AZ EN RU

Müstəqil Azərbaycanın siyasi zəfərlər epopeyası

Dəyirmi masa

    “Heydər Əliyev İli” çərçivəsində muxtar respublikamızda keçirilən bir-birindən rəngarəng tədbirlər xalqımızın dahi oğluna və ən böyük Azərbaycanlıya dərin minnətdarlığın, ehtiram və məhəbbətin bariz ifadəsi kimi tariximizin yeni səhifəsini yazır. Biz də “Şərq qapısı” qəzeti olaraq həmişə mətbuata böyük dəyər vermiş və qayğı göstərmiş Ulu Öndərin mənalı həyat yolu və ictimai-siyasi fəaliyyətinin müxtəlif sahələri haqqında yazılar hazırlayaraq oxucularımıza təqdim edirik. Bu gün təqdim etdiyimiz yazı isə muxtar respublika ziyalılarının bir qrupu ilə redaksiyamızda təşkil etdiyimiz görüşdən hazırlanıb. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Asim Yadigarın, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, dosent, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərlinin, Naxçıvan Dövlət Universitetinin Sosial məsələlər və ictimiayyətlə əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Arzu Abdullayevin iştirak etdikləri görüşü qəzetin məsul katibi, Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Muxtar Məmmədov aparıb.

     Muxtar Məmmədov: – Söhbətimizə dünya siyasətçilərindən birinin sözləri ilə başlamaq istərdim. Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi böyük iradəyə, zəngin dövlətçilik təcrübəsinə malik, müdrik, uzaqgörən, nüfuzlu dövlət xadimi var...
    İsmayıl Hacıyev: – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizdə 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamına əsasən    görkəmli dövlət xadiminin 100 illik yubileyi respublikamızda, eləcə də bir sıra xarici ölkələrdə də yüksək səviyyədə qeyd olunur. Çünki Ulu Öndər Heydər Əliyev dünya şöhrətli siyasi xadim olmaqla yanaşı, həm də xalqımızın yaddaşında daim müdrik lider, müasir müstəqil Azərbaycanın qurucusu kimi yaşayır. Onun adı dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada çəkilir. Dahi Öndər iki dövrdə – həm sovet, həm də müstəqillik dövründə Azərbaycana rəhbərlik etmişdir. O, sovet dövründə geridə qalmış Azərbaycanı ittifaq daxilində inkişaf edən ölkələrdən birinə çevirmişdir. Müstəqillik illərində də Ümummilli Liderimiz doğma Vətənin xilası naminə misilsiz fədakarlıqlar göstərmiş, ölkəmizi xaos və anarxiyadan qurtarmış, dövlətimizi dayanıqlı inkişaf yoluna çıxarmışdır. Başqa sözlə, respublikamızı hər cür qəsdlərdən qorumuş, onun müstəqilliyini əbədi və dönməz etmişdir.
    Prezident cənab İlham Əliyev Ulu Öndərin həlledici anlarda böyük liderlik göstərərək xalqımızı xilas etməsi haqqında danışarkən demişdir: “Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyev bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə aparırdı. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”.
    Muxtar Məmmədov: – Elə bu fəaliyyəti də onun daha yüksək vəzifəyə aparılmasına səbəb oldu; dahi rəhbər Moskvada siyasi fəaliyyətini davam etdirməyə başladı... 
    İsmayıl Hacıyev: – Böyük siyasi iradəyə, sarsılmaz əqidəyə malik olan qüdrətli dövlət xadimi Heydər Əliyevin dövlət idarəçiliyi istedadı onun SSRİ-nin rəhbərlərindən biri kimi çalışdığı illərdə özünü bir daha parlaq şəkildə təzahür etmişdir. O, 1976-cı ilin mart ayında Sov. İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin olunmuşdur. Nazirlər Soveti sədrinin birinci müavini kimi Ulu Öndər 60-dan çox nazirlik, komitə və müxtəlif mərkəzi idarələrin fəaliyyətinə rəhbərlik edərkən qeyri-adi istedada, dərin biliyə, analitik təfəkkürə, sarsılmaz iradəyə, böyük idarəetmə məharətinə malik olduğunu təsdiq etmişdir. 
