AZ EN RU

Musiqi təhsili müəssisələrində işə qəbulla bağlı müsabiqə başa çatıb

    Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müəllimlərin dövlət musiqi təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması Qaydaları”nın təsdiq edilməsi haqqında 8 may 2019-cu il tarixli Qərarına uyğun olaraq 7 dekabr 2021-ci il tarixdə elan edilmiş müsabiqəyə 127 vakant yer çıxarılmış, 64 vəzifənin tutulması üçün 102 nəfər test mərhələsində iştirak etmişdir. Onlardan 65-i müsabiqənin müsahibə mərhələsində iştirak etmək hüququ qazanmışdır.
    Namizədlərin praktiki hazırlığı və ifaçılıq qabiliyyətinin yoxlanılması üçün Dövlət İmtahan Mərkəzindən 1, Mədəniyyət Nazirliyindən 1, müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılmış, müsahibə mərhələsində namizədlərə verilən tapşırıqların yerinə yetirilməsi üçün 30 dəqiqə vaxt ayrılmışdır.
    Naxçıvan Muxtar Respublikasında dövlət musiqi təhsili müəssisələrinin ixtisaslı kadrlarla komplektləşdirilməsi və tədrisin keyfiyyətinin artırılması məqsədilə keçirilən müsabiqənin müsahibə mərhələsində yaradılmış komissiya tərəfindən müəllimlərin ixtisas bacarığı müvafiq meyarlar üzrə 5 ballıq sistem əsasında qiymətləndirilmişdir. 
    10-17 mart 2022-ci il tarixlərində keçirilmiş müsahibə mərhələsində 40 namizəd müvafiq keçid balını toplaya bilmişdir. Müsabiqənin müsahibə mərhələsini müvəffəqiyyətlə keçdiyi üçün skripka ixtisası üzrə 1, fortepiano ixtisası üzrə 10, tar ixtisası üzrə 5, kamança ixtisası üzrə 2, balaban ixtisası üzrə 1, saz ixtisası üzrə 3, qarmon ixtisası üzrə 4, nağara ixtisası üzrə 6, xor ixtisası üzrə 2, xanəndəlik ixtisası üzrə 1, xoreoqrafiya ixtisası üzrə 2 və musiqi nəzəriyyəsi ixtisasları üzrə 4 nəfər muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müəllim təyin olunmuşdur.

Naxçıvan Muxtar Respublikası 
Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 06.04.2022 18:08