AZ EN RU

“Müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda III panel müzakirələri keçirilib

    “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi çərçivəsində növbəti panel müzakirələri olub. 
    Əvvəlcə qonaqlar “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanış olublar. Günün ikinci yarısında Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə “Müstəqillik dövründə Azərbaycanın xarici siyasət prioritetləri” mövzusunda III panel müzakirələri keçirilib. Panelçilər Azərbaycan Respublikasının sabiq xarici işlər naziri, Azərbaycan Respublikasının Bosniya və Hersoqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyevin, Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi  nümayəndəsi Fəxrəddin İsmayılovun,  Xarici İşlər Nazirliyinin Linqvistik Təminat İdarəsinin rəisi Rizvan Nəbiyevin çıxışları olub. Çıxışlarda Ümummilli Lider Heydər Əliyev və mədəniyyət diplomatiyası, Avropa Şurası ilə əməkdaşlığın yaradılması, genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Ulu Öndərin rolu, mühüm geosiyasi məkan kimi Azərbaycanın müstəqil xarici siyasətinin formalaşması, regional və qlobal proseslərdə fəal iştirakının təmin edilməsi, regionda sabitliyin və təhlükəsizliyin qarantına çevrilməsində görkəmli dövlət xadiminin xidmətləri geniş şəkildə gənclərin diqqətinə çatdırılıb. Panelistlərlə debat zamanı diaspor gənc­lərini maraqlandıran suallar cavablandırılıb.
    Jurnalist-təlimçi Şəfəq Mehrəliyevanın moderatorluğu ilə “Xalq diplomatiyası” adlı maraqlı təlim keçirilib. Təlimdə gənclər aktivlik nümayiş etdirib. Daha sonra vaxtı daha da əyləncəli etmək üçün  “Breyn rinq” intellektual oyunu  təşkil edilib. Qonaqlar üçün ayrılan asudə vaxtda isə “Nəsimi”  filmi nümayiş olunub.
     Düşərgə iştirakçılarından qəzetimiz üçün müsahibə aldıq.

     Əsma Beheri: – Misirliyəm, Əl-Əzhər Universitetindən yenicə məzun olmuşam. Misirdəki Misir-Azərbaycan Dostluq Cəmiyyətində Azərbaycan dilini öyrənmişəm. İlk müəllimim  azərbaycanlı olub. Onlar bizə bir müəllim kimi yox, qardaş-bacı kimi münasibət bəsləyir, azərbaycanlıları çox sevdiyimiz üçün onların dilində daha yaxşı danışmağa can atırdıq. Müəllimlərimiz bizə güvənir, qarşılıqsız, sevə-sevə  dili öyrədirdilər. Ona görə bizim ölkəmizdə Azərbaycan dilini bilən çoxdur. 
    Misirdəki Azərbaycan Diasporu ilə aktiv əlaqələrim vardır. Azərbaycan haqqında, xüsusilə soyqırımı, Qanlı Yanvar günləri ilə bağlı məlumatlar toplayıb, Azərbaycan dilindən ərəbcəyə tərcümə edib məqalələr hazırlayıram və yazdıqlarım, hətta ana dilinizdə söylədiyim şeirlər cəmiyyət, eləcə də diasporun internet hesablarında paylaşılır. Ərəblər bu vasitə ilə az da olsa, Azərbaycan haqqında məlumat ala bilirlər. 
    Naxçıvana, düşərgəyə gəlişim elan vasitəsilə oldu. Orada həm xaricdə yaşayan azərbaycanlılar, həm də Azərbaycan dilində danışa bilənlər iştirak edə bilər yazırdı. Mən də bu fürsəti əldən buraxmadım, biliklərimi artırmaq üçün müraciət etdim. Naxçıvan çox gözəldir. Həm gəzdiyimiz yerlər, həm də burada aparılan müzakirələrdə Azərbaycan tarixi haqqında çox şey öyrəndim. Mən fəxr edirəm ki, həm misirliyəm, həm Azərbaycan haqqında məlumatlıyam. Naxçıvanda xüsusilə diqqətimi çəkən Heydər Əliyev Muzeyi oldu. Azərbaycanlılar Ulu Öndər kimi bir dahi rəhbəri çox haqlı olaraq fəxr edirlər. O, dahi bir şəxsiyyətdir, Onun Azərbaycan üçün nə etdiyini biləndə heyrətə gəlirsən. Onun haqqında burada gəzdiyimiz yerlərdə çox məlumatlar öyrəndik. Azərbaycanlılar çox mehribandırlar, onlar mənim misirli qonaq olduğumu biləndə daha yaxşı davrandılar. Bir sözlə, burada hər şey mükəmməldir.  Mən çox şadam ki, belə bir düşərgədə iştirak edirəm.

