AZ EN RU

Müstəqilliyimizin “İstiqlal Bəyannaməsi” ilə başlayan çətin və şərəfli yolu

Hər bir dövlət üçün müstəqilliyindən, hər bir vətəndaş üçün isə azadlığından üstün heç nə yoxdur. Azərbaycan xalqı çoxəsrlik tarixə malik olan müstəqil dövlətçiliyi uğrunda, onun üçün təhdid olan, ona düşmən kəsilən yadellilərə qarşı daim mübarizəyə qalxaraq tarixboyu şərəfli bir yol keçmiş, milli qəhrəmanlıq salnaməsi yaratmışdır.

XIX əsrin əvvəllərində yaranan siyasi pərakəndəlikdən faydalanan Çar Rusiyası öz qarnizonlarını Azərbaycan torpaqlarına yeridərək qısa müddət ərzində Azərbaycan torpaqlarını işğal etdi. Beləliklə, Şimali Azərbaycan uzun bir müddət, dəqiqliyilə desək, 90 il Çar Rusiyasının işğalı altında qaldı. Amma bu müddət Azərbaycan xalqını azadlıq və müstəqillik arzusundan uzaqlaşdırmadı, əksinə, daha da alovlandırdı. Nəhayət, XIX əsrin əvvəllərində Azərbaycan xalqı Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsinə qalxaraq öz azadlığına nail oldu. 1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi Qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Beləliklə, türk və müsəlman dünyasında ilk dünyəvi demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Tiflisdə elan olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən "Azərbaycanın istiqlaliyyəti haqqında akt" qəbul edildi. Azərbaycan Milli Şurasının İstiqlal Bəyannaməsində deyilirdi:

Bu gündən etibarən Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tam hüquqlu müstəqil bir dövlətdir.

Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.

Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.

Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkindən və cinsindən asılı olmayaraq, öz sərhədləri daxilində yaşayan bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.

Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.

Müəssisələr Məclisi toplanıncaya qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura və Milli Şura qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur.

XX əsrin əvvəllərində İstiqlaliyyət Bəyannaməsinin qəbul olunması müstəqil Azərbaycan tarixində atılan mütərəqqi addımlardan biri idi. Həmçinin onu müstəqil Azərbaycan tarixində aparılan ilk konstitusional-hüquqi tipli islahat adlandırmaq olar. Məhz bu səbəbdən, mahiyyəti etibarilə Konstitusiyanı xatırlatmasına görə İstiqlaliyyət Bəyannaməsi “Konstitusiya aktı” statusuna malikdir. 1933-cü il 28 mayda Məhəmməd Əmin Rəsulzadə Berlində çap olunan "İstiqlal" qəzetində yazırdı: "28 mayıs 1918-ci il Bəyannaməsini nəşr etməklə Azərbaycan Şurayi-milliyəsi, sözün siyasi mənası ilə bir Azərbaycan millətinin varlığını təsbit etmişdir. Böylə ki, Azərbaycan kəlməsi sadə coğrafi, etnoqrafi və linqvistik bir kəlmə olmaqdan çıxaraq, siyasi bir aləm olmuşdur". 

Rəsulzadənin fikrinə görə, "xalq millətə dövlət yaratmaq qətiyyətini nümayiş etdirib təkid etdiyində çevrilir. Azərbaycan cəmiyyəti sözün müasir mənasında bir millət olmaq üçün öz iradəsini 28 mayda müstəqilliyin elan və Bəyannamənin qəbul edilməsi ilə nümayiş etdirdi". Bundan əlavə, 1919-cu il 31 mayda M. Ə. Rəsulzadə "İstiqlal" qəzetindəki məqaləsində yazırdı: "Mayısın 28-də istiqlal bayramını qeyri-qabili-təsvir bir səmimiyyətlə qarşılamaları ilə azərbaycanlılar bütün aləmə göstərdilər ki, istiqlaldan əl çəkməyəcəklər və bütün böhtançılara deyəcəklər ki, istiqlal xanların, bəylərin, ağaların deyil, Azərbaycan xalqının, türk millətinin milli, ən müqəddəs idealıdır".

İstiqlal Bəyannaməsinin qəbul olunması ilə, Azərbaycan Xalq Cümhuriyyəti öz müstəqilliyini elan etdi. Beləliklə, Azərbaycan xalqı çoxəsrlik dövlətçilik ənənələrinə sadiq qalaraq öz müstəqil dünyəvi dövlətini yaratdı.