    SSRİ Nazirlər Soveti sədrinin birinci müavininin köməkçisi vəzifəsində çalışmış Y.Soloduxinin fikri deyilənləri təsdiq edir: “O zamana qədər mən elə bilirdim ki, çox şey bilirəm. Lakin Heydər Əliyevlə görüşəndən, onunla birgə çalışandan sonra başa düşdüm ki, mənim bəxtim gətirib ki, böyük dövlət təcrübəsi olan adamla birlikdə çalışmışam. Dövlət adamında liderlik, idarəçilik, bilik və bir çox digər keyfiyyətlər olmalıdır. Müdriklik isə o keyfiyyətdir ki, rəhbər şəxs uzağı, gələcəyi görə bilir. Məncə, Heydər Əliyev məhz bütün bu keyfiyyətlərə malik bir rəhbər, dövlət adamı idi. Siyasətçi sözü isə Heydər Əliyevə tam yaraşan, tam uyğun olan sözdür. Deyərdim ki, o, siyasətçidən də artıq idi. XX əsrdə Sovetlər İttifaqı ərazisində Heydər Əliyev miqyasında rəhbər, dövlət adamı çox az idi, bəlkə də, yox idi. XX əsrin 60-cı illərindən 2000-ci illərin əvvəllərinə qədər – 40 il ərzində Heydər Əliyev SSRİ məkanında ilk üçlüyə daxil olan ən qüdrətli şəxsiyyət idi”. 
    “Siyasi Büronun ikinci adamı” hesab edilən bu dahi şəxsiyyət dünyanın ən nüfuzlu siyasətçisi kimi super dövlətin idarə edilməsində, onun daxili və xarici siyasətinin müəyyənləşdirilməsində həlledici söz sahibi idi. O, dünya miqyaslı siyasətçi kimi qəbul edilmiş və yüksək qiymətləndirilmişdir. Təsadüfi deyildir ki, onu beynəlxalq aləmdə “siyasət patriarxı”, “siyasət qrossmeysteri”, “canlı əfsanə”, “dahi prezident”, “zəmanəmizin qəhrəmanı” kimi epitetlərlə dəyərləndirmişlər. Heydər Əliyev tutduğu bütün vəzifələrdə özünü beynəlxalq miqyaslı siyasətçi, zəkalı rəhbər kimi göstərmiş, zəmanəmizin görkəmli liderlərindən biri kimi özünü təsdiq etmişdir. Ulu Öndər iti ağlı, güclü məntiqi, fenomen yaddaşı olan qüvvətli bir şəxsiyyət, sözün həqiqi mənasında, fenomenal insan idi. 
    Siyasət nəhəngi, dünya siyasətinə təsir etmək gücündə olan dahi Heydər Əliyev dünyəvi dəyərli bir insan, ölkə rəhbəri, güclü siyasətçi idi. Belə bir insan haqqında dünyanın məşhur siyasət xadimləri, dövlət başçıları qiymətli fikirlər söyləyiblər. Amerika Birləşmiş Ştatlarının sabiq prezidenti B.Klinton deyirdi: “O nəinki Azərbaycanı və Amerikanı, bütün dünyanı idarə edə bilən dövlət xadimlərindən biridir”. D.Kunayevin sözlərini də xatırlamaq yerinə düşər: “Heydər Əliyev Türk dünyasının, bəlkə də, bütün dünyanın ən müdrik və qeyrətli şəxsiyyətidir”. Onun siyasəti təkcə yaşadığı dövrə yox, gələcəyə yönəlmişdi. Və belə siyasi və dövlətçilik fəaliyyəti nəsillərə örnəkdir.
