AZ EN RU

Müstəqil Azərbaycanın 20 ili

Prezident İlham Əliyevin hakimiyyətə gəlməsinin 20 illiyi və Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyi ilə əlaqədar Culfa Rayon İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və Yeni Azərbaycan Partiyasının Culfa Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Culfa Rayon Mədəniyyət Sarayında tədbir keçirilib. 
İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Culfa Rayon İcra Hakimiyyəti başçısının vəzifələrini yerinə yetirən, başçının müavini Sara Hüseynova vurğulayıb ki, zəngin və şərəfli yol keçən, ölkəmizin tərəqqisinə layiqli töhfələr verən, yeni, müstəqil Azərbaycanın parlaq gələcəyi üçün etibarlı zəmin formalaşdıran Yeni Azərbaycan Partiyasının tarixi Azərbaycan dövlətinin inkişaf salnaməsidir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik konsepsiyasının, iqtisadi inkişaf strategiyasının, xarici siyasət kursunun, 2003-cü ildə Prezident, 2005-ci ildə Yeni Azərbaycan Partiyasının Sədri seçilən cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi həm partiyanın, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlatdı...
Daha sonra Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri vəzifəsini icra edən, nazir müavini Məcid Seyidov, Yeni Azərbaycan Partiyasının Culfa Rayon Təşkilatının sədri Qadir İbrahimov çıxışlarında Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 31 illik fəaliyyətindən, Prezident İlham Əliyevin 20 illik prezidentliyi dövründə Azərbaycanın siyasi, iqtisadi, hərbi sahədə əldə etdiyi uğurlarından bəhs ediblər. 
Sonda Partiyaya yeni üzv qəbul olunmuş  gənclərə üzvlük vəsiqələri təqdim edilib və bədii hissə nümayiş olunub.
                                             

Aidə İbrahimova

 

Nəşr edilib : 20.11.2023 20:14