AZ EN RU

Musiqi təhsili müəssisələrinə işə qəbul imtahanları keçirilib

    Tədris müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi məqsədilə musiqi təhsili müssisələrinə müəllimlərin işə qəbulu üçün növbəti test imtahanları keçirilib.
    Müsabiqəyə çıxarılmış 127 vakant vəzifənin tutulması üçün 102 namizəd qeydiyyatdan keçib. Ən çox müraciət Şərur (37), Babək (13) və Kəngərli rayonları (12) üzrə qeydiyyata alınıb. Müsabiqəyə daha çox konsertmeyster-fortepiano (31), nağara (14) və tar (11) ixtisasları üzrə vakant vəzifələr çıxarılıb. Ayrı-ayrı vəzifələr üzrə ən çox müraciət isə konsertmeyster-fortepiano (16) və nağara (14) ixtisaslarına olub. 
    Ayrılmış 75 dəqiqə çərçivəsində hər bir namizədə müəssisələrdə tədris olunan ixtisaslar üzrə 50 test tapşırığı təqdim edilir. Test tapşırıqlarının 60 faizini (30 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir və müsahibə mərhələsinə buraxılır. İmtahanın nəticəsi “Test imtahanının nəticəsi haqqında arayış”la rəsmiləşdirilir. İmtahanların nəticələri ilə Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalından tanış olmaq mümkündür. 
    Qeyd edək ki, müsabiqə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 2019-cu il 8 may tarixli Qərarına əsasən keçirilir.

Naxçıvan Muxtar Respublikası 
Dövlət İmtahan Mərkəzinin
mətbuat xidməti

Nəşr edilib : 02.02.2022 20:35