    Muxtar Məmmədov: – 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə ünvanladığı, əslində, bütün xalqın ən aktual istəyinin ifadəsi olan müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
    Elman Cəfərli: – Görkəmli dövlət xadimi Heydər Əliyev “91”-lərin müraciətinə 24 oktyabr 1992-ci il tarixdə imzaladığı və “Səs” qəzetində çap etdirdiyi “Yeni müstəqil Azərbaycan uğrunda” adlı cavab məktubunda ölkəmizin qarşısında duran fundamental və təxirəsalınmaz vəzifələri müəyyənləşdirərək Yeni Azərbaycan Partiyasının yaradılmasının zəruriliyini bildirdi və onun fəaliyyətində iştiraka hazır olduğunu bəyan etdi. Ulu Öndər cavabında Azərbaycanın müharibə vəziyyətindən çıxarılması və Qarabağ probleminin tezliklə həll olunması; Azərbaycanda mövcud sosial-iqtisadi böhranın aradan qaldırılması və iqtisadi inkişafa nail olunması; ölkədə məqsədyönlü kadr siyasətinin həyata keçirilməsi; qanunun aliliyi prinsipinin və demokratik azadlıqların təmin edilməsi; ölkənin parçalanmasının qarşısının alınması, respublikada yaşayan bütün xalqların iştirakı ilə vahid, bütöv Azərbaycanın qorunub saxlanması və inkişaf etdirilərək möhkəmləndirilməsi kimi həmin tarixi dövrdə qısa zamanda həll edilməsi zəruri olan ictimai-siyasi və dövlətçilik məsələlərini ifadə etməklə, əslində, müstəqil Azərbaycanın inkişafı konsepsiyasını irəli sürmüşdü. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram”, – deyən dahi lider Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verməklə, sözün əsl mənasında, Azərbaycan dövlətçiliyinin taleyinin müsbət məcraya istiqamətləndirilməsi qərarını vermiş oldu.
    1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ölkənin ayrı-ayrı regionlarından olan və əhalinin müxtəlif təbəqələrini təmsil edən 550 nümayəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis edildi. Partiyanın yaranması, Ümummilli Lider Heydər Əliyevin partiyaya sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətin getdikcə daha da ağırlaşmasından irəli gələn zəruri tarixi hadisə idi. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanların əzm və iradəsini qıra bilmədi. Bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını duyur və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin dövrü Ulu Öndər belə xatırlayırdı: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. 
    Muxtar Məmmədov: – İlk günlərdən göstərdiyi fəaliyyət bu partiyanın yaradılmasının o dövrün mövcud problemlərindən və gözlənilən fəlakətlərdən xilas edilməsində ən doğru yol olduğunu göstərdi.
    Elman Cəfərli: –   Xalqın Ulu Öndərimiz Heydər Əliyevə olan inamı tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli Liderimizin nüfuzu, Azərbaycan xalqının göstərdiyi böyük etimad partiyanın qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini qurmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.
    Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı partiyanın inkişafı tarixində də yeni bir mərhələnin əsasını qoydu. Partiya və onun yüz minlərlə üzvü dövlət əhəmiyyətli məsələlərin həlli istiqamətində öz gücünü səfərbər etdi. Yeni Azərbaycan Partiyasının sənədlərində əksini tapmış Azərbaycan dövlətçiliyinin təməl prinsiplərini özündə əks etdirən yeni Azərbaycançılıq ideologiyasının cəmiyyətə təqdimatı və Ulu Öndərin müəllifi olduğu bu ideologiyanın uğurla həyata keçirilməsi də partiyanın öz tarixi inkişaf yolunda Azərbaycan xalqına, dövlətinə bəxş etdiyi ən qiymətli töhfələrdəndir.
