AZ EN RU

Müsabiqə qalibləri mükafatlandırılıb

Naxçıvan şəhərində “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etmiş şəxslər və müxtəlif nominasiyalar üzrə müsabiqə qalibləri mükafatlandırılıb.

Naxçıvan Şəhər İcra Hakimiyyətində keçirilən tədbirdə çıxış edən İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Orxan Məhərrəmov Naxçıvan şəhərində “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verərək bildirib ki, İcra Hakimiyyəti tərəfindən Ümummilli Liderin 100 illik yubileyi münasibətilə 100-dən artıq tədbir keçirilmiş və dahi şəxsiyyət böyük sevgi və ehtiramla yad olunub. Bu tədbirlərdə İcra Hakimiyyəti Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhər təşkilatı, Naxçıvan Şəhər Məhkəməsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublika üzrə Baş İdarəsinin Naxçıvan şəhər idarəsi, Heydər Əliyev adına Hərbi Lisey, Dini Qurumlara İş üzrə Dövlət Agentliyi, Ağsaqqallar Şurası və xüsusən də təhsil, mədəniyyət və idman müəssisələri ilə əməkdaşlıq etmişdir.

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli çıxışı zamanı bildirib ki, 2023-cü il ərzində idarə tərəfindən 50-si Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmaqla, 135 tədbir keçirilib. Bu tədbirlərdə ümumilikdə 6454 yeniyetmə və gənc iştirak edib.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin sektor müdiri Gülxanım Orucova bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində Təhsil şöbəsinin və ümumtəhsil məktəblərinin təşkilatçılığı ilə 56 dəyirmi masa, 38 inşa yazı, 20 şeir müsabiqəsi, 35 açıq dərs, 10 rəsm sərgisi, 25 kitab müzakirəsi, 5 şahmat yarışı, müxtəlif idman növləri üzrə 15 idman birinciliyi, 10 film nümayişi və 85 sayda müxtəlif tədbirlər keçirilibdir. Həmin tədbirlərdə 6000-dən çox şagird və 1000-dən çox müəllim iştirak edib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, 2023-cü il xalqımızın tarixinə öz əlamətdarlığı və möhtəşəmliyi ilə, eyni zamanda qazanılmış uğurlar və qalibiyyətlərlə əbədi həkk olundu. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasəti və qətiyyəti sayəsində ölkəmizin suverenliyi tam bərpa olundu. Bu möhtəşəm qələbə “Heydər Əliyev İli”ndə xalqımıza ən böyük hədiyyədir.

Sonda “Heydər Əliyev İli” çərçivəsində keçirilən tədbirlərdə fəal iştirak etmiş şəxslər və müxtəlif nominasiyalar üzrə müsabiqə qalibləri mükafatlandırılıb.

Xəbərlər şöbəsi

Nəşr edilib : 30.12.2023 18:53