    Ramal Verdiyev: – Düşərgəyə Slovakiya Respublikasının Bratislava şəhərindən qatılıram. Orada magistr təhsilimi başa vurduqdan sonra doktorantura təhsilimi davam etdirirəm. Həmçinin beynəlxalq şirkətlərdən birində çalışıram. Artıq 4-cü ildir ki, Slovakiyada yaşayıram. Slovakiyaya dövlət təqaüd proqramı xətti ilə getmişdim və məzun olduqdan sonra davam etdirirəm. Diaspor gənclərinin düşərgəsi haqqında məlumatı bundan öncəki Şuşada təşkil edilən düşərgədə Slovakiyadan iştirak edən nümayəndə vasitəsilə öyrəndim. Ondan əvvəlki düşərgələr haqqında da araşdırdım, gördüm ki, həqiqətən, diaspor gənclərinin  ümumi kommunikasiyası üçün çox gözəl bir vasitədir. Bizim Slovakiyadakı diasporumuzun koordinatoru ilə əlaqə saxladıqdan sonra müraciət etmək qərarına gəldim. Şadam ki, müraciətim müsbət cavablandırıldı. Çünki Naxçıvan şəhərində heç vaxt olmamışdım. Təəssüratlarım həddindən artıq gözəldir. Naxçıvandakı qədim tarixi abidələrə – Xan Sarayı, Möminə xatın türbəsi, Heydər Əliyev Muzeyi, Əshabi-kəhf ziyarətgahına səfər etdik. Çox sevincliyəm ki, burada iştirak etdim. Həmçinin düşərgə müddətində bizim müəyyən panel müzakirələrimiz olur. Ölkənin dövlət strukturlarında, xaricdə fəaliyyət göstərən təcrübəli şəxslərin Ümummilli Lider Heydər Əliyevlə bağlı öz fikirlərini bölüşməsi bizim üçün çox xoşdur. Çünki biz onlardan öyrənirik. Ümid edirəm ki, digər müzakirələr də  maraqlı olacaq, daha da təcrübə qazanacağıq və bunu öz fəaliyyətimizdə tətbiq edəcəyik. Çünki bizim burada iştirak etməyimizin əsas məqsədi öyrəndiklərimizi yaşadığımız ölkələrdə təbliğ etməkdir və diaspor fəaliyyətinin daha da gücləndirilməsidir. Çalışacağam ki, bu düşərgədən sonra mən də üzərimə düşən vəzifəni layiqincə yerinə yetirəm. 

    Nərgiz Kazımova: – Üç il Fransanın paytaxtı Paris şəhərində yaşamışam, magistr təhsili almışam. Orada ölkəmizlə bağlı təşkil edilən tədbirlərdə aktiv iştirak edirəm. Həmçinin Parisdə diasporumuzun  fəaliyyəti ilə tanış oldum. Hazırda Tuluz şəhərində Paul Sabatier Universitetində kimya üzrə doktorantura təhsili alıram. Düşərgəyə internet vasitəsilə seçildim. Düşərgə çox maraqlı keçir, çox interaktiv panellər keçirilir. Artıq üçüncü gündür, çox şey öyrənmişik. Gözəl insanları tanıdıq burada, bundan başqa, Naxçıvanda bir çox yerlərə gəzintimiz oldu. Naxçıvan təmiz, çox gözəl bir şəhərdir. Burada İspaniya, Avstriya, Rusiya və sair kimi fərqli ölkələrdən insanlarla tanış oldum, çoxlu dostluqlar qazandım. 

 Güntac ŞAHMƏMMƏDLİ

Nəşr edilib : 14.08.2023 21:30