AZ EN RU

Musiqi məktəbinin muxtariyyətin 100 illiyinə həsr olunmuş konserti keçirilib

Mayın 15-də Naxçıvan Şəhər Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə və Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konserti keçirilib. Naxçıvan Dövlət Uşaq Teatrında baş tutan konsertdə muxtar respublikanın incəsənət nümayəndələri, musiqi məktəblərinin müəllim və şagirdləri iştirak edib. 
Əvvəlcə Ümummilli liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı Ulu öndər Heydər Əliyevin şərəfli ömür yolundan, ölkəmizin inkişafı, beynəlxalq müstəvidə nüfuzunun artırılması istiqamətində yorulmaz fəaliyyətindən bəhs edib, Naxçıvan Muxtar Respublikasının ölkəmizin sosial-iqtisadi, ictimai və mədəni inkişafına verdiyi töhfələri diqqətə çatdırıb.
Tədbirin bədii hissəsində məktəbin istedadlı şagirdlərindən ibarət xalq çalğı alətləri ansamblı, “Bahar”, qarmonçalanlar, nağaraçalanlar, sazçalanlar ansamblları maraqlı musiqi nömrələri ilə çıxış edib. Arif Məlikov, Niyazi, Səid Rüstəmov, Mehriban Əhmədova, Cahangir Cahangirov, eləcə də dünya bəstəkarlarının müəllifi olduğu əsərlər tamaşaçılarda xoş ovqat yaradıb. Konsert proqramı məktəbin nağaraçalanlar ansamblının çıxışı ilə sona çatıb.
Tədbirdə çıxış edən Naxçvan Şəhər Mədəniyyət İdarəsinin müdir əvəzi Həsən Kərimov muxtariyyətin 100 illiyinin müxtəlif tədbir və layihələrlə yadda qaldığını diqqətə çatdırıb. Qeyd olunub ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət mədəniyyət siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına əsasən il ərzində mədəniyyət və incəsənət müəssisələrində müxtəlif formatlı tədbirlərin, konsert, tamaşa və müsabiqələrin təşkili nəzərdə tutulub.
Tədbirdə  Naxçıvan Şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin bir neçə müəllimi məktəbin fəxri fərmanı ilə təltif edilib.

Naxçvan Muxtar Respublikası
 Mədəniyyət Nazirliyinin mətbuat xidməti

Nəşr edilib : 15.05.2024 22:23