AZ EN RU

Müstəqilliyə, ərazi bütövlüyünə, suverenliyə aparan ideologiya

    Azərbaycan Respublikasının Prezidenti İlhаm Əlİyеv: Biz bu gün azad Qarabağda, azad Şuşada Dünya Azərbaycanlılarının Qurultayını keçiririk. Bu qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfədir ki, dünya azərbaycanlıları toplaşır, qurultay keçirir və ümumiyyətlə, Zəfər adı xalqımıza çox yaraşır. Siz buraya Zəfər yolu ilə gəlmisiniz, qurultayın adı Zəfər qurultayıdır. 


  “Xalqımızı vahid amal ətrafında birləşdirən Azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”.

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” 
elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 
2022-ci il 29 sentyabr tarixli Sərəncamından

    Dünyanın ayrı-ayrı yerlərində yaşayan, fəaliyyət göstərən hər bir azərbaycanlının dilindən qopan sözünü, könlündən duyulan səsini, əməlini bir ideya altında, vahid amal uğrunda birləşdirməklə xalqımız qarşısında əvəz­olunmaz tarixi xidmətini həyata keçirdi Ümummilli Liderimiz Heydər Əliyev. “Bizim hamımızın bir Vətəni var – bu, Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər, ancaq Azərbaycançılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır”, –  deyən dahi şəxsiyyət Azərbaycançılıq ideologiyasını inamlı sabahlar, işıqlı gələcək naminə hər bir həmvətənimizin həyat qayəsinə çevirə bildi. Bu ideologiya Ulu Öndərin 1969-82-ci illərdə ölkə­mizə birinci rəhbərliyi dövründə reallaşdırdığı onilliklərə bərabər misilsiz işlərində, 1990-cı ildə doğulduğu torpağa tarixi qayıdışında, 1990-1993-cü illərdə Naxçıvandan başlayan xilaskarlıq missiyasında pərvəriş tapdı. Azərbaycançılıq öz təntənəsini muxtar respublikada SSRİ kimi nəhəng imperiyaya qarşı çıxaraq tarixi addımlar atan şəxsiyyətin qətiyyətində, qışın şaxta-boranında sərhəd dirəklərini söküb, bahar təravətində “Ümid” körpüsü çəkməklə həsrət buzlarını qıran dəmir biləklərdə, 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında qəbul olunan tarixi Qərarda yaşayıb...

