AZ EN RU

Musiqidə əbədiləşən dahi ömrü

    Ulu Öndər Heydər Əliyev incəsənətimizə, mədəniyyətimizə, xüsusən də musiqimizə həmişə böyük qayğı və diqqətlə yanaşmış, mədəniyyətimizin inkişafı üçün xeyirli işlər görmüşdür. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr Azərbaycan incəsənətinin və musiqisinin “Qızıl dövrü” adlandırılır. Ulu Öndərin dərin zəkası və milli ənənələrimizə qəlbən bağlılığı sayəsində mədəniyyətimiz uca zirvələr fəth etdi.
    Bu, bir həqiqətdir ki, Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Ümummilli Lider Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Dahi şəxsiyyət  mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirirdi. Azərbaycanın müqtədir sənətkarları sovet dövründə məhz Onun qayğısı nəticəsində ən yüksək fəxri adlara layiq görülmüşlər. Xalqımızın dahi oğlu bəstəkarların, kinematoqrafların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin məzmunlu nitqi alqışlar ilə qarşılanırdı. Ulu Öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilirdi. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında deyilir: “Xalqımızı vahid amal ətrafında birləşdirən Azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur”.
    Görkəmli dövlət xadimi respublikamıza rəhbərlik etdiyi illərdə Azərbaycan mədəniyyətinin, incəsənətinin tərəqqisi, dünyada tanınması üçün müstəsna xidmətlər göstərib. Bu diqqət və qayğının mühüm bir hissəsi Azərbaycan musiqisinin inkişafı ilə bağlı olub. Dahi rəhbər xalqımızın dərin köklərə malik olan milli musiqimizin, eyni zamanda professional musiqi sənətinin gözəl bilicisi idi. Milli və professional musiqimizin dünyada tanınması, bəstəkarların, ifaçıların və musiqişünasların fəaliyyətinin yüksək qiymətləndirilməsi, yaradıcılıq evlərinin tikilməsi, maddi təminatlarının yaxşılaşdırılması, fəxri adlar, orden və medallarla təltif olunması və daha neçə-neçə bu cür əvəzsiz xidmətlər məhz Ulu Öndərin adı ilə bağlıdır. Ümummilli Liderimiz zəngin ensiklopedik biliyə malik olan dahi şəxsiyyət idi. Bu mənada, incəsənətin bir qolu olan musiqi də onun diqqətindən kənar deyildi. O, musiqini çox sevir, bu sənətin sirlərini dərindən bilirdi. Görkəmli musiqiçilərlə yaxın ünsiyyəti vardı və bu münasibətlər musiqi sənətinin inkişafına xidmət edirdi. Bu musiqiçilərin, incəsənət xadimlərinin dahi şəxsiyyətin ruhuna ehtiramının bir zərrəsi idi. Çünki Ona, Onun xatirəsinə ehtiram sonsuzdur. Odur ki, Azərbaycan musiqisində bu dahi şəxsiyyətə həsr olunan əsərlər yaranır və yaranacaq. 
    “Bizdən sonra əməllərimiz qalacaq”, – deyən müdrik şəxsiyyətin mədəniyyətimizin, o cümlədən musiqimizin himayəsi yönündə gördüyü işləri tarixin yaddaşına köçürmək bizim mənəvi borcumuzdur. Onun xalqı və Vətəni qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin səhifələrinə əbədi həkk olunub, incəsənətin, musiqinin dili ilə də özünün yüksək təcəssümünü tapıb, dahi rəhbər haqqında neçə-neçə ölməz sənət əsəri yaranıb. Azərbaycan bəstəkarlarının yaratdığı belə əsərlərdən bir neçəsinin adını çəkmək yerinə düşərdi: Cövdət Hacıyevin 8 saylı “Onu zaman seçib” simfoniyası, Arif Məlikovun 8 saylı “Əbədiyyət” simfoniyası, Ramiz Mustafayevin “Atamız Heydər”, Sərdar Fərəcovun “Böyük vətəndaş haqqında” odaları, Vasif Adıgözəlovun “Azərbaycan” kantatası, Tofiq Bakıxanovun “Xatirə” poeması, Firəngiz Əlizadənin “İthaf” əsəri, gənc bəstəkar Vasif Allahverdiyevin “Ömür yolu” simfonik poeması və digər əsərlər bu qəbildəndir. 
    Dahi şəxsiyyətin Azərbaycan mədəniyyətinə göstərdiyi qayğı heç vaxt unudula bilməz. O, bəstəkarların yaxın dostu idi. Vaxtilə SSRİ dövründə Azərbaycanın bir neçə görkəmli sənətkarına “Sosialist Əməyi Qəhrəmanı” kimi ən böyük fəxri ad verilmişdi. Bu sənətkarlar Qara Qarayev, Fikrət Əmirov, Niyazi və Rəşid Behbudov idi. Bu fəxri adların sənətkarlarımıza verilməsi, onların yüksək sənətkarlığı ilə bərabər, eyni zamanda respublikaya rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin yüksək nüfuzunun təcəssümü idi.
    1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra O, respublikamız üçün ən çətin dövrdə də incəsənət xadimlərinin sənətlə məşğul olmaları üçün lazımi şərait yaratdı, onları mənzillə təmin etdi, Prezident təqaüdü ayırdı. Əlbəttə, bu dahi şəxsiyyət haqqında çox danışa bilərik. Çünki hansı sahəyə nəzər yetirsək, hansı sənətkarın yaradıcılığına müraciət etsək, orada Ulu Öndər Heydər Əliyevin misilsiz rolunun və xidmətinin şahidi oluruq.
