AZ EN RU

Müstəqil və qalib ölkənin xoşbəxt gəncləri

    Azərbaycan xalqının dahi xilaskarı, görkəmli dövlət xadimi Ümummilli Lider Heydər Əliyev Vətənimizin qurucu memarı olmaqla bərabər, həm də müasir gənclər siyasətinin, daha dəqiq desək, xoşbəxt, firavan Azərbaycan gəncliyinin banisidir. Hakimiyyətinin hər iki dövründə gənclərə diqqət göstərən, onların vətənpərvər ruhda böyüməsinə, sağlam əqidədə formalaşmasına qayğı ilə yanaşan dahi rəhbər bir zamanlar gənclərlə bağlı yüksək fikirlərini bu cür ifadə edirdi: “Bizim bugünkü gəncliyimiz sağlamdüşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.

Gəncliyi zülmət qaranlığın 
ümidinə qalanlar...

Ötən əsrin 90-cı illərindən ölkəmizdə başlayan siyasi gərginlik, erməni daşnaklarının torpaqlarımıza əsassız iddiaları, təbii ki, yaşından, hətta statusundan, daşıdığı hüquq və vəzifədən asılı olmayaraq, hər kəsi zamanın sınağına çəkməkdə idi. Bir tərəfdən keçmiş Sovet İmperiyasının 70 il xalqımıza göstərdiyi siyasi təsirin nəticəsində əzilən, uzun illər dili, ədəbiyyatı, etiqadı tapdalanan, milli-mənəvi sərvətləri tar-mar edilən əliyalın günahsız dinc əhali, digər tərəfdən, bədnam qonşuların yurdumuza etdikləri təcavüzlər, Vətənimizin tarixində bu günə qədər baş vermiş ən ağır hadisələrdən biri, bəlkə də, birincisi idi. Sözsüz ki, belə bir şəraitdə psixoloji, mənəvi və maddi sıxıntıya ən çox məruz qalan da elə Azərbaycan gəncliyi idi. Ömrünün ən şirin çağları çörək növbələrində keçən, soyuq sinif otaqlarında dərs oxumağa məcbur olan məsum, günahsız Azərbaycan gəncliyi...

Solmuş üfüqlərdən aydın 
şəfəqlərə...

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra gənc­lərlə iş ölkədə prioritet mövzulardan birinə çevrildi. Ulu Öndər ölkənin inkişafını birbaşa gənclərin hərtərəfli inkişafı ilə bağlayırdı. Bu səbəbdən də hələ ölkədə gərgin siyasi mühitin olduğu bir dövrdə ilk olaraq Gənclər və İdman Nazir­liyi yaradıldı. Bu həmin dövr üçün baş verən ən aparıcı addım idi. Gəncləri bir amal uğrunda birləşdirmək üçün verilən bu qərar tez bir zamanda öz bəhrəsini göstərdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə prezident seçilən dahi rəhbər elə ilk olaraq ölkədə gənclər siyasətinin yüksək tələblər səviyyəsində qurulmasına diqqət yetirdi. Ulu Öndər gənclərin himayədarı olaraq sağlamdüşüncəli yeni nəslin yetişdirilməsini dövlətin və cəmiyyətin prioritet vəzifəsi səviyyəsinə yüksəltdi. Böyük siyasi xadimin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri də o idi ki, gənclərlə bağlı məsələləri həmişə öz siyasətinin əsas tərkib hissələrindən biri hesab edir, onların imkan və bacarıqlarını yüksək qiymətləndirir, problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi diqqət yetirirdi. Ümummilli Lider bundan əlavə, gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə zəruri qanunvericilik bazasının formalaşdırılmasına böyük önəm verirdi. Böyük amallara hesablanmış, yüksək təməllər üzərində qurulub yaradılmış islahatlar isə hər ötən gün öz müsbət təsirini göstərirdi. Bir tarixi faktı qeyd etmək yerinə düşər ki, 1996-cı il fevralın 2-də Azərbaycan gəncliyinin həyatında yeni dövrün başlanğıcı oldu. Müstəqil Azərbaycanın tarixində həmin gün Ümummilli    Liderin şəxsən iştirakı ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Bir il sonra ilk forumun iştirakçılarının bir qrupu ilə görüşən xalqımızın dahi oğlu əsas diqqəti keçən bir il ərzində görülmüş işlərin təhlilinə, gənclərlə bağlı əsas problemlərin həllinə yönəltdi. Ulu Öndərin həmin gün imzaladığı sərəncamla 2 fevral ölkəmizdə Gənclər Günü kimi qeyd olunmağa başladı. Həmin tarixi addım dili bir, əqidəsi bir, amalı bir gənclərin vahid ideya ətrafında toplaşıb hünərvərlik nümayiş etdirdiyi gün kimi bu gün də böyük coşqu və təntənə ilə qeyd olunur.

