AZ EN RU

Müstəqillik xalqımızın əldə etdiyi ən mühüm tarixi nailiyyətdir

    Azərbaycan xalqının tarixi azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir. XX əsrdə iki dəfə öz müstəqilliyini elan edən Azərbaycanda Xalq Cümhuriyyətinin yaradılması ilə ölkəmizin adı Şərqin və Türk dünyasının tarixinə ilk respublikanın qurulduğu ölkə kimi düşmüşdür. Lakin, təəssüf ki, bu respublika cəmi 23 ay fəaliyyət göstərmiş, Azərbaycan XX əsrin sonlarında isə ikinci dəfə müstəqillik əldə etmişdir: 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuşdur.

    Ötən əsrin 90-cı illərində xalqımız dövlət müstəqilliyinə nail olmuşdur. Azərbaycanın milli müstəqillik konsepsiyası isə daha əvvəl ümummilli lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmışdır. Ulu öndər sovet totalitar rejiminin tüğyan etdiyi dövrlərdə böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün mühüm hərbi, iqtisadi, sosial, ideoloji tədbirlər həyata keçirmişdir. Dahi şəxsiyyət 1969-cu ildə siyasi hakimiyyətə gəldiyi ilk gündən başlayaraq böyük uzaqgörənliklə Azərbaycanın gələcək müstəqilliyi üçün təməllər hazırlamışdır. Ümummilli lider ölkəmizdə sənayeləşmənin əsasını qoymuş, kənd təsərrüfatını inkişaf etdirmiş, yüzlərlə Azərbaycan gəncinin dünyanın nüfuzlu ali məktəblərində təhsil almasına nail olmaqla gələcək müstəqil Azərbaycan üçün kadr potensialını yaratmışdır. 
    Tarix dəfələrlə sübut edib ki, əvəzsiz milli sərvət olan müstəqilliyin qorunması onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Dövlət müstəqilliyi o yerdə davamlı olur ki, birincisi, xalq bu müstəqilliyin qorunması üçün siyasi iradə göstərsin, ikincisi, xalqın milli iradəsi vahid lider ətrafında birləşsin. Azərbaycan xalqının bəxti onda gətirmişdir ki, dövlət müstəqilliyimizin birinci mərhələsində olduğu kimi, onun ikinci mərhələsinin əvvəllərində də müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda ulu öndər Heydər Əliyev yenidən Azərbaycan siyasi mühitində böyük xilaskarlıq missiyasını həyata keçirmişdir. 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərən xalqımızın böyük oğlu həqiqi dövlət müstəqilliyinin bünövrəsini bu torpaqda qoymuş, onun rəhbərlik etdiyi Naxçıvan Muxtar Respublikası xalqımızın suveren hüquqlarının və dövlət müstəqilliyinin bərpa edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilmişdi.
    Azərbaycanın müstəqilliyi ilə bağlı qanunvericilik təşəbbüsü hüququ istisnasız olaraq Naxçıvan Muxtar Respublikasının Ali          Məclisinə məxsus olmuşdur. Belə ki, ümummilli liderimizin rəhbərliyi ilə keçən muxtar respublika Ali Məclisinin sessiyalarında dövlət müstəqilliyinin bərpası ilə bağlı tarixi qərarlar qəbul olunmuş, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı müstəqillik rəmzi kimi Naxçıvan parlamentində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülmüş, ali qanunverici və icra hakimiyyəti orqanlarının adları dəyişdirilmiş, sovet qoşun hissələri Naxçıvandan çıxarılmış, onların bazasında müstəqilliyin vacib elementi olan ilk milli sərhəd dəstəsi və milli ordu hissələri yaradılmışdı. Muxtar respublika parlamentinin qərarları ilə kommunist partiyasının fəaliyyəti dayandırılmış, kolxoz və sovxozlar ləğv edilmiş, aqrar islahatlar keçirilmiş, yeni istehsal münasibətlərinə əsaslanan təsərrüfatçılıq prinsiplərinin təməli qoyulmuşdu. O dövrdə Azərbaycana rəhbərlik edənlər Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar 1991-ci il martın 17-də keçirilən referendumda Azərbaycanın iştirakı barədə qərar vermişdilərsə, ulu öndər Heydər Əliyevin tövsiyəsi ilə Naxçıvan Muxtar Respublikası bu qondarma referendumdan imtina etmiş, SSRİ-nin yenidən bərpasına yönəldilən cəhdlər muxtar respublika ərazisində qətiyyətlə aradan qaldırılmış, müvafiq qərarların qəbul edilməsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Ali Sovetindən də xahiş edilmişdi. 