    Görkəmli dövlət xadiminin əsasını qoyduğu Yeni Azərbaycan Partiyası nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatıdır. Partiya sıralarında bu gün 770 mindən çox üzvün birləşməsi Ulu Öndər Heydər Əliyev ideyalarına sədaqətin, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin gələcəyinə inamın göstəricisidir. Partiyanın statusu yeni şəraitə uyğun olaraq dəyişmiş, ölkənin siyasi həyatında tutduğu mövqeyi möhkəmləndirilmiş, kütləvi siyasi qüvvəyə çevrilərək ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədilə yüksək fəallıq nümayiş etdirilmişdir. Partiyanın 30 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyinin rolu inkaredilməzdir. Ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxan Yeni Azərbaycan Partiyası qələbələr partiyası kimi nüfuz qazanmışdır. Partiya populist vədlərdən uzaq olduğunu atdığı addımları, əldə etdiyi nailiyyətləri ilə təsdiqləyir. Bu günümüzün uğurları gələcəyə daha böyük inamla irəliləməyə əsas verir. 
    Muxtar Məmmədov: – Arzu müəllim, dünyanın bütün inkişaf etmiş ölkələri bu səviyyəyə yüksəlməkdə keçən yolun təməlində elm və təhsilin dayandığını başlıca səbəb kimi dəyərləndirirlər. Görkəmli dövlət xadimi Heydər Əliyevin bu istiqamətdə reallaşdırdığı tədbirlər məhz ölkənin inkişaf etmiş dünya ölkələri sırasına çıxması ilə bağlı idi. Və bu gün dönüb geriyə baxanda inkişaf və tərəqqimizin bünövrəsinin hələ ötən əsrin 70-ci illərində qoyulduğunu görürük...
    Arzu Abdullayev: – XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Təsadüfi deyil ki, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanır. Bir tərəfdən də Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Beləliklə, 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək doğma Naxçıvandan Bakıya getdi. Daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, Böyük Qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
    Ulu Öndər yenidən hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrə, o cümlədən elm və təhsilə diqqət və qayğı daha da artdı. Bu, təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir. Məhz buna görə də Ümummilli Liderimizin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Dahi öndərin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Ümummilli Liderimizin ölkənin rəhbərliyinə gəlməsi ilə respublikanın ictimai, siyasi, təsərrüfat, mədəni, elm və təhsil həyatında da bir canlanma başlandı. 
    Görkəmli dövlət xadimi hakimiyyətdə olduğu müddətdə Azərbaycan elminin inkişafına, əldə olunan elmi nəticələrin dünya miqyasında tanıdılmasına  xüsusi diqqət göstərmiş, bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Ulu Öndərin Azərbaycan elminə dair təşəbbüsləri, həyata keçirdiyi tədbirlər və geniş islahatlar bu böyük şəxsiyyətin Vətənimiz və xalqımız qarşısında ən mühüm tarixi xidmətlərindəndir. O, Azərbaycanda çoxəsrlik ənənəsi olan elmin yenidən inkişaf etdirilməsinin əsas istiqamətlərini müəyyən etmiş, onun möhkəm təməllərini yaratmışdır. 
     Muxtar Məmmədov: – Ulu Öndərin yürütdüyü  siyasət yalnız elm tarixinin öyrənilməsi, yaxud ayrı-ayrı görkəmli alimlərin xidmətlərinin qiymətləndirilməsi ilə məhdudlaşmamışdır... 
    Arzu Abdullayev: – Dahi rəhbər, ilk növbədə, Azərbaycanın intellektual sabahını düşünmüş, respublikada formalaşdırdığı zəngin elmi potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürmüş, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahənin problemlərini, xüsusilə diqqət mərkəzində saxlamışdır. Ümummilli Liderin elm və təhsilin konsepsiyasının əsas qayəsini müstəqilliyin daha da möhkəmləndirilməsi, demokratik və hüquqi cəmiyyət quruculuğu prosesinin yüksək dinamizmlə həyata keçirilməsi, dövlətin iqtisadi potensialının gücləndirilməsi kimi ümdə prinsiplər təşkil etmişdir. Ulu Öndər Azərbaycanda bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də uğurlu islahatların müəllifi kimi tanınmışdır. 
