AZ EN RU

Müşavirə keçirilib

    Şahbuz rayonunda torpaqlardan səmərəli istifadə sahəsində görülmüş işlər və qarşıda duran vəzifələr mövzusunda müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rafael Babayev açaraq tədbirin mahiyyətindən danışıb.
    Muxtar respublikada torpaqlardan səmərəli istifadə sahəsində həyata keçirilən tədbirlərdən bəhs edən Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən keçirilən sessiya və müşavirələrdə muxtar respublikada əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi barədə tapşırıqlar verilib. Verilmiş tapşırıqların icrası ilə əlaqədar Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssisləri tərəfindən bütün mülkiyyət növləri üzrə torpaqlardan istifadə vəziyyəti yoxlanılır. Artıq Babək, Şərur və Kəngərli rayonlarında torpaqlardan qanunsuz istifadəyə dair monitorinqlər başa çatdırılıb, aşkar olunmuş qanun pozuntuları aradan qaldırılıb.
    Yoxlamalar keçirilən zaman adıçəkilən rayonlar üzrə torpaq qanunvericiliyinin tələblərinin pozulması, vətəndaşların dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlardan qanunsuz istifadə halları, torpaq islahatı zamanı əkin sahəsi kimi xüsusi mülkiyyətə verilmiş pay torpaqlarında qanunsuz tikililər inşa etməsi faktları müəyyən edilib. Bu gündən isə Şahbuz rayonunda monitorinqlərin aparılmasına başlanılır.
    Vurğulanıb ki, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə torpaq sahəsini özbaşına tutma hesab olunur. Torpaq sahəsinin özbaşına tutulması torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpağın məqsədli istifadəsinə maneələr yaradır. Bu isə Azərbaycan Respublikasının cinayət qanunvericiliyinə əsasən məsuliyyətə səbəb olur.
    Müşavirədə xidmətin Torpaq məsələləri şöbəsinin müdiri İntizar Həziyevin, Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutunun şöbə rəisi Zülfüqar Bayramovun çıxışları dinlənilib. 
    Sonda müşavirə iştirakçılarının sualları cavablandırılıb, müzakirələr aparılıb.

Naxçıvan Muxtar Respublikası 
Daşınmaz Əmlak və Torpaq
 Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat xidməti

Nəşr edilib : 04.04.2022 19:34