    Göründüyü kimi, 1990-1993-cü illərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikası milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin dayağı olmuşdur. Şübhəsiz ki, bu mübarizənin mərkəzində ulu öndər Heydər Əliyev dayanırdı. 
    1993-cü ilin yayında Azərbaycan öz dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Görkəmli dövlət xadimi Heydər Əliyev 1993-cü il iyununda xalqın təkidli tələbi ilə Bakıya döndü. Bu dönüş tarixi zərurət, xalq istəyinin ifadəsi idi. O böyük şəxsiyyət gəlişi ilə Azərbaycanı fəlakətdən qurtardı, insanlarda inam yaratdı. Həmin illərdə üzünü Azərbaycan dövlətçiliyini dağıtmaq istəyənlərə tutan ulu öndər deyirdi: “Mən Azərbaycanın müstəqilliyini Azərbaycan xalqı üçün böyük nailiyyət hesab etmişəm və bu müstəqilliyin əldə olunmasına xidmət etmişəm. Bundan sonra ömrümün qalan hissəsini də Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edəcəyəm”.
    “Mən həyatımdan keçərəm, ancaq Azərbaycanın müstəqilliyindən keçmərəm”, – deyən ümummilli liderimiz daxili və xarici qüvvələrin dövlət çevrilişi, sui-qəsd və təxribat cəhdlərinə baxmayaraq, öz həyatı, sağlamlığı bahasına, gecəli-gündüzlü fədakar əməyi hesabına Azərbaycanı müstəqil dövlətə çevirmiş, dövlət müstəqilliyimizi daimi və əbədi etmişdir. Bütün ömrü boyu həyatının mənası bildiyi Azərbaycanı müstəqil dövlətə çevirmək ulu öndərimizin ən böyük arzusu, onun məhsuldar siyasi fəaliyyətinin ən mühüm yekunu və məntiqi nəticəsidir. O bu yola Azərbaycanda siyasi fəaliyyətinin birinci dövründə, 1969-cu ildən başlamış və bu şərəfli missiyanı ölkəmizdə ali hakimiyyətinin ikinci dövründə uğurla başa çatdırmış, müstəqilliyi Azərbaycanın bugünkü və gələcək nəsillərinə ərməğan etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Əgər xalqımızın müstəqillik hərəkatı cismani varlıq kimi götürülsə, ümummilli liderimizin siyasi fəaliyyəti onun hərəkətverici qüvvəsi və mənəvi ruhudur. Bu ruh, mənəvi qüvvə Azərbaycanı sonu görünməyən bəlalardan qurtarmış, xalqın siyasi iradəsini vahid ideya – Azərbaycançılıq ideologiyası uğrunda mübarizəyə yönəltmişdir”.