    Bu dahi şəxsiyyət hələ sovetlər dönəmində Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatr binaları, muzeylər inşa olundu, mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb, Bakıya döndülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Dahi şəxsiyyət bu kadrların hazırlanmasında ona görə maraqlı idi ki, gələcək müstəqil Azərbaycanımız üçün onlar gərəkli mütəxəssis olacaqdılar. Necə ki oldular da. Bizim nəsil xoşbəxtdir ki, dahi şəxsiyyət Heydər Əliyevlə bir epoxada yaşamaq bizə nəsib oldu və Ulu Öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi böyük qayğının şahidinə çevrildik.
    Azərbaycan müstəqillik qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, görkəmli dövlət xadiminin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı, Azərbaycanda bir çox mədəniyyət müəssisələri təmir olundu. 
    Ümummilli Liderin yolunu şərəf və ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də elm, təhsil, mədəniyyət və incəsənət sahəsində Heydər Əliyev kursunu uğurla davam etdirir. Dövlət başçımızın imzaladığı bir sıra fərman və sərəncamlar respublikamızda bu sahələrin müasir dünya standartlarına uyğunlaşmasında böyük rol oynamışdır. “Qloballaşan dünyada Azərbaycan Respublikası və azərbaycanlılar özünün maddi-mənəvi və intellektual potensialına uyğun layiqli yer tutacaqdır”, – deyən Prezident xalqın milli xüsusiyyətlərinin və milli dəyərlərinin dünyada yayılmasında ədəbiyyatın və mədəniyyətin böyük rolunu xüsusi qeyd etmişdir. 
    Ümummilli Lider Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün Ulu Öndərin adını şərəflə daşıyan Heydər Əliyev Fondunun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. 
    Naxçıvan yarandığı gündən mədəniyyət, sənət, ədəbiyyat beşiyi olub, dünya mədəniyyətinə onlarla qüdrətli sənətkarlar bəxş etmişdir. Doğma yurdu Naxçıvanın mədəniyyəti, incəsənəti, musiqisi də Ulu Öndərin daim diqqət mərkəzində olmuşdur. “Əsrarəngiz gözəlliyə malik olan, dünya elminə, ədəbiyyatına, diplomatiyasına dahilər bəxş etmiş Naxçıvan həm də görkəmli musiqiçilər diyarıdır”, – deyən Ümummilli Lider Heydər Əliyev Naxçıvan musiqi mədəniyyətinə böyük qayğı göstərmiş, onun inkişafı üçün əlindən gələni əsirgəməmişdir. 
    Dahi bəstəkar Üzeyir Hacıbəylinin təşəbbüsü ilə ilk musiqi məktəbinin açılması, Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrinin Naxçıvanda fəaliyyət göstərməsi, Naxçıvan dövlət konsert briqadasının yaradılması, Niyazinin, Bülbülün, Rəşid Behbudovun və bir çox musiqiçilərin Naxçıvan musiqiçiləri ilə yaradıcılıq əlaqələri bu qədim diyarda ifaçılıq və bəstəkarlıq sənətinin yüksəlməsinə böyük təsir göstərməyə bilməzdi. Ulu Öndər Naxçıvanda musiqiçi kadrların yetişməsi, istedadli gənclərin musiqi təhsilinə cəlb olunması, milli musiqi alətlərinin, xalq mahnılarının yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının əsərlərinin öyrədilməsi ideyası ilə 1975-ci ildə Naxçıvanda yeni təhsil ocağının – Orta İxtisas Musiqi Məktəbinin yaradılmasını məqsədəuyğun hesab etmişdir. Bu tədris müəssisəsinin yaradılması ilə Naxçıvanın mədəni həyatında yeni bir mərhələnin başlanğıcı qoyuldu.
    1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyində iştirak edən Ümummilli Lider yekun konsertdən sonra musiqiçilərin çıxışları haqqında demişdi: “Sevinirəm ki, Naxçıvanda, bu qədim diyarda belə gənc incəsənət ustaları yetişir. Musiqiçilər, müğənnilər tərəfindən həm milli musiqimiz, həm də Avropa musiqisinin ifası, kamera orkestri, xor kopellasının çıxışları çox xoş təsir bağışladı. Burada gördüklərimizin hamısı onu göstərir ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsi olaraq demokratiya, dünyəvi dövlət quruculuğu, hüquq, haqq yolu ilə gedir”. Unudulmaz rəhbərin dediyi bu sözlər, Naxçıvan musiqiçilərinin çıxışlarına verdiyi yüksək qiymət təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan, musiqi mədəniyyətimizin inkişafına aparan yolların doğruluğuna, seçilən xəttin ardıcıllığına işarə idi.  
    İllər keçdikcə müstəqil Azərbaycanın memarı, Ümummilli Liderimiz Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının böyüklüyü daha aydın görünür. Haqqında bəstələnən mahnıda da deyildiyi kimi: “Sən elə bir zirvəsən ki, buludlar neyləyəcək?” Ulu Öndərin “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!” fikirləri dünənimiz, bu günümüz və gələcəyimiz üçün gördüyü bütün işlərin aydın mənzərəsini yaradır. Vətən, xalq sevgisi Ulu Öndərin atdığı hər bir addımda özünü parlaq şəkildə göstərdi. Təbii ki, bu gün görkəmli dövlət xadimi Heydər Əliyevin əziz xatirəsi təkcə ürəklərdə deyil, sənət əsərlərində, musiqidə də əbədiləşərək yaşayır. Onun ömür yolu hələ neçə-neçə sənət əsərlərinə qanad verəcək, neçə-neçə musiqi əsərində dahi insanın şəxsiyyəti canlanacaq. 

Məhəbbət BABAYEVA
Naxçıvan Musiqi Kollecinin direktoru,
 Naxçıvan Muxtar  Respublikasının Əməkdar müəllimi

Nəşr edilib : 12.06.2023 20:56