AZ EN RU

Müstəqil Azərbaycan tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə başlayıb

Ölkəmizin hər yerində olduğu kimi, Xankəndi şəhərində də növbədənkənar Azərbaycan Prezidenti seçkiləri üzrə səsverməyə start verilib. Müstəqil Azərbaycanın tarixində ilk dəfədir ki, Xankəndidə seçkilər keçirilir.

Qeyd edək ki, budəfəki seçkilər ilk dəfə Azərbaycanın beynəlxalq səviyyədə tanınan bütün ərazilərində keçirilir.

Ölkə üzrə səsvermə hüququ olan 6 milyon 478 min 623 seçici qeydə alınıb. Seçicilər 6537 məntəqədə səs verəcəklər. İşğaldan azad edilmiş ərazilərdə 26 məntəqə fəaliyyət göstərir. Həmçinin 37 ölkədə 23 minə yaxın seçici 49 məntəqədə səs verə biləcək.

Seçkiləri izləmək üçün 90 mindən artıq müşahidəçi qeydə alınıb. Bunun 790 nəfəri beynəlxalq müşahidəçidir. Müşahidəçilərin 50 mindən çoxu isə 19 siyasi partiyanın nümayəndəsidir. Bundan əlavə, Azərbaycanda fəaliyyət göstərən 83 qeyri-hökumət təşkilatı da müşahidələr aparır. Həmçinin seçkiləri 109 beynəlxalq media qurumunun 216 nümayəndəsi izləyir.

Nəşr edilib : 07.02.2024 09:22