AZ EN RU

Musiqi Kolleci tələbələrinin konserti

    Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsində Naxçıvan Musiqi Kollecinin Xalq çalğı alətləri şöbəsinin qarmon ixtisası üzrə müəllim və tələbələrinin konserti keçirilib. Kollecin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi Məhəbbət Babayeva konservatoriya ilə birgə keçirilən konsertlərin artıq ənənəvi hal aldığını qeyd edib. Bildirilib ki, kollecdə artıq 15 ildir, qarmon ixtisası üzrə kadr hazırlığı aparılır, 7 müəllim 40-a yaxın tələbəyə bu ixtisasın sirlərini öyrədir. 
    Konsertdə Tofiq Quliyevin, Emin Sabitoğlunun,  Ramiz Mirişlinin, Vasif Adıgözəlovun, Aftandil İsrafilovun bəstələri, Azərbaycan xalq rəqsi “Tiflisi”, Azərbaycan xalq mahnıları əsasında popuri, “Naxçıvan rəqsi”, xarici bəstəkarların rəqsləri ifa edilib.
    Sonda ali təhsil ocağının rektoru, dosent Elbrus İsayev Musiqi Kollecinin universitetin nəzdində fəaliyyət göstərməsinin musiqi təhsilində pilləli sistemin düzgün təşkilinə, istedadlı musiqiçi kadrların formalaşdırılmasına xidmət etdiyini vurğulayıb.    

Əli Yarıyev 
Jurnalistika ixtisası üzrə I kurs tələbəsi

Nəşr edilib : 02.03.2022 19:15