AZ EN RU

Musiqi təhsili müəssisələrinə işə qəbul imtahanları keçirilib

Musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə bu tədris müəssisələrinə işə qəbul üçün növbəti test imtahanları keçirilib.

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, müsabiqəyə çıxarılmış 40 vakant vəzifənin tutulması üçün 25 namizəd qeydiyyatdan keçib. Ən çox vakant vəzifə (20) və müraciət (16) Şərur rayonu üzrə qeydə alınıb. Müsabiqəyə daha çox nağara, balaban və skripka ixtisasları üzrə vakant vəzifələr çıxarılıb. Ayrı-ayrı vəzifələr üzrə ən çox müraciət isə nağara ixtisasına olub.

Ayrılmış 75 dəqiqə vaxt çərçivəsində hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilib. Test tapşırıqlarının 60 faizini (30 bal) düzgün cavablandıran namizədlər keçid balını toplayaraq müsahibə mərhələsinə buraxılıblar.

Qeyd edək ki, test mərhələsində iştirak edən 25 namizəddən 6-sı keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.

İmtahan nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalından (www.dim.nmr.az) tanış olmaq mümkündür.

Nəşr edilib : 17.01.2023 10:57