Dövlətin idarə olunma formasının parlamentli respublika, olduğu kimi desək, xalq cümhuriyyəti olması xalqın iradəsinindən, azadlığından və sözün əsl mənasında, xalqın dövlət, dövlətin isə xalq olmağından xəbər verirdi. Azərbaycan Xalq Cümhuriyyəti bununla yeganə ali suverenin xalq olduğunu bir daha təsdiq etmiş olurdu.

Xarici əlaqələrin həyata keçirilməsinin İstiqlal Bəyannaməsində ehtiva olunması dövlət quruculuğu sahəsində atılmış əsaslı addımlardan biri idi. Azərbaycan Xalq Cümhuriyyəti bununla qarşılıqlı münasibətlərin və əməkdaşlığın dövlət üçün prioritet məsələlərdən olduğunu bəyan edir, regionda və dünyada sülhün, əmin-amanlığın və sabitliyin mövcudluğuna öz töhfəsini verdiyini bildirmişdi. Məhz bunun nəticəsi idi ki, 1920-ci il işğalına qədər Bakıda dünyanın öndə gedən 16 dövlətinin səfirlikləri fəaliyyət göstərirdi.

İnsan hüquq və azadlıqları məsələsi də İstiqlal Bəyannaməsində təsbit olunan ən əhəmiyyətli məsələlərdən biri idi. Belə ki, Bəyannamənin 4-cü maddəsində əksini tapan fikirlər Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapan “Bərabərlik hüququ” ilə analoji xarakterə malikdir. Bununla Xalq Cümhuriyyəti siyasi və vətəndaşlıq hüquqlarını tanıdığını aşkar şəkildə vurğulamış, hüquqi, demokratik, dünyəvi respublika idealizmini İstiqlal Bəyannaməsində təsbit etmişdir.

Bəyannamənin 5-ci müddəasında, mülki və siyasi azadlıqlar məsələsinə toxunulmuş, eyni zamanda dövlətin bununla bağlı təminat verdiyi, öhdəlik götürdüyü ifadə olunmuşdur.

Bəyannamənin 6-cı müddəası digər müddəalara nisbətdə xüsusi vurğulanmalıdır. Çünki bu müddəa, sözün əsl mənasında, demokratiyanın növbəti təzahürlərindən biri hesab olunmalıdır. Belə ki, 1953-cü il 28 may tarixdə Məhəmməd Əmin Rəsulzadənin “Amerikanın səsi” radiosunda etdiyi çıxışında deyirdi: “Azərbaycan Xalq Cümhuriyyəti Avropa demokratiyası tipində xalq nümayəndələrinə cavabdeh bir hökumət üsuli-idarəsi yaratdı”. Bu müddəa ilə xalqın birmənalı olaraq dövlət olması fikri bir daha öz təsdiqini tapmışdı. Beləliklə, Milli Şuranın, böyük çətinliklərdən sonra isə müstəqil Azərbaycan tarixində ilk dəfə 7 dekabr 1918-ci ildə Milli Şuranın xələfi olan Parlamentin fəaliyyətə başlaması Azərbaycan hüquq tarixinin ən şərəfli və əhəmiyyətli mərhələlərindən biri hesab olunmalıdır.

Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti ərzində böyük işlər bacardı. Elm, təhsil, mədəniyyət, maarif, hərbi, siyasət, dövlət quruculuğu, aqrar və digər sahələrdə islahatlar apara bildi. Azadlığı Azərbaycan xalqına daddırdı. Bir sözlə, müstəqil Azərbaycanın təməllərini atdı. Nəhayət, Azərbaycan xalqı 1991-ci ildə yenidən mübarizəyə qalxdı və azadlığını yenidən bərpa etdi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yeni əsrə keçid etdi, yeni uğurlar qazandı, öz səsini dünyaya çatdırdı. Azərbaycan Respublikasını Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağı azad etdi, ərazi bütovlüyünü təmin etdi, dünyada yeni Azərbaycan reallığı yaratdı. Bir sözlə, Azərbaycanın və Azərbaycan xalqının qüdrətini bütün dünyaya göstərdi. Bu gün hər bir azərbaycanlı öz tarixi, mədəniyyəti, bu günü və dünəni ilə fəxr edir. 

 

Yusif MİRZƏZADƏ

Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisasının tələbəsi

Nəşr edilib : 28.05.2024 13:54