AZ EN RU

Müstəqilliyimizin 20 Yanvarla başlayan şərəfli yolu

    Azadlıq elə bir şirin nemətdir ki, o özünə, tarixi keçmişinə, soykökünə hörmət etməyi bacaran xalqların qismətinə düşür. O xalqların övladları da vətənpərvər böyüyür, doğulduqları yurd yeri onlar üçün səcdəgah qədər qiymətli olurlar. Belələri öz yurdunun azadlığa qovuşması yolunda canlarından keçməyi şərəf işi hesab edirlər. Çünki azadlıq heç kəsə elə-belə verilmir, qazanılır. Bu yolda qanlar tökülür, qurbanlar verilir. Şəhidlik zirvələri fəth olunur. Elə xalqın azadlıq, müstəqillik tarixi də onda yazılır...
    Tarixən başı çoxlu bəlalar çəkmiş, dəfələrlə döyüş meydanına çevrilmiş Azərbaycanımız da bu əvəzsiz nemət uğrunda tarixin müxtəlif dönəmlərində mübarizələrə qalxmış, özünün varlığını sübut etməyə çalışmışdır.
    ...Düz 34 il bundan qabaq xalqımız özünün belə bir qəhrəmanlıq tarixinə imza atdı. 

Bəsdir, Qorqud Dədələrlə öyündün,
Hünərin var, özün Qorqud ol görüm,
Vətən, Vətən deməkdənsə kürsüdən
Yeri gəlsə, Vətən üçün öl görüm.

