AZ EN RU

Müsabiqə qalibləri mükafatlandırılıb

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “İnsanlara nur bəxş edən – Akademik Zərifə Əliyeva” mövzusunda gənclər arasında esse  müsabiqəsi keçirilib. Müsabiqə qaliblərinin mükafatlandırıldığı tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əliyevanın Azərbaycan elminin inkişafındakı xidmətlərindən danışıb. Komitə sədri bildirib ki, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyeva ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Keçdiyi şərəfli ömür yolu hər kəs üçün kamillik və müdriklik məktəbi olan Zərifə xanım Əliyevanın xatirəsini hər birimiz hörmətlə anırıq. Zərifə xanım həm də ona görə xoşbəxt analardan sayılır ki, ölkə Prezidenti cənab İlham Əliyev kimi övlad böyüdüb. Bu qeyd olunanlar onu göstərir ki, Zərifə xanım Əliyeva gözəl təşkilatçı, içtimaiyyətçi olmaqla yanaşı həm də əsl Azərbaycan qadınlarının rəmzidir. Çox sevindirici haldır ki, Naxçıvan torpağında belə rəmzi qadınlarımız doğulubdur.  Zərifə xanım Əliyeva həkimlik və alimlik kimi gərgin fəaliyyətində harada yaşamasından və işləməsindən asılı olmayaraq həmişə doğma diyarımız olan Naxçıvanla sıx bağlı olub, regionda bir sıra təhlükəli göz xəstəliklərinin müalicə edilməsində öz səylərini əsirgəməyib, öz torpağının yüzlərlə insanına dünyada əvəzedilməz nemət olan göz işığı bəxş edib. Ramilə Seyidova onu da əlavə edib ki, müsabiqənin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə bağlı təşkil olunması və eyni zamanda Komitə tərəfindən muxtar respublikanın 100-cü ildönümü münasibətilə “Təbliğat-100” layihəsi çərçivəsində maarifləndirici tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bu il müsabiqəyə 181 iş təqdim edilib. Bu da ötən illə müqayisədə 79 yazı işi çox deməkdir və həm də gənclərimizin Zərifə xanımın həyat və yaradıcılığına marağının ildən-ilə artdığının göstəricisidir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova müvafiq mövzuda çıxış edərək Komitə tərəfindən muxtar respublikanın 100 illiyi və Zərifə xanım Əliyevanın əziz xatirəsinə həsr olunmuş tədbirlərin təşkili və keçirilməsindən danışıb. 
Müsabiqənin qaliblərindən olan Fuad Mirzəyev keçirilən tədbirin gənclərin yaradıcılığının inkişafına verdiyi töhfədən və müsabiqənin təşkilinin əhəmiyyətindən bəhs edib.
Çıxışların ardından müsabiqədə iştirak edən həvəskar şəxslər, şagird və tələbələr arasından ilk 3 yerdə qərarlaşmış qaliblər mükafatlandırılıblar. Tədbirin sonunda Zərifə xanım Əliyevaya həsr olunmuş filmə baxış olub.


Naxçıvan Muxtar Respublikası

Ailə, Qadın və Uşaq Problemləri üzrə

Dövlət Komitəsinin mətbuat xidməti

Nəşr edilib : 30.04.2024 15:52