Milli həmrəyliklə Milli Qurtuluşa

Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə keçirilən həmin sessiyada qəbul edilən tarixi Qərarla 31 dekabr günü muxtar respublikada ilk dəfə olaraq “Həmrəylik bayramı” kimi qeyd edildi. Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət həm də müstəqil Azərbaycanın gələcək inkişafına əsaslı zəmin yaradan faktorlardan biri kimi tarixə düşdü.
    Görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi Azərbaycanın qurtuluş, özünəqayıdış dövrü kimi xarakterikdir. Ona görə ki, həmin dövrdə muxtar respublikada görülən məqsədyönlü işlərdə milli birlik və həmrəylik ön sırada dayanırdı. İşğal təhlükəsi ilə üz-üzə, dünyadan, demək olar ki, təcrid vəziyyətdə qalmış Naxçıvanın sabaha gedən yolu, məhz muxtar respublika sakinlərinin Ümummilli Liderimizin ətrafında sıx birləşməsi, milli həmrəylik nümayiş etdirməsi ilə mümkün oldu. 1992-ci il noyabrın 21-də Naxçıvanda yaradılan Yeni Azərbaycan Partiyasının əsas ideoloji xətti də milli birlik və həmrəylik, Azərbaycançılıq üzərində bərqərar edildi. 
    Naxçıvanda atılan tarixi addımlar uçurumun kənarında dayanan ölkəmizin siyasi həyatında dönüş nöqtəsinə çevrilməklə xalqımızı əbədi nicat yoluna çıxardı. 1993-cü ilin 15 iyununda milli həmrəylik Milli Qurtuluşa, intibaha rəvac verdi, xalqın təkidli tələbi ilə Ümummilli Liderimiz Heydər Əliyev ikinci dəfə siyasi hakimiyyətə gəldi və bundan sonra Azərbaycan diasporunun və lobbisinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü işlər aparıldı. Dünya azərbaycanlılarının təşkilatlanması və ümummilli ideyalar ətrafında birləşdirilməsi yolunda həyata keçirilən tədbirlərdən biri görkəmli dövlət xadiminin “Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında” 2001-ci il 23 may tarixli Sərəncamına uyğun olaraq həmin ilin 9-10 noyabrında Bakıda təşkil edilən qurultay oldu. Bu qurultay milli həmrəyliyimizin nümayişinin zirvəsi olmaqla yanaşı, müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların Vətənlə əlaqələrinin möhkəmləndirilməsi, eyni zamanda diaspor quruculuğunun təkmilləşdirilməsi işinə öz böyük töhfəsini verdi. Ümummilli Lider həmin qurultayda çıxış edərək dünya azərbaycanlılarının həmrəyliyini vacib bir vəzifə kimi önə çəkərək bunun üçün zəruri olan istiqamətləri diqqətə çatdırdı. 
    Məhz bu mühüm tədbirdən sonra diaspor təşkilatlarının fəaliyyətində canlanma yarandı, dünya azərbaycanlılarını birləşdirən təşkilatlar daha aktiv fəaliyyət göstərməyə başladılar. 

Tarixi Qələbəyə, Zəfər Qurultayına...

    1993-cü ildə xalqımızı Milli Qurtuluşa, ölkəmizi müstəqillik yoluna çıxaran Azərbaycançılıq, milli həmrəylik ideologiyası 2003-cü ildən sonra beynəlxalq müstəvidə daha böyük hədəflər uğrunda mübarizəyə mayak oldu. Dövlət başçısı cənab İlham Əliyevin bu sahədə gördüyü işlər dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın Vətənə bağlı­lıqlarının artırılmasına mühüm töhfələr verdi. Eyni zamanda keçirilən qurultaylar ölkədən kənarda yaşayan soydaşlarımızın Azərbaycanla əlaqələrində mühüm rol oynadı. Prezident cənab İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı Sərəncama əsasən həmin il martın 16-da Bakı şəhərində Dünya Azərbaycanlılarının II Qurultayının keçirilməsi diaspor quruculuğu işinin yeni inkişaf mərhələsinə qədəm qoymasına səbəb oldu. Ölkə başçısının 2008-ci il noyabrın 19-da imzaladığı Fərmanla isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradıldı, dekabrın 19-da Bakıda Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının iclasında Dünya Azərbaycanlılarının Həmrəylik Xartiyası qəbul edildi. Bundan 3 il sonra – 2011-ci il iyulun 5-də Dünya Azərbaycanlılarının III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayları keçirildi. Qurultaylar düşmən təxribatlarının qarşısının alınması istiqamətində mühüm rol oynayaraq dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların birlik və həmrəyliyinin təntənəsinə çevrildi.
    Ölkəmiz Azərbaycançılıq və milli həmrəylik ideologiyasının ən böyük təntənəsini isə 2020-ci ildə yaşadı. Dünyanın müxtəlif yerlərində yaşayan böyükdən-kiçiyə hər bir azərbaycanlının ürəyi anbaan Vətənimizlə, haqq, ədalət savaşına çıxan oğullarla döyündü. 44 gün davam edən Zəfər yürüşümüz xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatlarının dəstəyindən də güc alaraq xalq-ordu-lider həmrəyliyi sayəsində Böyük Qələbə ilə yekunlaşdı. II Qarabağ müharibəsində qazandığımız Zəfər milli dövlətçilik salnaməmizdə ona görə müstəsna əhəmiyyətə malikdir ki, bu Böyük Qələbə möhtəşəm tarixi günlərimizə vəsilə olur, qürurun ardınca qürur gətirir. Bu baxımdan 2022-ci il aprelin 22-də qələbəmizin simvolu sayılan Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının keçirilməsi də dünyanın ən müxtəlif məkanlarında yaşayan həmvətənlərimizə fəxarət hissi yaşatmaqla illərlə aparılan təbliğat, təşviqat kampaniyalarının hədər getmədiyini göstərdi. Bu möhtəşəm tədbir tarixə dünya azərbaycanlılarının Zəfər qurultayı kimi yazıldı. Ölkə başçısı cənab İlham Əliyev həmin qurultayda çıxış edərək deyib: “Mən dəfələrlə, o cümlədən birinci Qurultaydan sonra keçirilmiş Dünya Azərbaycanlılarının qurultaylarında çıxış edərkən deyirdim ki, biz heç vaxt bu işğalla barışmayacağıq, nəyin bahasına olursa-olsun, öz dədə-baba torpaqlarımızı işğaldan azad edəcəyik... Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”.