    O soyuq qış günü Vətən övladları üçün kürsü qədim Bakının qan gölünə çevrilən küçələri oldu. İgid eloğullarımız o gün bir daha sübut etdilər ki, torpaq, uğrunda ölən varsa, Vətəndir. Bu amal uğrunda ölümün gözünə dik baxmaq üçünsə, insanın qanında azadlıq eşqi, azadlıq duyğuları alovlanmalıdır. Damarlarında axan qan onları doğma yurda bağlamalıdır. 
    O hadisəni törədənləri tarix də, xalqımız da nifrətlə xatırlayır. Çünki o müdhiş gecədə azğınlaşmış, heç əvvəldən də mənəvi siması olmayan imperiya bütün iç üzünü açıq göstərdi. Ancaq Azərbaycan xalqının iradəsini, əzmini qıra, azadlıq eşqini söndürə bilmədi. O gün qırmızı Sovet imperiyasının təpədən-dırnağa müasir hərbi texnika ilə silahlanmış, azğınlaşmış ordusu azadlıq istəyən, torpağını, yurdunu canından əziz sevən günahsız bir xalqın üstünə yeridildi.
    Hər ilin yanvar ayı yaxınlaşdıqca, 20 Yanvar faciəsi haqqında düşündükcə bir daha o günlərə qayıdıram...
    Ötən günlərin birində isə orta məktəbin 6-cı sinfində oxuyan nəvəmin verdiyi sual məni içimdən silkələdi: “Onların günahı nə idi ki, baba?” Heç vaxt unuda bilməyəcəyimiz, unutmağa haqqımız da olmayan o günlər kino lenti kimi bir daha gözlərimin önündən gəlib keçdi...
    O gün bir saatın, bir günün içində gəlməmişdi. Neçə-neçə əsr əvvəllərdən başlamışdı o günün bizə qədər gəlib çıxan yolu. Babəkə gedib çıxır. Şah İsmayıldan keçir bu yol. Uzaq Sibir çöllərində insanı tikan kimi deşən soyuqda, şaxtada “Vətən xaini” kimi ömür sürən insanların içini deşən azadlıq, müstəqillik, həmrəylik arzularının yoludur bu yol.
    O gün havanın da rəngi qan ağlayırdı – bununla nə isə demək istəyirdi, bəlkə...
    O gün insanlar da birtəhər olmuşdular elə bil. Daha da bir-birlərinə yaxınlaşmaq, bir-birlərinin yanında olmaq istəyirdilər. Bəlkə də, heç kimin gözləmədiyi qara günün xəbəri Ulu Tanrıdan onlara agah olmuşdu...
    ...Bakı qan dənizində çalxalanmağa sürüklənirdi...
    Dünyanın hər üzünü görən qədim Odlar yurdu həmin gün taleyin ağlasığmaz, amansız qəzəbi ilə, qisməti ilə üz-üzə gəldi. Bir tərəfdə öz halal haqqını tələb edən xalq, digər bir tərəfdə uzun illər çörəyimizi yeyərək əsarətdə saxlayıb bizə yuxarıdan aşağı baxan “böyük qardaşlarımız”. Bir tərəf əliyalın insan çəpəri, bir tərəf ən müasir silahlarla təmin olunmuş insan cildinə girmiş cəlladlar. Bir fakt da az-çox düşüncə qabiliyyəti olanlara çox şey anladır: həmin gün erməni vandalları öz “böyük qardaşlarının” yolu ilə gedərək Sədərəyə hücuma keçdilər.
    O gün doğma yurdu azğınlardan, çörəyi dizinin üstündə olanlardan qorumaq üçün ayağa qalxan insanlara tuşlanan silahlar bu xalqın ürəyinə tuşlanan silahlar idi; uzun illər uğrunda mübarizə apardığı ideala tuşlanan silahlar idi.
    O gün Bakının küçələrindən insan qanı axırdı. Bu, XX əsrdə xalqımıza qarşı törədilmiş faciələrin davamı idi. Ən dəhşətli hal isə onda idi ki, bizim səsimizi ancaq özümüz eşidirdik. Bu da taleyimizə yazılan bir oyun, bir qismət idi.
    İnsanlığın da, barbarlığın da hər üzünü görən bu qoca dünya da sanki bizdən üz döndərmişdi. Üz döndərməsəydi, ulu, qədim tarixə malik olan bir xalqın göylərə ucalan ah-naləsinə dözə bilməzdi.
    Nə idi günahımız? Düşmən qabağında baş əyməmək, azad yaşamaq arzusumu? Bu ki bəşər övladının əzəli, əbədi arzusudur.
    O gün yüzlərlə soydaşımız ağır hərbi texnikanın qurbanına çevrildi – daha doğrusu, məkrli bir siyasətin qurbanına. Bu siyasətin həyata keçirilməsi isə bir sıra məqsədlərə işıq salırdı. “Əz, parçala, hökm sür” qanunu ilə 70 il ömür sürən, dayaqları artıq laxlamaqda olan bir imperiya yeraltı və yerüstü sərvətləri ilə bütün dünyada tanınan bir məmləkətin üzərindəki ağalığını bu yolla davam etdirmək istəyirdi. İmperiyanın və onun siyasətinin iç üzünə dərindən bələd olan yurdsevər Azərbaycan övladları tarixin qan yaddaşına yazılan bir çox ağrıları, faciələri unutmamışdı. 
    Bədnam Gülüstan və Türkmənçay müqavilələri, 1918-ci ilin 31 mart soyqırımı, əsrin əvvəllərindən başlayaraq bir neçə dəfə olan Azərbaycan türklərinin deportasiyası və saymaqla qurtarmayan neçə-neçə belə faciənin yaraları xalqın qəlbində qaysaq bağlamışdı. 
    Neçə illərdir ki, ruhları başımız üstündə gəzən o günahsızların “günahı” həmin məkrli siyasət və öz keçmişini unutmamaq idi. 
    Xalqın azadlığa, müstəqilliyə can atmaq arzusunu bələkdəcə boğmaq istəyindən yoğrulmuş belə məkrli siyasət məlum “əz, parçala, hökm sür” prinsipinin kuliminasiyası olsa da, ancaq onun müəllifləri öz istəklərinə nail ola bilmədilər, xalqın əzmi qarşısında duruş gətirməyə gücləri çatmadı. 
    O gün doğma yurdun vətənpərvər oğulları dünya qarşısında nəyə qadir olduğumuzu bir daha sübut etdilər. Sübut etdilər ki, bu xalqın damarlarında ulu Xətainin, Tomris ananın, Sara xatının qanı var. 
    Bu da taleyin bir qisməti idi ki, o azadlıq mücahidlərini Şəhidlər xiyabanında son mənzilə yola saldığımız günlərdə qocaman Bakımızın, Naxçıvanımızın doğum evlərində dünyaya gələn körpələrin hamısı oğlan uşağı idi. Deməli, onların yerini tutacaq, ideyalarını davam etdirəcək, yaşadacaq nəsil dünyaya gəlirdi. Bu uşaqlar, onları dünyaya gətirən valideynlər o vaxt bilərdilərmi ki, 30 il sonra övladları Qarabağı bizə qaytaracaqlar? Yəqin ki, yox. Ancaq bu, tariximizin qızıl səhifəsi oldu. Onlar 1990-cı ilin şəhidlərinin mənəvi və fiziki davamçıları oldular. Ölkə başçısının bir çağırışı ilə azadlıq mücadiləsinə atıldılar; xalqımıza Zəfər qazandırdılar, Xankəndi qürurumuzu, ərazimizin Qarabağ bütövlüyünü, mədəniyyətimizin Şuşa konservatoriyasını özümüzə qaytardılar.
    O gündən ötən illərdə çox sular durulub, çox həqiqətlər üzə çıxıb. Bu gün o faciədən 34 il keçir. Ancaq şəhidlərimiz hər an xatırlanır, böyük minnətdarlıqla anılır. Onların buna mənəvi haqqı var. Bu gün Azərbaycan həqiqətlərinin dünyaya olduğu kimi çatdırılması üçün bütün imkanlardan istifadə edən cənab İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, onların ailələrinin, həmin müdhiş gecədə əlil olanların sosial müdafiəsinin gücləndirilməsi üçün bir sıra tədbirlər həyata keçirir.
    Bu gün müqəddəs and yerimizə çevrilən ünvanlar var: Şəhidlər xiyabanları. Bu ünvanlarda uyuyanlar öz şirin canlarını azadlığımıza, müstəqilliyimizə, dövlətimizə və dövlətçiliyimizə qurban verərək qəlbimizdə və keşməkeşli tariximizin qızıl səhifələrində özlərinə əbədi məskən tutublar. 

Muxtar MƏMMƏDOV

Nəşr edilib : 20.01.2024 10:30