AZ EN RU

Müstəqil və qalib Azərbaycanımızın gələcəyi sağlam gəncliyə əmanətdir

    Hər bir ölkənin perspektiv inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi gənc kadrların hazırlanmasından, onların intellektual inkişafından və cəmiyyətin aparıcı üzvlərinə çevrilməsindən asılıdır. 

    Azərbaycanda dövlət gənclər siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Dahi şəxsiyyət siyasi fəaliyyətinin bütün dövrlərində gənclərimizə xüsusi qayğı göstərərək onların yüksək təhsilə malik olması, milli kadr kimi formalaşması istiqamətində əməli addımlar atıb. Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı “Dövlət gənclər siyasəti haqqında” müvafiq Fərman gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtın təşkili problemlərinin həlli, gənclərin hüquqlarının müdafiəsi, onların respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakının təmin olunması ilə bağlı məsələlərin geniş spektrini əhatə edir. Sözügedən Fərmana uyğun olaraq ölkəmizdə “Gənclər siyasəti haqqında” ayrıca qanun qəbul edilib. Ulu Öndər Azərbaycan gəncliyinə müraciətlə demişdir: “Siz Azərbaycanın bu günü və gələcəyisiniz, sizin üzərinizə böyük vəzifələr düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır. Siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanlarısınız, inkişaf etdirənlərisiniz, biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcəyik, sizə tapşıracağıq. Ona görə də Azərbaycan torpağını yaşatmaq, inkişaf etdirmək üçün hazır olun”.

    Dahi şəxsiyyətin ölkə gənclərinə xitabən dediyi bu fikirlər onlara verdiyi yüksək dəyəri, etimadı göstərməklə yanaşı, ölkənin gələcək inkişaf pespektivində gənclərin üzərinə düşən ali missiyanın anonsu idi. 
    Dövlət gənclər siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bugünkü Azərbaycan gəncliyi cəmiyyət həyatının bütün istiqamətlərində fəal iştirak edir, yüksək intellektli toplum kimi yetişir, beynəlxalq miqyaslı yarış və tədbirlərdə ölkəmizi layiqincə təmsil edir. Dövlət başçısının gənclər siyasəti ilə bağlı müxtəlif illərdə imzaladığı fərman və sərəncamlar ölkəmizdə aparılan gənclər siyasətinə yeni impuls verib. 2005-2009-cu, 2011-2015-ci, eləcə də 2017-2021-ci illəri əhatə edən üç Dövlət Proqramı uğurla reallaşdırılıb. Hazırda “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”na uyğun olaraq müxtəlif layihələr həyata keçirilməkdədir. Qəbul edilmiş Dövlət proqramları, qanunlar, fərman və sərəncamların hər birinin ana hədəfi Azərbaycan gəncliyinin, bütövlükdə, ölkəmizin inkişaf etdirilməsidir. Ulu Öndərin uzaqgörən siyasi kursunda gənclərin əsl vətənpərvər kimi yetişdirilməsində müstəsna yerlərdən birini tuturdu. Həmin siyasi kursun davamçısı kimi Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin fəaliyyəti dövründə də milli dəyərlərə sadiqlik, vətənpərvərlik ruhunda böyüyən gənc nəsil tarix yazaraq 30 ilə yaxın işğal altında qalmış torpaqlarımızı azad etdi. Prezident cənab İlham Əliyev Gənclər Günü ilə bağlı builki təbrik müraciətində də bu məsələyə xüsusi toxunaraq demişdir: “Azərbaycanda həyata keçirilən gənclər siyasəti yeni nəslin intellektual və innovativ potensialının reallaşmasına hərtərəfli imkan yaratmaqla yanaşı, eyni zamanda onda dərin vətənpərvərlik ruhu formalaşdırmışdır. Azərbaycan gənci məhz qəlbindəki güclü Vətən sevgisi sayəsində döyüşlərin əsas ağırlığını qəhrəmancasına öz üzərinə götürərək xalqımızın qələbə əzmini dünyaya nümayiş etdirmiş və 44 günlük Vətən müharibəsində Zəfər salnaməsi yazmışdır”.

    İndi qalib Azərbaycan gənci “Böyük Qayıdış” proqramının icrası ilə daha bir milli prioritetin gerçəkləşməsində önəmli vəzifələr icra etməkdədir. Gənclərimiz öz lideri Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazimizdə yenidən inşa olunan Azərbaycan torpaqlarında yaşayıb, yaradır, gələcək nəsillər üçün xoşbəxt həyat şəraiti qurmağa çalışırlar.