    Bu gün Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda xüsusilə diqqəti cəlb edir. Bu inkişafın əsasında isə, şübhəsiz, dahi rəhbərin ideyaları və həmin ideyalar əsasında həyata keçirilən siyasətin strateji kursu dayanır. Həmin strateji kursdur ki bünövrəsi müasir Azərbaycan Respublikasının memarı, Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyularaq Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
    Son 20 ildə Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, respublikanın hər yerində məktəb tikintisinin geniş vüsət alması bu günümüzün reallıqlarıdır. Bu sahədə həyata keçirilən hər bir islahat, baş verən hər bir hadisə, ilk növbədə, Azərbaycanın parlaq gələcəyinə hesablanıb.
    Muxtar Məmmədov: – Ulu Öndərimiz deyirdi: “Ədəbiyyatımız bizim böyük milli sərvətimizdən biridir. Biz bununla fəxr etməliyik. Şəxsən mən həmişə belə hesab etmişəm. Bu gün də belə hesab edirəm, daim belə düşünəcəyəm”.
    Asim Yadigar: – Ömrü boyu Azərbaycan ziyalılarının qayğısını çəkən, ədəbiyyatımızı, mədəniyyətimizi, incəsənətimizi böyük övlad sevgisi ilə yorulmadan təbliğ edən Ümummilli Liderimiz xalqını, Vətənini daha çox sevən, onun hər uğuruna ürəkdən sevinən ən böyük Azərbaycanlı, ölkəmizin bütün sahələrdə yeni  uğurlar qazanmasında misilsiz xidmətlər göstərən dahi şəxsiyyət idi. Ötən əsrin 70-80-ci illəri Azərbaycan ədəbiyyatının və mədəniyyətinin, iqtisadiyyatının, təhsil və səhiyyəsinin, bir sözlə, Azərbaycanın sürətli inkişaf dövrü kimi tarixin yaddaşına həkk olunub. Məhz bu illər Azərbaycan xalqının min illərboyu yetirdiyi böyük tarixi şəxsiyyətlərin bir daha dünya xalqlarına yenidən tanıdıldığı dövrdür.
    Ədəbiyyata qayğı, diqqət Ulu Öndərin daimi işi idi. 1977-ci ildə Azərbaycanda “Yazıçı” nəşriyyatının yaradılması Onun Azərbaycan yazıçılarına ən böyük qayğısı idi. Şüvəlanda yazıçıların yaradıcılıq evi tikildi. Şuşada 80-ci illərin əvvəllərində Molla Pənah Vaqifin əzəmətli məqbərəsi ucaldıldı. Bu, qədim Qarabağımıza Heydər Əliyev möhürü, torpağımıza göz dikənlərə əbədi gözdağı idi Vaqifin məqbərəsi. Sonralar belə əzəmətli bir məqbərə də doğma diyarımızda, Naxçıvanda ucaldıldı. 1996-cı ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mənzum dram janrının banisi Hüseyn Cavidin məqbərəsinin açılışı oldu.
    Ulu Öndərin qayğısı sayəsində folklor kitablarının, klassik ədəbiyyat nümunələrinin nəşri sahəsində Azərbaycanda çox böyük işlər görülüb və bu gün də həmin işlər uğurla davam etdirilir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Aşıq Ələsgərin, Aşıq Alının, Dədə Şəmşirin yubileylərinin keçirilməsi, Aşıq Qurbaninin, Aşıq Dilqəmin, Sarı Aşığın, Xəstə Qasımın, Abbas Tufarqanlının, Aşıq Hüseyn Bozalqanlının və başqalarının kitablarının çap olunması bu sahəyə göstərilən qayğının bariz ifadəsidir.
    Muxtar Məmmədov: – Ümummilli Liderimiz Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənət xadimlərinin böyük hamisi idi...
