AZ EN RU

Müstəqil həyata çağırışın sədası son zəng xoşbəxt gələcəyə səsləyən bir yolun başlanğıcı olsun!

    Bu gün çalınan zəng onları dərsə deyil, yeni həyata, enişli-yoxuşlu bir yola səsləyəcək. Bir vaxtlar sevərək, qaçaraq getdikləri məktəbə bu gün əlvida deyəcəklər. Bu günün şagirdləri sabahın tələbələri olmaq üçün yola çıxacaqlar. Dərsə hazır gəlmədikdə qorxu-həyəcan, dərsə hazır ikən isə böyük həvəslə əl qaldırıb lövhə önündə dərs danışmaq istəyi, sevimli müəllimləri ilə, əziz sinif yoldaşları ilə saysız-hesabsız acılı-şirinli o anlar xoş xatirələrlə xatırlanacaq. Onbirincilər üçün elə bu gün son zəng çalınacaq.
    Bu gündən sabaha səbirsizlik yaradan “Son zəng”in cingiltili sədaları hər bir şagirdin, xüsusən məktəblə vidalaşanların qəlbini səmimi bir qəhərə bürüyəcək. Heç zaman bitməyəcəyi təsəvvür edilən dərslər, tez başa çatan tənəffüslər, mehriban müəllimlər... Acılı-şirinli 11 illik məktəb həyatının son günü öz doğma məktəblərində sonuncu dəfə məktəbli formasında şagird olaraq son günlərini yaşayacaqlar onbirincilər... Məktəb yoldaşlarını, müəllimlərini ilk dəfə görürmüş kimi sevincli, son dəfə görürmüş kimi kədərlənəcəklər... Çünki az sonra 11 illik zaman kəsiyində təhsil aldıqları, özlərinə ikinci doğma ev bildikləri məktəblərindən, ailə bildikləri müəllimlərindən, uzun illər çiyin-çiyinə təhsil aldıqları yoldaşlarından ayrılacaqlar. Kim bilir, tale onları zamanın hansı sınaqlarına çəkəcək?.. “Əlvida məktəb, əlvida uşaqlıq! Xoş gördük gənclik, xoş gördük sabahımız!” deyərək həyatın keşməkeşli yollarına atılanlar sırasına öz adlarını yazacaqlar. Bu tarix onu yaşayan onbirincilərin ürəyində hələ uzun müddət duyğu dolu izlər qoysa da, onlar üçün müstəqil həyata ilk çağırış sədası, xoşbəxt gələcəyə, xəyallarda yaşatdıqları arzularına doğru uzanan keşməkeşli və məsuliyyətli bir yolun başlanğıcı olacaq...
    Xoşbəxt gələcəyə gedən yolun başlanğıcında isə dövlətimizin diqqəti, dəstəyi bu gənclərin əlindən tutacaq, qayğı bu gənclərin hər addımında onların həyat yollarına işıq tutan çıraq olacaq. 
    Hər il ölkəmizin, eləcə də muxtar respublikamızın bütün ümumtəhsil məktəblərində orta məktəbi bitirən şagirdlərin “Son zəng” mərasimi yüksək təntənə ilə qeyd olunur. Orta təhsili başa vurub, sərbəst həyata atılan gənclərimiz hər il bu günü böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Ölkəmizin gələcəyinin məsuliyyətini çiyinlərində daşımağa hər zaman hazır olan Azərbaycan gəncliyi təhsildə qazandığı nailiyyətləri gələcək fəaliyyətlərində də böyük uğura çevirir. Danılmaz faktdır ki, bu gün gənclərimizin təhsildə qazandığı uğurlar dövlətimizin onlar üçün yaratdığı imkanlar hesabınadır. Ən ucqar kəndlərdə belə bir-birindən yaraşıqlı, hər cür şəraitlə təmin olunmuş məktəb binalarının, kitabxanaların istifadəyə verilməsi şagirdlərin intellektual səviyyəli gənclər kimi yetişməsi məqsədi daşıyır. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqi onları təhsildə uğur qazanmağa sövq edir. Dövlətimizin diqqətini, qayğısını təkcə məktəblilər deyil, müstəqil həyata addım atan hər bir Azərbaycan gənci daim öz üzərində hiss edir və onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Bu yüksək qayğıya cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, gənclərimizin ən böyük himayəçisi və dəstəkçisi Prezident cənab İlham Əliyevin siyasətini daim dəstəkləyirlər. Çünki onlar dərindən dərk edirlər ki, müstəqil Azərbaycanımızın xoşbəxt gələcəyi gənclərimizdən asılıdır. Onlar böyük Azərbaycanın gələcək qurucularıdır. Bu gün müstəqil həyata qədəm qoyan hər bir gəncə dövlətimizi qorumağı, dövlətçiliyimizə sadiq olmağı, öz fəaliyyətləri ilə daim uğur əldə etmələrini diləyir, həyatın enişli-yoxuşlu və tikanlı yollarını deyil, min bir xəyal və ümidlə dolu xoşbəxt gələcəyə addımlamağı arzulayırıq. 

Gülcamal TAHİROVA

Nəşr edilib : 13.06.2023 20:17