AZ EN RU

Müsabiqə, ədəbi bədii gecələr və intellektual oyunların təşkili mənəvi tərbiyə və təlim prosesində mühüm rol oynayır

    Müasir dövrdə milli maraqlara və dəyərlərə əsaslanan gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə iştirakçı, eyni zamanda bunlardan yararlanan sosial qrup kimi qəbul edir. Hazırda gənclər irimiqyaslı layihələrin icrasına qoşulur, ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, buradakı fəallıqları onların vətənpərvərlik ruhunun və vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə stimul verir. Belə şərait isə gənclərə inteqrasiya, mübadilə, ən əsası yaşadığı bölgə üçün lazımlı fərd kimi yetişmək imkanları yaradır. 

    Müasir dövrün reallıqları yüksək bilik və bacarıqlara malik, dövrün tələblərinə cavab verə biləcək insan kapitalının formalaşdırılmasını tələb edir. Xüsusilə bilik və informasiya mübarizəsinin getdiyi bir dövrdə əsas qüvvə olaraq gənclərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi xüsusi önəm daşıyır. Bu mənada, ölkənin gələcək inkişafı insan kapitalından, bu isə mükəmməl təhsil sistemindən asılıdır. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda da həmin  sahə, xüsusilə  diqqət mərkəzindədir.
    Təhsil ocaqlarında, eləcə də məktəbdənkənar təhsil müəssisələrində gənclərin elmə, təhsilə marağını artıran müxtəlif bilik yarışlarının keçirilməsi əsas hədəflərdən biridir. Bu gün gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi üçün müxtəlif  layihələr, intellektual oyunlar təşkil edilir. “Xəmsə”, “Kim, nə, hara?”, “Nə, harada, nə zaman?”, “Vətəni tanı”, “Azərbaycanı tanı”, “Naxçıvanımızı tanıdaq”, “İntellektual gənc” və sair kimi oyunlar uşaqların, yeniyetmə və gənclərin həyatında mühüm dəyişikliklərə səbəb olur. Belə oyunlar yeniyetmə və gənclərin intellektual inkişafı üçün böyük əhəmiyyət daşıyır.
    Bu gün hər bir gənc müasir dövrün tələblərini təhlil etmək və onun əsasında qərar qəbul edə bilmək bacarığına malik olmalıdır. Buna görə də intellektual oyunlarda iştirak etmək  gəncləri gələcəkdə bir mütəxəssis kimi formalaşdırmaqda, özünü təsdiq etməkdə böyük rol oynayır. Bu zaman ortaya bir sual çıxır: Bəs məktəbli yeniyetmələrin həyatında intellektual oyunlar hansı rolu oynayır?
    İlk olaraq belə oyunlar vasitəsilə məktəblilər arasında ünsiyyət qurulur, onlar özlərinə yeni dostlar qazanırlar. Yeniyetmələr, həmçinin başqalarına hörmət etmək, səbirli olmaq, liderlik kimi xüsusiyyətləri də oyun vasitəsilə əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən məktəbliyə təsir edir, onun inkişafında böyük rol oynayır.
    Müasir dövrdə elm inkişaf etdikcə yeniyetmə və gənclərin bilik və bacarığını təkmilləşdirən meyarlar da meydana çıxıb. Gənclərin intellektual oyunlara cəlb edilməsi isə uğurlu bir addımdır, çünki onların intellekt səviyyəsinin yüksəldilməsi üçün görülən tədbirlər hərtərəfli inkişafa hesablanmışdır. 
    Bu gün keçirilən intellektual oyunlarda onlarla komanda mübarizə aparır. Bu oyunların komanda şəklində keçirilməsi isə onların kollektivləşməyə, kollektiv oyunlara marağını artırır. Belə yarışlarda iştirak edən gənclərin böyük əksəriyyətinin həm savadı, həm səviyyəsi onların daha böyük yarışlara cəlb edilməsinə imkan yaradır. Yeniyetmə və gənclərimizin iştirak etdiyi intellektual yarışlarda sualların çoxunun ölkəmizin tarixi, mədəniyyəti, coğrafiyası ilə bağlı olmasını isə, xüsusilə qeyd etmək lazımdır. Bu onlarda həm vətənpərvərlik hisslərinin yüksəldilməsinə, həm də milli şüurun formalaşdırılmasına öz təsirini göstərir. Məsələn, “Vətəni tanıyaq” adlı intellektual oyun birbaşa Azərbaycançılığın, vətənpərvərliyin, qəhrəmanlığın, tarix və coğrafiyamızın geniş təbliğinə xidmət edir. Yaxud “Azərbaycanı tanı” intellektual oyununda Azərbaycan dövlətinin, onun ərazisinin, təbii sərvətlərinin, flora və faunasının tanıdılması iştirakçılarda vətənpərvərlik tərbiyəsinin formalaşmasında mühüm rol oynayır. Təcrübə göstərir ki, gənclər intellektual oyunlarda iştirak etməklə, həm özlərinin bilik səviyyəsini, həm də müasirləşən dünyanı öyrənirlər.