Ümid sizədir ancaq, Azərbaycan gəncləri!

Günü-gündən müasirləşən Vətənimizdə Ulu Öndərin gəncliyə və gənclərə etimadı zaman ötdükcə öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələni yaşayır. Prezident cənab  İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə, daha dəqiq desək, sədaqət andı içdiyi ata vəsiyyətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb. Azərbaycan gənclərinin ölkənin ictimai-siyasi həyatında rolu isə günü-gündən artır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb. Gənclər də, öz növbəsində, dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Ümummilli Liderin torpağında gənc olmanın ali dəyəri...

Ulu Öndər Heydər Əliyevin ideya-siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində qədim Naxçıvan torpağı da inkişafa qovuşub. Eyni zamanda qədim şəhər mədəniyyətinə malik olan Naxçıvan bu gün müasirliyi ilə öyünür, necə deyərlər, keçmişini qorumaqla gələcəyə doğru inamla addımlayır. Uzun illər blokada şəraitində yaşamasına baxmayaraq, daim ölkə    rəhbərinin diqqətində olan diyarımızda, qeyd etdiyimiz kimi, nümunəvi, savadlı, sabit əqidə və dövlətçilik maraqlarını qoruyub-yaşadan gənc nəsil formalaşıb. Ölkə rəhbərinin müxtəlif tarixlərdə muxtar respublikaya etdiyi səfərlərdə gənclərin xidmətinə təqdim edilən mühüm təhsil ocaqlarının, elm məbədgahlarının açılışında iştirak etməsi, gənc­lərə diqqət və qayğının artırılması istiqamətində müəyyən tövsiyələrin verilməsi dediklərimizi bir daha təsdiq edir. Bunun bariz nümunəsi kimi muxtar respublikamızın 2018-ci ildə “Gənclər Paytaxtı” seçilməsini misal göstərə və bununla öyünə bilərik. Zaman keçdikcə müasirləşən yurdumuzda fəal gənclərin sayı da artır, onların potensiallarının qiymətləndirilməsi istiqamətində böyük işlər görülür. 
Sadaladıqlarımın əyani sübutunu diyarımızın ən qabaqcıl təhsil ocaqlarından biri olan Naxçıvan Dövlət Universitetində təhsil aldığım müddətdə daha yaxından hiss etmişəm, o illərdə ali təhsil ocağının ictimai-siyasi sahəsində fəallıq göstərən tələbələr sırasında olmağın sevincini, qürurunu yaşamışam. Xatırlayıram həmin illəri... Tarix-filologiya fakültəsinin Tələbə-Gənclər Təşkilatının sədri olduğum illərdə bir çox layihələrin, tədbirlərin, intellektual yarışların təşkil edilməsində fəallıq nümayiş etdirmişdim. Muxtar respublikanın ali təhsil məkanı üzrə keçirilən ilk “Debat” layihəsi yarışında müvəffəqiyyət qazanmağım, “İlin ən yaxşı Tələbə-Gənclər Təşkilatı” nominasiyası üzrə I yerə layiq görülməyim, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazir­liyi tərəfindən “İlin fəal gənci” fəxri fərmanı ilə mükafatlandırılmağım, ideya müəllifi olduğum “Əsgərə məktub” layihəsi ilə bir çox gənci ön cəbhədə vuruşan əsgər və zabitlərimizə məktub yazmağa, onları bir olub vətənpərvərlik nümayiş etdirməyə sövq etməyimiz, bir çox yazı müsabiqələrində birinciliklər əldə etməyimiz məhz dövlətimizin gəncliyə böyük qayğısının bəhrələridir. Tələbəlik illəri ərzində qazandığımız ən yaxşı uğurlardan biri isə məmləkətimizin ziyalı alimlərindən dərs almağımız, onlardan elmin sirlərini öyrənməyimiz, həmçinin fəal, dünyagörüşlü gənclərlə bir kollektivdə iştirak etməyimiz olub. Bu gün qürurla dilə gətirirəm ki, əldə etdiyim uğurlar bir şəxsin timsalında bütün Azərbaycan gəncliyinə ehtiva olunmuş nailiyyətlərdir. Yaradılan şəraitdən istifadə etməklə ölkəmizi layiqincə təmsil etmək isə hər bir gəncin Vətən borcu, qeyrət borcudur. Elə gənclərin ən böyük himayədarı, Ali Baş Komandan  cənab İlham Əliyevin də dediyi kimi: “Bu gün hər bir vətənpərvər azərbaycanlı haqlı olaraq fəxr edir ki, o, müstəqil Azərbaycan Respublikasının vətəndaşıdır. Ölkə­mizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu vardır. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərirlər, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər... Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik”. 


Nurlan BAĞIRLI

Nəşr edilib : 11.01.2023 10:42