AZ EN RU

Müstəqillik Ulu Öndərimizin müqəddəs əmanəti, xalqımızın ən böyük sərvətidir

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikası Qanununu təsdiq etmiş, həmin Qanuna əsasən mayın 28-i ölkəmizdə Müstəqillik Günü elan edilmişdir. Qanunda da qeyd olunduğu kimi,  1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradılmış, 1991-ci il oktyabrın 18-də isə Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuş, bu zaman 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad edilmişdir. Bu baxımdan ölkə Prezidentinin imzaladığı müvafiq qanunda 28 may tarixi mahiyyət və məzmununa uyğun olaraq dəqiq ifadə edilmişdir. 
    Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Müstəqillik bir bəyanatla olmur. Müstəqillik əməli işlə olur. Əməli iş də ondan ibarətdir ki, biz özümüz öz ölkəmizin, öz torpağımızın, millətimizin, taleyimizin sahibi olmalıyıq”. 
    Qeyd olunmalıdır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdir. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
    1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etsə də, müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi. Xalq özünün istiqlal arzularını nəsildən-nəslə ötürdü. 1970-1980-ci illərdə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan sürətlə inkişaf etdi, həm iqtisadi, həm də sosial sahədə böyük uğurlar qazandı. Görkəmli dövlət xadiminin rəhbərliyi altında həyata keçirilmiş tədbirlər ölkəmizin müstəqillik uğrunda mübarizəsinə real hüquqi-siyasi və iqtisadi əsaslar yaratdı. Azərbaycan ötən əsrin sonlarında müstəqilliyini yenidən bərpa etdi. Lakin əsrin əvvəlində olduğu kimi, bu dəfə də erməni təcavüzü ilə üzləşərək torpaqlarının işğalı və müstəqilliyinin itirilməsi təhlükəsi ilə rastlaşdı. Tarixi hadisələr göstərir ki, Azərbaycan xalqı müstəqil dövlətini yaratmaq istəyəndə daim erməni faktoru ilə üzləşmiş, ölkəmizin müstəqil dövlət olmasını istəməyənlər “erməni məsələsi”ndən yetərincə istifadə etmişlər. 
    Görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumuş və möhkəmləndirmişdir. Ulu Öndərin 1990-1993-cü illərdə Naxçıvanda  yaşadığı illər müstəqilliyimizin möhkəmləndirilməsi, milli dövlətçilik ənənələrimizin qorunması və gücləndirilməsində müstəsna rol oynadı. Bütün həyatını Azərbaycanın müstəqilliyinə həsr etmiş Ümummilli Liderin sədrliyi ilə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan MSSR Ali Sovetinin sessiyasında “Naxçıvan MSSR-in adının dəyişdirilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikası Ali Dövlət hakimiyyəti orqanı haqqında”, “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” tarixi qərarlar qəbul olunmuş, üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikası Ali Məclisində qaldırılmış, Naxçıvan Muxtar Respublikasının adından “Sovet Sosialist” sözləri götürülmüş, Sovet İttifaqının qorunub saxlanması ilə əlaqədar  1991-ci il martın 17-də keçirilən ümumittifaq referendumunda Naxçıvan Muxtar Respublikası iştirak etməmişdir. 
    Ümummilli Liderimizin 1993-cü ildə xalqın təkidli tələbindən sonra ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı isə Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etmiş, dövlət müstəqilliyimiz möhkəmləndirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “1993-cü il, əslində, real müstəqilliyimizin ilk ili olmuşdur. Məhz Heydər Əliyevin qətiyyəti, cəsarəti, təcrübəsi, dünyagörüşü və düşünülmüş siyasəti nəticəsində Azərbaycan o ağır vəziyyətdən çıxa bildi, sabitlik yarandı və inkişaf dövrü başlandı... Azərbaycanda demokratik təsisatlar məhz Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və möhkəmləndirilmişdir... 1993-2003-cü illər tarixdə sabitlik, inkişaf illəri kimi qalacaqdır”. Ötən dövrdə Azərbaycan beynəlxalq hüququn subyekti kimi sübut etmişdir ki, o, Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ləyaqətli varisidir, onun davamçısıdır və ənənələrinə sadiqdir. 