Naxçıvandan ucalan Azərbaycançılıq, 
həmrəylik sədaları...

Milli həmrəylik, Azərbaycançılıq ideyasının müəllifi Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə bağlı olan 2023-cü il ölkəmizin ictimai-siyasi həyatına mühüm yeniliklər gətirən hadisələrlə yadda qaldı. Ulu Öndərin 100 illik yubileyi ölkə və beynəlxalq miqyasda, o cümlədən Onun dünyaya göz açdığı Naxçıvanda silsilə tədbirlərlə geniş şəkildə qeyd olundu. Bu münasibətlə qədim Azərbaycan torpağında 2023-cü il 12-18 avqust tarixlərdə Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Heydər Əliyev – 100 Diaspor Gənclərinin IV Yay Düşərgəsi” təşkil edildi. Düşərgə milli həmrəyliyimizin növbəti təntənəsi kimi harada yaşamasından asılı olmayaraq, qəlbi Vətən üçün döyünən gənclərin məlumat mübadiləsi, tanışlığı baxımından yeni üfüqlər açmaqla xaricdə fəaliyyət göstərən ayrı-ayrı diaspor təşkilatlarının fəaliyyətində gəncliyin mövqeyinin daha da möhkəmlənməsinə vəsilə oldu.
    Birliyimizin ən böyük təntənəsi kimi sentyabrın 19-20-də Müzəffər Ali Baş Komandanın əmrinə müntəzir olan Azərbaycan əsgər-zabiti lokal xarakterli antiterror tədbirləri ilə 24 saatdan da az bir müddətə Qarabağda məskən salmış qondarma rejimi süquta uğratdı, ərazi bütövlüyümüz, suverenliyimiz tam bərpa olundu. Bu mənada, ölkə Prezidenti seçilməyinin 20-ci ili tamam olan cənab İlham Əliyev adını son 200-300 ildə itirilən torpaqları bərpa, ərazi bütövlüyünü, suverenliyi təmin edən yeganə Qalib Lider kimi tarixə qızıl hərflərlə yazdırdı. 
    32 il bundan öncə Azərbaycançılıq, milli həmrəylik ideyasının əsasının qoyulduğu Naxçıvan 2023-cü ildə həm də bir ürəkdə iki canın – Türkiyə və Azərbaycanın birliyinin, tərəfdaşlığının daha da möhkəmləndirilməsinə töhfələr verdi. Belə ki, sentyabrın 25-də bu qədim türk yurdu növbəti Türkiyə və Azərbaycan prezidentlərinin görüşünə, bir sıra tarixi-siyasi addımların atılmasına şahidlik etdi. Regionda böyük nüfuz sahibi olan hər iki lider siyasi elitaya mühüm mesajlar verdilər, siyasi müttəfiqliyə, etibarlı tərəfdaşlığa xidmət edən anlaşma memorandumu, saziş, niyyət protokolu imzalandı. Naxçıvan görüşü regionun siyasi, iqtisadi mənzərəsini dəyişdirəcək ən mühüm tarixi hadisənin  – İğdır-Naxçıvan qaz kəmərinin təməlqoyma mərasiminin keçirilməsi, eyni zamanda dünyada nümunə olan iki ölkə liderinin birgə hərbi obyekt açılışı etməsi ilə də mühümlüyünü bariz şəkildə sübut etdi...