    İqtisadi cəhətdən müstəqil olmayan dövlət siyasi müstəqilliyini təmin edə, onu qoruyub saxlaya bilməz. 1993-cü ildən başlanan inkişaf və tərəqqi dövrü Azərbaycan tarixinə Heydər Əliyev siyasi xəttinin real iş və əmələ əsaslandığını bir daha təsdiq edir. Xalqımızın böyük oğlu Heydər Əliyev “Əsrin müqaviləsi”ni imzalamaqla Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Bazar münasibətlərinə əsaslanan iqtisadi islahatların həyata keçirilməsi, sahibkarlığın inkişafının stimullaşdırılması, müvafiq təkmil qanunvericilik bazasının yaradılması və hüquqi vasitələrin işə salınması ölkə iqtisadiyyatına xarici sərmayələrin axınını reallaşdırmışdır. Qeyri-neft bölməsi sürətlə inkişaf etməyə başlamış, özəlləşdirmə proqramı həyata keçirilmişdir. Ümumdünya iqtisadi məkanına qətiyyətlə inteqrasiya edən ölkə xammal ixracatçısından istehsal sənayesini qüdrətləndirən və əmtəə ixrac edən əlverişli tərəfdaşa çevrilmişdir.
    Ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik prinsipləri zaman keçdikcə daha da möhkəmlənir. Çünki bu iş, bu siyasi kurs müasir şəraitdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi altında həyata keçirilən tədbirlər, daxili və xarici siyasət sahəsində əldə olunmuş nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənməsinə və davamlı xarakter almasına xidmət etmişdir. Bu gün ölkəmizdə hüquqi-demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən islahatlar uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə bir sıra uğurlu infrastruktur layihələri gerçəkləşdirilmiş, yeni iş yerləri açılmış, büdcəmiz, iqtisadiyyat, sənaye istehsalı bir neçə dəfə artmış, yoxsulluq azalmış, nəticədə maaş­lar, pensiyalar dəfələrlə qaldırılmış, əhalinin sosial rifah halı xeyli dərəcədə yaxşılaşdırılmış, müstəqilliyin qarantı olan güclü ordu yaradılmışdır. Qazanılan bu cür siyasi və iqtisadi uğurlar xalqımızın həyatında özünü göstərmiş, onun doğma Vətənə bağlılığını, birlik və həmrəyliyini daha da artırmışdır. Həyata keçirilən tədbirlər nəticəsində Azərbaycan bu gün Şərqlə Qərbi birləşdirən bütün optimal nəqliyyat-kommunikasiya xətlərinin, habelə neft-qaz boru kəmərlərinin keçdiyi əlverişli tranzit məkan kimi təkcə Avropa üçün deyil, həm də Uzaq Şərq üçün strateji əhəmiyyət daşıyır. Bu gün ölkəmiz bir çox beynəlxalq əhəmiyyətli tədbirlərin nümunəvi ev sahibi və təşkilatçısıdır. Avropa Şurasında, İslam Əməkdaşlıq Təşkilatında, BMT-nin Təhlükəsizlik Şurasında, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında, YUNESKO-da, digər nüfuzlu təşkilatlarda Azərbaycanın xüsusi yeri vardır. Prezident cənab İlham Əliyev demişdir: “Müstəqil olmaq, azad olmaq böyük xoşbəxtlikdir. Bizdən əvvəlki nəsillər əsrlərboyu müstəqillik eşqi, müstəqillik arzuları ilə yaşamışlar və həyatdan getmişlər. Amma bu müstəqilliyi görməmişlər. Biz, bizim nəsil xoşbəxtdir. Biz nəinki müstəqilliyi görürük, biz müstəqilliyi möhkəmləndiririk”. 
    Elə müstəqilliyimizin möhkəmləndirilməsinin nəticəsidir ki, Azərbaycan ölkə başçısının rəhbərliyi ilə işğal olunmuş ərazilərini düşmən tapdağından azad etdi. İllərdir, beynəlxalq hüquq normalarına məhəl qoymayaraq havadarlarının yardımı ilə işğalı davam etdirən Ermənistan Azərbaycan Ordusu tərəfindən 44 gün ərzində diz çökdürüldü. Ərazi bütövlüyümüz bərpa edildi. Bununla da ölkəmiz öz gücü ilə bütün dünyaya sübut etdi ki, müstəqillik və bu müstəqilliyin vacib atributu olan ərazi bütövlüyü və onun toxunulmazlığı Azərbaycan xalqı üçün hər şeydən əzizdir. 31 illik müstəqillik tarixinə malik olan Azərbaycanın bu gün mötəbər tədbirlərdə, beynəlxalq konfrans və simpoziumlarda, dünya əhəmiyyətli sammitlərdə iştirakı ölkəmizin, xüsusilə Prezident cənab İlham Əliyevin dünya miqyasında nüfuzunun və dövlətimizin başçısına göstərilən yüksək ehtiramın əyani təsdiqidir.
