AZ EN RU

Müstəqil məhkəmə hakimiyyətinin qurucusu

    Ulu Öndərimiz Heydər Əliyevi anadan olmasının 100 illik yubileyi münasibətilə dərin hörmət və ehtiram hissi ilə anmaq, düşüncə və prinsiplərinə sahib çıxmaq bu dahi şəxsiyyəti sonsuzadək yaşatmaq deməkdir. Ötən 100 ilə nəzər saldıqda Azərbaycan tarixinə Heydər Əliyev qədər müdrik, uzaqgörən liderin gəlmədiyini görmək olar.
    Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev demokratik, hüquqi dövlətin təməlini qoydu. Azərbaycan dövlətinin bütün sahələri kimi, məhkəmə sisteminin də yaradılması və inkişafı Ulu Öndərin adı ilə bağlıdır. Sovet hakimiyyəti illərində keşməkeşli yollar qət edən məhkəmə-hüquq sistemimizin dayanıqlı fəaliyyəti Ümummilli Liderin 1969-cu ildə Azərbaycan rəhbərliyinə gəlişi dövrünə təsadüf edir. SSRİ tərkibində Azərbaycan kimi, onun məhkəmə sistemi də keşməkeşli yol keçdi. Sirr deyil ki, Kremlin bir sıra hallarda Azərbaycana qarşı qərəzli mövqe tutması, başqa sahələrdə olduğu kimi, məhkəmə sisteminin fəaliyyətində də müəyyən problemlər yaradırdı. Bu neqativ tendensiyaya Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra son qoyuldu. Həmin sahə üzrə araşdırma aparan mütəxəssislər vurğulayırlar ki, Azərbaycan məhkəmə sistemi dayanıqlı, məqsədyönlü, ədalətli və hüquqa tam əməl etməklə fəaliyyətini davam etdirdi. 
      Heydər Əliyev qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutaraq Azərbaycanda məhkəmə hakimiyyətinin yaradılmasına, onun qanunvericilik əsaslarının formalaşmasına və bu sahədə islahatların həyata keçirilməsinə nail olub. Dahi liderin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ölkə­də mövcud olan hərc-mərcliyi, anarxiyanı aradan qaldırmaq, cinayətkarlıqla mübarizə və sabitliyin bərpası istiqamətində atdığı qətiyyətli addımlar məhkəmə sisteminin inkişafına ciddi təkan verdi. 1993-cü ildən ölüm cəzasının icrasına veto qoyuldu, 1998-ci ildə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü tamamilə ləğv edildi, əfv və amnistiya institutları geniş tətbiq olunmağa başladı. Ulu Öndərin rəhbərliyi və uzaqgörənliyi sayəsində Azərbaycan Respublikasında məhkəmə sistemi yalnız cinayət işlərinə və mülki mübahisələrə baxan ədliyyə orqanı kimi deyil, həmçinin vətəndaşların hüquqlarının müdafiəsini qanunvericiliyin tələblərinə uyğun şəkildə, yüksək səviyyədə təmin edən hakimiyyət orqanı kimi təşkil edilib. 
    1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilən müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyası məhkəmə hakimiyyətinin formalaşmasında mühüm mərhələ oldu. Azərbaycan Konstitusiyasının 7.3-cü maddəsində Azərbaycanda hakimiyyət bölgüsünün hüquqi prinsipləri, o cümlədən məhkəmə hakimiyyətinin Azərbaycan məhkəmələri tərəfindən həyata keçirildiyi qeyd olunub. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunan müstəqil məhkəmə hakimiyyətinin yaradılmasını həyata keçirmək məqsədilə “Məhkəmələr və hakimlər haqqında” Qanunun qəbulu mühüm və əlamətdar hadisədir. Konstitusiyaya, habelə 1998-ci il qəbul edilmiş “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq respublikada birinci instansiya, apelyasiya və kassasiya instansiyalı üçpilləli məhkəmə sisteminin yaradılması insan hüquq və azadlıqlarının etibarlı müdafiə mexanizmlərinin formalaşdırılmasına imkan yaradıb. Üçpilləli məhkəmə sistemi işlərə birinci məhkəmə instansiya qaydasında baxılması, bundan sonra hüquqa və fakta görə apelyasiya qaydasında yoxlanılması və nəhayət, çıxarılan qərarlara hüquqa görə kassasiya qaydasında yenidən baxılması, eyni zamanda hər kəsin hüquq və azadlıqlarının məhkəmələrdə müdafiəsi, məhkəmə qərarlarından şikayət vermək hüququnun təminatı baxımından əhəmiyyətli olub. Məhkəmə hakimiyyəti üzərində keçmiş ittifaq dövründən qalmış nəzarət mexanizmlərinin aradan qaldırılması, həbs və insan hüquqlarını məhdudlaşdıran digər prosessual məcburiyyət tədbirlərinin seçilməsi səlahiyyətinin məhkəmələrə verilməsi, istintaqa məhkəmə nəzarətinin