AZ EN RU

Musiqi təhsili müəssisələrinə işə qəbulun müsahibə mərhələsi keçirilib

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2019-cu il 8 may tarixli Qərarına uyğun olaraq martın10-da müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib.
    Müsahibənin keçirilməsi üçün Dövlət İmtahan Mərkəzindən 1, Mədəniyyət Nazirliyindən 1, müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Müsahibə mərhələsində müəllimə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılır və müəllimin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyəti yoxlanılır. 
    Naxçıvan Muxtar Respublikasında dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədilə keçirilən müsabiqənin müsahibə mərhələsində komissiya müəllimlərin ixtisas bacarığını müvafiq meyarlar üzrə           5 ballıq sistem əsasında qiymətləndirir. Müsahibədə 12 və ya daha çox bal toplamış müəllim bu mərhələdən keçmiş sayılır. Müsahibənin yekun nəticələri “Müəllimin qiymətləndirilməsinə dair yekun protokol”da öz əksini tapır.
    Qeyd edək ki, 31 yanvar tarixdə keçirilən müsabiqənin test mərhələsində 127 vakant vəzifənin tutulması üçün 102 namizəd qeydiyyatdan keçib, onlardan 31 namizəd müvafiq keçid balını toplayıb. Ayrı-ayrı vəzifələr üzrə ən çox müraciət fortepiano, qarmon və konsertmeyster, fortepiano ixtisasları üzrə qeydə alınıb. 

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin
mətbuat xidməti

Nəşr edilib : 10.03.2022 21:10