənd yolları yenidən qurulur.

Sentyabrın 26-da Ali Məclisin Sədri Sirab kənd yolunda yaradılan şəraitlə tanış olub. Bildirilib ki, ümumi uzunluğu 15 kilometr olan kənd yoluna asfalt örtük salınıb, 12 kilometr kənddaxili yollara qum-çınqıl qatı verilib, müxtəlifölçülü 106 metal boru su keçidləri qoyulub, 2 yeni körpü salınıb, 1 körpü təmir edilib, 1990 metr beton su kanalı çəkilib.

Həmin gün Ali Məclisin Sədri kənd mərkəzi və həkim ambulatoriyasında aparılan təmir işləri ilə də maraqlanıb, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar verib.

Sonra kənd sakinləri ilə görüş olub. Muxtar respublika rəhbəri sakinləri görülən işlər münasibətilə təbrik edib.

Sirab kəndində bir sıra abadlıq işləri də görülüb. Kənddə 400 metr fiber-optik, 400 metr yeraltı kabel xətti çəkilib. Həmçinin 22 elektrik dirəyinə beton gövdə bərkidilib, 745 metr məftil naqil müxtəlifölçülü kabel xətti ilə əvəz edilib, 160 kilovatlıq transformator yarımstansiyası təmir edilib. Bundan başqa 230 poqonometr polietilen borularla məktəb binasına qaz xətti çəkilib, 2404 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb. Eyni zamanda, “Sirab” nasos stansiyasının təzyiqli boru xəttinin yenisi ilə əvəz olunması üçün diametri 315 millimetr olan 2400 metrlik plastik borularla su xətti çəkilir.

Onu da deyək ki, kənd yaşayış məntəqələrində bu cür şəraitin yaradılmasına ancaq inkişaf etmiş dövlətlər nail ola biliblər. Həmin dövlətlərin isə onilliklərlə müstəqillik tarixi vardır. Bizim isə cəmi 31 illik müstəqillik tariximiz var. Apardığımız ümumi araşdırmalar nəticəsində tam əmin olduq ki, 1995-ci ildən etibarən Naxçıvanda görülən işlər bir sıra Avropa ölkələrində ancaq 100 ildə görülə bilib. Bu, reallıqdır və bu reallığı bizə müstəqilliyimiz bəxş edib.

Naxçıvanın qardaş Türkiyənin yaxın vilayətləri ilə enerji, nəqliyyat, təhsil və

iqtisadi-ticarət əlaqələri böyük perspektivə malikdir

Naxçıvan Muxtar Respublikası ölkəmizin uğurlu xarici siyasəti, iqtisadi əlaqələri çərçivəsində qonşu ölkələrlə də iqtisadi-ticarət və mədəniyyət əlaqələrini genişləndirir. Bu gün Naxçıvan Muxtar Respublikası ilə qardaş Türkiyənin yaxın vilayətləri arasında səmərəli iqtisadi-ticarət əlaqələri qurulub. Həyata keçirilən tədbirlər əməkdaşlıq üçün yeni istiqamətlər açır.

Sentyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Türkiyə Respublikası İqdır Vilayətinin valisi Hüseyn Engin Sarıibrahim ilə görüşüb.

Görüşdə Naxçıvan-İqdır əlaqələrinin Azərbaycan-Türkiyə münasibətlərindəki rolundan, eləcə də muxtar respublika ilə Türkiyənin yaxın vilayətləri arasındakı enerji, nəqliyyat, təhsil və iqtisadi-ticarət əlaqələrindən bəhs olunub, gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir

Bu gün sürətlə inkişaf edən, güclənən müstəqil Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin şah əsəridir. Naxçıvanda Ümummilli Liderimizin siyasi xəttinə sədaqətin bəhrələri şəhər və rayon mərkəzlərinin, qəsəbə və kəndlərimizin dəyişən simasında, tikilən infrastruktur obyektlərində, insanların həyat şəraitinin yaxşılaşmasında, ordu quruculuğunda özünü göstərir. Düşmənlərimiz 32 ildir ki, bu diyarı blokada vəziyyətində saxlasa da, dünyadan təcrid etməyə çalışsa da, heç vaxt kataklizmlər burulğanına yuvarlada bilməyib. İnkişaf, tərəqqi yolunda inamla irəliləyən, müstəqillik ideallarımızın mənbəyi olan Naxçıvan təhlükəli niyyətləri birdəfəlik dəf etməyə qadir olduğunu göstərib. Ali Məclis Sədrinin qeyd etdiyi kimi: “Bu gün ümummilli liderimiz Heydər Əliyevin yolu ölkəmizdə davam etdirilir, yaşadılır. Azərbaycanda Heydər Əliyev yoluna alternativ yoxdur. Heydər Əliyev yolu dövlətçilik, dövlət-xalq birliyi, müstəqillik və inkişaf yoludur. Azərbaycan dövlətinin inkişafı, müstəqilliyimizin qorunub saxlanılması və daha da möhkəmləndirilməsi, xalqımızın firavan həyatının təmin olunması ulu öndər Heydər Əliyev yolunun bəhrəsidir”.

Rauf Kəngərli

AZƏRTAC-ın Naxçıvan bürosunun rəhbəri

Nəşr edilib : 19.10.2022 11:35