təmini, eləcə də təhqiqat, istintaq və prokurorluq orqanlarının qanunsuz hərəkətlərindən məhkəməyə şikayət hüququnun müəyyən edilməsi də fundamental yeniliklər sırasında qeyd olunmalıdır. Bu baxımdan 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin yaradılması Ulu Öndərin məhkəmə sisteminin inkişafına xüsusi diqqətindən xəbər verir. Azərbaycanda Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması Konstitusiyanın aliliyini təmin edən, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə edən yeni ədalət mühakiməsi orqanının yaradılması ilə yanaşı, həm də məhkəmə sistemində mühüm islahat idi. Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında məhkəmələrin, eyni zamanda hakimlərin hüquq və səlahiyyəti müəyyən edilərkən dünyanın aparıcı demokratik dövlətlərinin təcrübəsi, beynəlxalq təşkilatların tövsiyələri nəzərə alınıb. Bütün bunlar Azərbaycanda müstəqil, ədalətli məhkəmə sisteminin məhz Ümummilli Lider Heydər Əliyevin sayəsində formalaşdığını təsdiq edir.
    Ulu Öndər Heydər Əliyev məhkəmə orqanlarının fəaliyyəti və səlahiyyət bölgüsü müəyyənləşərkən ali humanizm prinsiplərinə, fundamental insan hüquq və azadlıqlarının təmin olunmasına xüsusi əhəmiyyət verib. Belə ki, Azərbaycan Konstitusiyasında təsbit olunan “Hüquq və azadlıqların inzibati məhkəmə təminatı”, “Hüquqi yardım almaq hüququ”, “Məhkəmə aidiyyətinin dəyişdirilməsinə yol verilməməsi”, “Təqsirsizlik prezumpsiyası”, “Bir cinayətə görə təkrarən məhkum edilməyə yol verilməməsi”, “Məhkəməyə təkrar müraciət etmək hüququ”, “İnsan və vətəndaş azadlıqlarının təminatı” kimi maddələr məhkəmə orqanlarının dövlət və xalq qarşısında məsuliyyətini müəyyən edir, məhkəmə prosesinin ədalətli və şəffaf keçirilməsinə şərait yaradır.
    2000-ci ildən başlayaraq dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi keçirilərək təyinatlar aparıldı. Əvvəlki hakim korpusu 60 faiz təzələndi. Bundan dərhal sonra ABŞ-da olarkən Ümummilli Lider “Azərbaycan Avrasiyanın qapısı, strateji və iqtisadi alyanslar ölkəsidir” mövzusunda keçirilmiş beynəlxalq konfransda demişdir: “Biz Azərbaycanın məhkəmə sistemini tamamilə yeni səviyyəyə qaldırdıq və demokratik prinsiplər əsasında yaratdıq. Bütün hakimlər test üsulu ilə imtahandan, yarışdan keçdilər və kim qalib gəldi, o da hakim təyin olundu”.
    Ümummilli Liderin qanunvericilik təşəbbüsü əsasında 2002-ci il 24 avqust tarixdə keçirilmiş ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikası Konstitusiyasına edilmiş əlavə və dəyişikliklərin bir qisminin məhkəmə hakimiyyəti ilə bağlı olmasını da xüsusi vurğulamaq lazımdır. Konstitusiyanın apelyasiya məhkəməsinin səlahiyyətlərini, hakimlərin seçilməsi qaydasını müəyyən edən maddələrinin yeni redaksiyada verilməsi, prokurorluğun məhkəmə prosesində iştirakının cinayət məhkəmə icraatı ilə məhdudlaşdırılması, Ali Məhkəmənin ümumi və ixtisaslaşdırılmış məhkəmələrin işinə nəzarət funksiyasının ləğvi, ona yalnız kassasiya instansiyası statusunun verilməsi də əhəmiyyətli yeniliklərdən olub.
    Müasir dövrdə məhkəmə-hüquq islahatları insan hüquq və azadlıqlarının təmini baxımından davamlı proses kimi dəyərləndirilir, zamanın aktual çağırışlarına uyğun olaraq yenilənir, ictimai gözlənti və tələbləri özündə ehtiva edir. Əminliklə deyə bilərik ki, 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin islahat siyasəti Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu uğurlu islahat siyasəti bu gün də məhkəmə hakimiyyətinə öz töhfəsini verir.

    Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Biz qanunun keşiyindəyik və onun çərçivəsində hərəkət edəcəyik”. Məhkəmə hakimiyyətinin təmsilçiləri olaraq, Ümummilli Liderimizin ideyalarına sadiq qalaraq, onun prinsip və düşüncələri ilə yol almağa, əmanətinə sahib çıxaraq dövlətimizə dəyər qatmaq üçün var gücümüzlə çalışmağa davam edəcəyik. 

İlqar Mirzəyev
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasının sədri 

Nəşr edilib : 17.05.2023 20:09