    Asim Yadigar: – Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycan ədəbiyyatının klassiklərinə, çağdaş ədəbiyyatımızın qüdrətli nümayəndələrinə böyük diqqət və qayğı ilə yanaşır, milli-mənəvi dəyərlərimizin, dilimizin qorunmasında, inkişafında şair və yazıçılarımızın min illər boyu xalqımız qarşısındakı danılmaz xidmətlərinə yüksək qiymət verirdi. 
    Bəhs olunan dövrdə şair və yazıçılarımızın yubileyləri ilə bağlı onlarla, yüzlərlə yığıncaqlar, tədbirlər keçirilib. Müxtəlif illərdə əksər tanınmış yazıçı və şairlərimizin yubileylərinin keçirilməsində dahi şəxsiyyət Heydər Əliyevin özünəməxsus xidmətləri olub. Ulu Öndər ədəbiyyatımızın böyük təbliğatçısı olmaqla yanaşı, həm də müasir şair və yazıçılarımızın himayədarı idi.
    Klassik şairlərimizin əsərlərinin çapı, təbliği ilə yanaşı, şifahi xalq ədəbiyyatı nümunələrimiz də unudulmadı. Milli varlığımızın tərcümanı – “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin YUNESKO tərəfindən dünya miqyasında keçirilməsi təşəbbüsünü də Azərbaycan Respublikası adından Ulu Öndərimiz qaldırdı. YUNESKO yubileylə bağlı təklifi qəbul etdi. Yubileylə bağlı hazırlıq işləri görüldü. Dastanla bağlı elmi kitablar yazıldı. Xatırladaq ki, elə 70-ci illərdə Xalq yazıçısı Anarın ssenarisi əsasında çəkilən “Dədə Qorqud” filminin xeyir-duasını da böyük şəxsiyyət vermişdir. 
    Müstəqillik qazandığımız illərdə də Ulu Öndərimizin sənət adamlarına qayğısı azalmadı. Müstəqil Azərbaycanımızın ilk “İstiqlal” ordenləri Xalq şairlərimiz B.Vahabzadəyə, M.Araza və X.R.Ulutürkə verildi. Bununla da Ümummilli Liderimiz Azərbaycanın müstəqilliyə qovuşmasında şairlərimizin, ədəbiyyatımızın rolunu yüksək qiymətləndirdi.
    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ədəbiyyata, sənət adamlarına Ulu Öndərimiz Heydər Əliyevin böyük qayğı missiyasını ləyaqətlə davam etdirir. Bu gün şair və yazıçılarımızın əsərləri ölkə başçısının “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilir. Şair və yazıçılarımız yüksək fəxri adlara layiq görülür. Onlara Prezidentin fərdi təqaüdləri, fərdi mükafatları verilir. Prezident cənab İlham Əliyevin 2007-ci ildə verdiyi sərəncamlara əsasən əlavə olaraq hər il 50 nəfər yaşlı, 20 nəfər gənc yazıçıya Prezidentin fərdi mükafatları verilir. Onlar üçün yaradıcılıq evləri tikilir. Ədəbiyyat tariximiz, Milli Ensiklopediyamız nəşr olunur, dünya ədəbiyyatının nadir inciləri yenidən çap olunaraq oxucuların ixtiyarına verilir. Biz yaradıcı ziyalılar Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda, eləcə də onun ayrılmaz parçası olan doğma Naxçıvanımızda bu gün başqa sahələrlə yanaşı, mədəni həyatımızda, ədəbiyyat və incəsənətimizdə, milli-mənəvi dəyərlərimizin üzə çıxarılmasında, qorunmasında gedən müsbət yeniləşmələri, dəyişmələri görür və bu sürətli inkişafı ürəkdən alqışlayırıq.
    Muxtar Məmmədov: – Dəvətimizi qəbul edib redaksiyamıza gəldiyiniz və müasir Azərbaycanımızın qurucusu olan görkəmli dövlət xadimi Heydər Əliyev haqqında maraqlı söhbətlərinizə görə sizə “Şərq qapısı” qəzeti adından minnətdarlığımızı bildiririk.

Muxtar MƏMMƏDOV
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 09.05.2023 22:20