    Gənclər və idman siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir, Dövlət proqramlarının icrası təmin edilir. Nümunəvi və vətənpərvər gəncliyin formalaşması, gənclərin istedad və intellekt potensiallarının inkişaf etdirilməsi, idmanın kütləviliyinə nail olunması, bədən tərbiyəsi və idmanın geniş coğrafi məkanda təbliği, yüksək nailiyyətlər qazanmaq və dünya şöhrətli idmançılar hazırlamaq muxtar respublikada gənclər və idman siyasətinin prioritet istiqamətləri kimi diqqət mərkəzində saxlanılır. Gənclərin şəxsi inkişafına nail olmaq məqsədilə mütəmadi olaraq şəhər və rayonlarda şəxsi inkişaf və yeni karyera imkanları yaradan müxtəlif layihələr, motivasiya yönümlü təlimlər keçirilir, yaradıcı gənclərin aşkar edilməsi və onlara dəstək məqsədilə kurslar, müsabiqələr təşkil olunur. Könüllülük hərəkatının genişlənməsi istiqamətində addımlar atılır. Əlamətdar tarixi günlər, o cümlədən Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə bağlı hər il silsilə tədbirlər keçirilir. Həyata keçirilən layihələrə tələbələrin cəlbi, onların könüllülük proqramına qəbulu, ideyalarının dəstəklənməsinə xüsusi önəm verilir. Tələbələrimiz dəfələrlə ölkə üzrə müxtəlif qrant müsabiqələrinin, yarışmaların qalibi və ya mükafatçısı olub. Son vaxtlara nəzər salsaq, “2023 Enactus Azərbaycan” milli yarışının qalibi kimi Naxçıvan Dövlət Universitetinin tələbələrinin oktyabr ayında Niderlandın Utrext şəhərində keçirilən dünya ENACTUS çempionatında Azərbaycanı uğurla təmsil etməsini qeyd edə bilərik.

    Muxtar respublika əhalisinin, təxminən, 22 faizini gənclər təşkil edir. Bu da regionun gələcək sosial-iqtisadi inkişafı üçün yüksək potensial vəd edən güclü insan kapitalının mövcudluğundan xəbər verir. Bu konteksdə gənclərin müasir texnoloji və iqtisadi biliklərə yiyələnməsi, modern peşə sahiblərinə çevrilməsi və yerli mütəxəssis kimi formalaşması yönündə görüləcək işlər yeni karyera istiqamətləri baxımından əsas prioritetlərdəndir. 
    İnsan kapitalının inkişafına “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda geniş yer verilib. Peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, o cümlədən əmək bazarının tələblərinə uyğun yeni ixtisasların tədrisi, xidmət, turizm, informasiya texnologiyaları və digər istiqamətlərdə təlimlərin təşkili həyata keçiriləcək, Gənclərin İnkişaf və Karyera Mərkəzi yaradılacaqdır. Ümumilikdə, məşğulluq imkanlarının artması, infrastruktur təminatının inkişafı, təhsil sistemində innovativ tədris metodikasının tətbiqi, sosial sektorun və insan kapitalının inkişafı kimi prioritetlər muxtar respublikada əhalinin, xüsusən də gənclərin rifahı, iş və karyera həyatı baxımından böyük əhəmiyyətə malikdir.
    İyunun 13-də Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin muxtar respublikanın bir qrup fəal gənci ilə görüşü Naxçıvan  gəncliyi üçün böyük stimul oldu. Səlahiyyətli nümayəndə görüşdə çıxış edərək 2022-ci ilin dekabr ayından Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəlik institutunun formalaşmasını Naxçıvanın, ümumiyyətlə, Azərbaycan Respublikasının həyatında yenilik kimi qiymətləndirib. Fuad Nəcəfli Azərbaycan Respublikasında aparılan sosial-iqtisadi islahatlarla bağlı gənclərə ətraflı məlumat verib. Səlahiyyətli nümayəndə çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə gedən sürətli inkişaf prosesindən,  Azərbaycan, ümumilikdə, özünü bütün dünyəvi dəyərlərin mirasçısı kimi göstərməsindən danışaraq gənc­lərə tövsiyə edib ki, cəmiyyətimizdə hər bir prinsipial mövqeyi olan gənc, fərd bu məsələni diqqətdə saxlamalı, gələcək nəsillərə ötürməlidir. Eyni zamanda vurğulamışdır ki, muxtar respublikanın inkişaf etdirilməsində gənclərin potensialından istifadə edilməlidir. Muxtar respublikada ölkə başçısının gənclər siyasətinin uğurla gerçəkləşdirilməsi, gəncliyə göstərilən etimad və qayğı bu məramı bir daha təsdiqləyir.  
    Ölkə gəncləri artan dövlət dəstəyi və müasir imkanların müşayiətində gələcəyə doğru böyük inamla irəliləyir, mühüm vəzifələr icra edirlər. Onların güclü lideri, güclü dövləti, müzəffər Ordusu var. Bu əsaslar onların həyat və fəaliyyətlərində, ölkəmizin inkişafındakı səylərində ən önəmli faktor kimi gələcəyə işıq saçır. 

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin 
mətbuat xidməti

Nəşr edilib : 16.11.2023 20:12