    Müstəqilliyimizin bizə verdiyi bəhrələr bu gün ölkəmizin bütün dünyada tanınmasına, qəbul olunmasına imkan vermişdir. “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr Sərəncamında deyilir: “Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”. 
    İndi müstəqil Azərbaycan dövləti mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir, öz milli, mədəni və multikultural dəyərləri ilə dünya ölkələri üçün əsl nümunəyə çevrilir. 
    2023-cü il mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda ölkə başçısı cənab İlham Əliyev deyib: “Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində O, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir”.  
    Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasi xəttin uğurla davam etdirilməsi artıq Azərbaycanı regionun iqtisadi-siyasi, hərbi baxımdan ən güclü dövlətinə çevirmişdir. Elə bu gücün nəticəsidir ki, Azərbaycan 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində mənfur erməni ordusunu tamamilə darmadağın edərək illərdir, işğalda saxlanılan torpaqlarını azad etdi. Əgər Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə ali hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqilliyini parçalanmaqdan, məhv olmaqdan qoruyub xilas etdisə, cənab İlham Əliyev ölkəmizin ərazi bütövlüyünü bərpa edərək bu müstəqilliyin tamlığını təmin etdi. Ölkə başçısı demişdir: “Uzun illər ərzində Azərbaycanın hərtərəfli inkişafı üçün rəhbər tutulan strateji xəttin, ölkəmizin daha da güclənməsi üçün görülən fasiləsiz işlərin məntiqi nəticəsi isə tarixi ədalətin bərqərar olması – Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi olmuşdur. Rəşadətli Ordumuz döyüş meydanında həqiqi qəhrəmanlıq və vətənpərvərlik nümayiş etdirərək cəmi 44 gündə torpaqlarımızı işğaldan qurtarmışdır. Azərbaycan xalqının apardığı Vətən müharibəsi Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələnmişdir. Azərbaycanın Vətən müharibəsindəki Zəfəri regionumuzda yeni reallıqlar yaratmışdır. Tarixi Qələbəmiz həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafında yeni dövrün başlanğıcıdır”. Qələbənin digər möhtəşəmliyi isə ölkəmizin əsas əraziləri ilə Naxçıvan arasındakı əlaqələrin bərpası olacaqdır.
    Ötən əsrin sonlarından blokadaya alınan Naxçıvan bütün çətinliklərə baxmayaraq, müstəqillik illərində inkişaf etmiş, blokadada inkişafın yeni nümunəsini yaratmışdır. Elə ötən ilin və 2023-cü ilin ilk 4 ayının yekunlarına diqqət yetirmək kifayətdir ki, bu dövrdə qazanılan uğurların həcmi və coğrafiyasını görək. Bu dövrdə ümumi daxili məhsul istehsalı dəfələrlə artmış, yeni emal və istehsal müəssisələri yaradılmış, bütün istehsal sahələrində əldə olunan nailiyyətlər böyük rəqəmlərlə ifadə edilmiş, əhalinin məşğulluğu yüksəldilmişdir. Tikinti-quruculuq işləri diqqət mərkəzində saxlanılmış, meliorasiya tədbirləri davam etdirilmişdir. Təbii ki, bütün bunlar müstəqilliyin bəhrələridir və qədim diyarımıza ölkə başçısı cənab İlham Əliyevin davamlı qayğısı hesabına Naxçıvan Muxtar Respublikasında qazanılan nailiyyətlər, əldə olunan uğurlar getdikcə artır.
    “Bugünkü Azərbaycan bir daha göstərir ki, müstəqillik ən böyük sərvətimizdir. Bu, həqiqətən də, belədir. Müstəqillik ən böyük sərvətimizdir, ən böyük nemətimizdir, ən böyük xoşbəxtliyimizdir. Azərbaycanın müstəqilliyi əbədidir”, –  deyən  görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətini uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin bu qənaəti qalib və qüdrətli dövlət olan Azərbaycanın əbədi müstəqilliyinin qorunmasında hər birimizin məsuliyyətini daha da artırmaqla bu vəzifə vətəndaşlıq borcuna çevrilib.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar jurnalisti

Nəşr edilib : 27.05.2023 23:50