    Artıq Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsinin 31-ci ildönümünü özünün ərazi bütövlüyünü tam təmin etmiş güclü ölkə, qalib xalq kimi qeyd edir. 2021-ci il 15 oktyabr tarixdə ölkə Prezidenti tərəfindən “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilib. Həmin Qanuna əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilib.
    Bu gün Azərbaycan müstəqil, güclü dövlət kimi yaşayır və inkişaf edir. Bu inkişaf ölkəmizin bütün guşələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında da özünü göstərməkdədir. Müstəqillik illərində muxtar respublikamızda ulu öndər dəstxətinə sadiqlik, yaradıb-yaşatmaq amalı və diyarımızın hər bir sahəsində atılan məqsədyönlü addımlar tezliklə Naxçıvanımıza müasirlik simasını qazandırdı. Muxtar respublikada dayanıqlı iqtisadi inkişafın nəticəsidir ki, bu ilin yanvar-avqust aylarında 1 milyard 939 milyon 834 min 300 manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2021-ci ilin müvafiq dövründəki göstəricidən 2,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsulun həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 4182,5 manat olub. Muxtar respublikada yaradılan ümumi daxili məhsulun tərkibində ilk yeri sənaye sahəsi tutur. Sənaye üzrə cari ilin yanvar-avqust aylarında 797 milyon 859 min manat dəyərində məhsul istehsal edilmişdir ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çoxdur. Bu ilin yanvar-avqust aylarında 354 milyon 489 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində muxtar respublikada 384 növdə məhsul istehsal olunur ki, bunun da 127 növü ərzaq, 257 növü isə qeyri-ərzaq məhsullarıdır. Hazırda əhalinin 108-i ərzaq, 242-si qeyri-ərzaq olmaqla, 350 növdə məhsula olan tələbatı tamamilə yerli imkanlar hesabına ödənilir.
    Bu gün Naxçıvan Muxtar Respublikası həm də mədəni yüksəliş dövrünü yaşayır. Elm, təhsil, səhiyyə, mədəniyyət və turizm kimi sahələrdə əldə olunan uğurlar Naxçıvanın simasını tamamilə dəyişib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Naxçıvan Muxtar Respublikasına hər səfərində görülən işləri yüksək qiymətləndirir, muxtar diyarın uğurlarından qürurla bəhs edir. İndi Naxçıvanın çox böyük dayanıqlı iqtisadiyyatı, güclü müdafiə potensialı var. Ötən illərdə muxtar respublikamız ölkəmizin ərazi bütövlüyünün qorunub daha da möhkəmləndirilməsinə, milli dövlətçiliyin inkişaf etdirilməsinə, quruculuq proseslərinin genişləndirilməsinə öz töhfələrini verib, bu gün də bu proses davam etdirilməkdədir.  Heydər Əliyev siyasi xəttinə sədaqət nümunəsi olan Naxçıvan Muxtar Respublikası bu gün dinamik inkişaf edir, Azərbaycanın sürətlə tərəqqi edən diyarı kimi şöhrət qazanır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan bizim əziz diyarımızdır, Heydər Əliyevin Vətənidir. Hər bir azərbaycanlı üçün əziz, doğma diyardır və Naxçıvanın inkişafı, çiçəklənməsi artıq reallıqdır. Bu reallığı biz özümüz yaratmışıq. Bu gün ulu öndərin xatirəsinə göstərilən ən böyük diqqət məhz özünü, bax bu inkişafda təcəssüm etdirir”.

“Şərq qapısı”
 

Nəşr edilib : 17.10.2022 23:50