    2023-cü ildə Naxçıvan növbəti həmrəylik bayramına – “Qərbi Azərbaycana qayıdış” festival-konqresinə ev sahibliyi etdi. Noyabrın 23-24-də keçirilən bu möhtəşəm tədbir Qayıdış Konsepsiyasının icrası prosesinə təsir göstərəcək elmi-siyasi əhəmiyyətliyi ilə seçildi. Festival-konqresdə ölkə Prezidenti cənab İlham Əliyevin qərbi azərbaycanlılar məsələsində daim nümayiş etdirdiyi prinsipial mövqe, onların hüquqlarının bərpa olunmasına və öz doğma torpaqlarına qayıtmasına qəti və birmənalı dəstəyi, Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının icrası ilə bağlı tapşırıqları bütün mahiyyəti ilə izah olundu, haqq-ədalətin bərpasının vacibliyi barədə dünya ictimaiyyətinə elmi əsaslara söykənən fundamental mesajlar verildi. Dövlət başçımızın “Biz torpağımıza tankla, topla deyil, dinc şəkildə qayıtmaq istəyirik” ideyası festival-konqresin işinin əsas qayəsinə, devizinə çevrilməklə iştirakçı ziyalı və alimlərin məruzələrində, müsahibələrdə diqqətə çəkilən əsas məqamlardan oldu...
    Azərbaycançılıq, milli həmrəylik sədaları bu gün dünyanın dörd bir tərəfindən – Amerikadan, Rusiyadan, Almaniyadan, Türkiyədən, əzəli-əbədi yurd yerlərimiz Xankəndidən, Şuşadan, Laçından, Zəngilandan, Naxçıvandan, bütöv Azərbaycandan ucalır. Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar 102 yaşlı “Şərq qapısı” qəzeti dekabr ayında işıq üzü görən hər nömrəsi ilə oxucularına aşılayır “Həmrəyliyimizin ən böyük ideyası –  Azərbaycançılığ”ı. “Azərbaycançılıq ideologiyası milli həmrəyliyimizin təməlidir”, – deyən İstanbul Piri Rəis Universitetinin professoru Mübariz Həsənov vahid ideya ətrafında sıx birləşən həmvətənlərimizin həmrəyliyə, qardaşlığa xidmət edən tədbirlərindən danışır, Almaniyanın Berlin şəhərində yaşayan Şəhanə Hüseynova Azərbaycanı dinlədiyi əvəzolunmaz mahnıya bənzədir, Çexiyada reallaşdırdığı layihələrdən söhbət açan Leyla Begim “Dünyanın ən yaxşı səfiri mədəniyyətdir” qənaətinə gəlir, ilk türk Nobel mükafatçısı Əziz Səncərin azərbaycanlı tələbəsi Xaqani Eynullazadə Azərbaycan və beynəlxalq elmi cəmiyyətlər arasında körpülərin qurulmasına töhfə vermək məqsədini dilə gətirir, Belçikanın Brüssel şəhərindən Cahangir Abdullayev ölkəsini görmədən yetişən Vətənə aşiq gənclikdən qürurla danışır... Milli həmrəylik bayramımızın sədalarını Zəngəzur dəhlizindən keçməklə Naxçıvandan-Zəngilana gedən qatarda, avtomobildə eşitmək diləyi ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günümüz mübarək olsun!

Nail ƏSGƏROV

Nəşr edilib : 30.12.2023 23:50