AZ EN RU

Musiqişünaslara dəyərli töhfələr

    Azərbaycanda notlu musiqinin formalaşması dahi bəstəkarımız Üzeyir Hacıbəylinin adı ilə bağlıdır. Məhz bu dahi korifey sənətkarın 1908-ci ildə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə əsrlərboyu şifahi ənənələr əsasında formalaşan milli musiqi özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Üzeyir Hacıbəyli “Leyli və Məcnun”dan başlayaraq yaratdığı hər bir əsərində, xüsusilə “Koroğlu” operasında Avropa klassik musiqisindən bəlli olan forma və janrların dərindən mənimsənilməsi məsələsini aktual problem kimi nəzərə çatdırmış, klassik musiqi ənənələrinin öyrənilməsini vacib saymışdır. Dahi bəstəkar belə hesab edirdi ki, Avropa musiqisinin bütün janr və formalarının milli nümunələrinin yaradılması böyük əhəmiyyət daşıyır. Bununla Azərbaycan musiqisinə dünya səhnələrində qısa zamanda yol açmaq olar. 

    Uzun illər yalnız rus dilində ədəbiyyatın mövcud olması musiqiçilərimiz üçün xarici ölkə bəstəkarlarının yaradıcılığının öyrənilməsində mühüm problemlər yaratmışdır. Lakin xüsusilə müstəqillik illərində dünya musiqi mədəniyyəti haqqında Azərbaycan dilində ədəbiyyatların yazılması və daha geniş nəşr olunması qısa zamanda bu problemin həllinə öz töhfəsini vermişdir. Qeyd etmək lazımdır ki, Naxçıvanda da bu proses vüsət almağa başlamış, Ruhiyyə Dünyamalıyeva, Rumiyyə Qasımovanın “Musiqi tarixi” dərsliyi Azərbaycan dilində nəşr olunan ilk kitablardan biri kimi oxucu kütləsinə təqdim edilmişdir. 
    Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayevanın “Xarici ölkələrin musiqi ədəbiyyatı” və kollecin müəllimi, Prezident mükafatçısı Sevinc Babayeva ilə birlikdə yazdığı “Rus musiqi ədəbiyyatı” kitabları dünya musiqi mədəniyyətinin nailiyyətlərini öyrənmək baxımından əhəmiyyətli hədiyyədir. Həmin kitablarda istər rus, istərsə də Avropa bəstəkarlarının yaradıcılıqlarına xas xüsusiyyətlər izah olunmuş, dünya musiqi mədəniyyəti tarixində aparıcı rol oynayan bəstəkarların yaradıcılığındakı yenilikçi cəhətlərə nəzər salınmış, hər bir bəstəkarın üslub və yazı texnikası, onların musiqili əsərləri, bu əsərlərdəki bədii məziyyətlər ardıcıl şəkildə oxucuların diqqətinə çatdırılmağa çalışılmışdır. 
    Məhəbbət Babayevanın “Xarici ölkələrin musiqi ədəbiyyatı” kitabındakı mövzular əhatəli şəkildə şərh olunur. Onlar həm xronoloji baxımdan, həm də musiqi mədəniyyətinin bütün tarixi inkişaf mərhələlərində meydana gələn cərəyanlara xas spesifik cəhətlərin təsvir olunması istiqamətində maraqlı ardıcıllıqla sıralanır. 
    “Xarici ölkələrin musiqi ədəbiyyatı” kitabı dörd fəsildən ibarətdir. Birinci fəsildə intibah dövründə musiqi mədəniyyəti tarixində baş verən yenilənmə mərhələsinə nəzər salan müəllif bu dövrdə əzəmətli musiqili dram-operanın yaranması prosesi barədə ətraflı məlumat verir, intibahla klassisizm dövrünü bir-birinə bağlayan Barokko dövrünün məşhur bəstəkarlarının yaradıcılığında formalaşan yenilikçi ideyalara diqqət çəkir, dahi alman bəstəkarı İ.S.Baxın yaradıcılığı haqqında ətraflı bəhs edir. 
    İkinci fəsildə klassisizmin ilk bəstəkarlarından K.V.Qlyuk, Vyana klassik məktəbi və onun üç böyük nümayəndəsi – İ.Haydn, V.A.Motsart, L.V.Bethovenin yaradıcılıq irsi araşdırılır. 
    Digər fəsildə L.V.Bethovenin əsərlərində ilk rüşeymi atılan Avstriya bəstəkarı F.Şubertin yaradıcılığı ilə yeni dövr olaraq qiymətləndirilən romantizm, ona xas xüsusiyyətlər və bu cərəyanın dahi sənətkarları, onların musiqi mədəniyyəti tarixinə bəxş etdiyi musiqili əsərlərdən danışılır. 
    Sonuncu fəsildə XIX əsrin sonuna doğru formalaşan və özündə yeni çağın ilk elementlərini daşıyan impresionizm və onun iki dahi nümayəndəsi K.Debüssi və M.Ravelin yaradıcılıq yolu diqqətdən keçirilir.
    “Xarici ölkələrin musiqi ədəbiyyatı” kitabında diqqətçəkən məqamlardan biri ayrı-ayrı musiqi cərəyanlarının, onların formalaşması və bu prosesə təsir göstərən amillərin işıqlandırılmasıdır. Müəllif kitabda ardıcıl olaraq musiqi cərəyanları haqqında məlumat verir, “Fransız altılığı”na daxil olan bəstəkarların əsərlərində yaranan yeni cəhətlər və bu bəstəkar­ların yaradıcılıq irsi haqqında danışır. 
    Kitabda Azərbaycanın yaradıcı insanları Vaqif Mustafazadə, Rafiq Babayev, müasir bəstəkarlardan milli musiqimizi dünya musiqi mədəniyyətində layiqincə təmsil edən Firəngiz Əlizadədən, rok və pop musiqisi haqqında bəhs edilməsi təqdirəlayiqdir.
    “Rus musiqi ədəbiyyatı” kitabının I və II cildlərində XIX əsrin I yarısından etibarən, demək olar ki, rus musiqi mədəniyyətinin bütün inkişaf mərhələləri, rus klassik musiqisinin banisi M.İ.Qlinka, onun davamçısı A.Darqomıjski, “Qüdrətli dəstə” bəstəkarları və onların yaradıcılıqlarındakı özünəməxsus cəhətlər şərh olunur. M.İ.Qlinkanın rus musiqi mədəniyyəti tarixində oynadığı əzəmətli roldan danışan müəlliflər “Qüdrətli dəstə” bəstəkarlarının musiqi fəaliyyətində M.İ.Qlinka yaradıcılığının izlərindən bəhs edirlər. Diqqətəlayiqdir ki, kitabda bəhs olunan bütün bəstəkarların fotoşəkilləri də verilib, hər əsərə aid not nümunələri yer alıb. Bu not nümunələri də əyani vəsait kimi dəyərlidir. 
    “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunan kitabların təkcə peşəkar musiqiçilər deyil, eyni zamanda musiqi mədəniyyəti və onun inkişaf mərhələləri ilə maraqlanan bütün oxucular üçün də maraqlı olacağına inanırıq.

Səmirə HÜSEYNOVA
Naxçıvan Musiqi Kollecinin müəllimi, 
Naxçıvan Muxtar Respublikasının 
Əməkdar müəllimi

Nəşr edilib : 22.08.2022 18:47