AZ EN RU

Musiqi təhsili müəssisələrinə işə qəbulun müsahibə mərhələsi keçirilib

Müsahibənin keçirilməsi üçün Dövlət İmtahan Mərkəzindən 1, Mədəniyyət Nazirliyindən 1, muxtar respublikada fəaliyyət göstərən ali təhsilli müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılıb və müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılıb.

Naxçıvan Muxtar Respublikasında dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədilə keçirilən müsabiqənin müsahibə mərhələsində komissiya müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirib. Müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır. Müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”da öz əksini tapır.

Qeyd edək ki, müsabiqənin test mərhələsində 40 vakant vəzifənin tutulması üçün 25 namizəd iştirak edib, onlardan 6-ı müvafiq keçid balını toplayıb. Müsahibə mərhələsində iştirak edən 6 namizədin hər biri uğur qazanıb. Uğur qazanmış namizədlərin sənədləri müvafiq vəzifələrə təyin olunması üçün aidiyyatı üzrə göndərilib.

Naxçıvan Muxtar Respublikası

Dövlət İmtahan Mərkəzinin

mətbuat xidməti

Nəşr edilib : 14.02.2023 17:05