    Ədəbi-bədii gecələr. Məktəb kitabxanalarında təbliğat ədəbi-bədii gecələr vasitəsilə də həyata keçirilir. Belə tədbirlər tanınmış şair və yazıçılardan birinin yaradıcılığına, habеlə bir və ya bir nеçə ədəbi və tarixi əsərə həsr оluna bilər. Bu tədbirlər böyük  tərbiyəvi əhəmiyyət kəsb еdir, bədii əsərə sеvgi оyadır, bədii zövqü fоrmalaşdırır, ciddi mütaliəyə maraq yaradır. Keçiriləcək tədbirin kompozisiyasından asılı olaraq xüsusi proqram, ssenari tərtib edərək teatrlaşdırılmış səhnəcik qurmaq olar. Gecəyə hazırlaşmaq yaradıcılıq qabiliyyəti tələb edir. Kitabxanaçı gecənin əvvəlindən sonuna kimi bütün elementləri (çıxış, rəy, qonaqlara söz vermə, musiqi nömrələrini) ssenaridə əks etdirir. Ssenari tərtib edilərkən seçilən şeir parçalarının, çıxışların, aparıcıların replikalarının məzmununun iştirakçıların ideya-siyasi tərbiyəsinə müsbət təsiri diqqət mərkəzində saxlanılmalıdır. İştirakçıların yerləşdirilməsi, aparıcıların yeri, qonaqların qarşılanması, ədəbi-bədii gecə keçiriləcək zalın mövzuya uyğun bəzədilməsi, lazımi stend, sərgi, ədəbi bülleten və albomların hazırlanması əvvəlcədən planlaşdırılmalıdır. Adından məlum olduğu kimi, ədəbi-bədii gecə iki hissəyə bölünür. Hər bir ədəbi gеcənin əsasını məruzə təşkil еdir. İkinci hissə isə tədbirin mövzusu ilə bağlı şeir, bədii qiraət, ədəbi kоmpozisiya və səhnəciklərlə tamamlanır. Gеcənin mövzusuna uyğun ədəbiyyat sərgisi, viktоrina, ədəbi оyunlar hazırlana bilər. Yerləşdiyi ərazidəki məktəbdə rəssamlığa, memarlığa maraq göstərən şagirdlərin rəssamlıq, memarlıq qabiliyyətlərini aşkara çıxarmaq və maraqlarını təmin etmək üçün ədibin əsərlərinə çəkiləcək ən yaxşı illüstrasiyalar, hazırlanacaq maketlər üçün müsabiqə elan edilə bilər. Müəllifin həyat və yaradıcılığına aid tərtib edilmiş maraqlı ədəbi viktorinanın da ssenariyə əlavə edilməsi məqsədəuyğun olar. Sənətkarın dram əsəri varsa, kitabxanaçı şagirdlərin ifasında tamaşa üçün səhnəcik hazır­lamalı, yazıçının belə bir əsəri yoxdursa, onun hekayə, povest, yaxud romanından bir parçanın səhnələşdirilməsini nəzərdə tutmalıdır. Gecələrin keçirilməsində proyektorlardan, dekorasiya, aktyor geyimləri, audiovizual materiallardan məharətlə istifadə edilməlidir. Ədəbi-bədii gecələr aşağıdakı estetik tələblərə cavab verməlidir: Musiqi və poeziyanın vəhdəti nümayiş etdirilməli,  sənət əsərinin ifaçılarına, natiqlərin nitqinə, aparıcıların çıxışına yüksək tələbkarlıqla yanaşılmalı, poetik parçalar həm ideya-siyasi, həm də emosionallıq cəhətdən kamil olmalı, emosionallığı artırmaq üçün videogörüntülərdən, dekorasiya, aktyor geyimlərindən istifadə edilməli, müəyyən mövzu ilə əlaqədar şagirdlər tərəfindən çəkilmiş illüstrasiyalar, portretlər, hazırlanmış maketlər, albomlar, stend və sərgi materialları yüksək zövq meyarı ilə qiymətləndirilməli və seçilməlidir. 
    Şagirdlərin təşəbbüskarlığına stimul verən və onlara öz yaradıcılığını inkişaf etdirmək imkanı yaradan kütləvi tədbir formalarından biri də müxtəlif mövzularda təşkil olunan müsabiqələrdir. Müsabiqələr ən yaxşı kitab illüstrasiyası, seçilmiş mövzu üzrə ən yaxşı hazırlanmış kitabı ən yaxşı şeir və ya hər hansı müəllifə görə yaradıcı iş, dram əsərləri və sair mövzularda həyata keçirilə bilər. Müsabiqə keçirilməzdən əvvəl onun məqsədi və təşkili şərtləri, istifadəçilərin yaş xüsusiyyətləri və imkanları dəqiq nəzərə alınmalıdır. Bundan sonra iştirakçıların siyahısı, müsabiqə işlərinin formaları, keçirilmə müddəti və şərtlərinin nizamnaməsi müəyyənləşdirilir. Bundan başqa, nizamnaməyə müsabiqə nominasiyaları, müsabiqənin mərhələləri, münsiflər heyəti, qaliblərin mükafatlandırılması məsələləri də daxil edilir. Nizamnamə məktəb direktoru tərəfindən təsdiqlənir. Bunun üçün yalnız kitabxanada deyil, məktəbin əsas görünən yerlərində, divar qəzetində və məktəb saytında da rəngli elanlar yerləşdirmək olar. Müsabiqənin yekun nəticələrinin əldə olunması üçün münsiflər heyəti yığılır. Münsiflər heyətinin tərkibinə mədəniyyət işçiləri, məktəb rəhbərliyi, digər təşkilatların təlim və tərbiyə işləri üzrə təmsilçiləri seçilə bilər. Qaliblər müəyyən edildikdən sonra onların mükafatlandırılması həyata keçirilir. Bu bütün keçirilən tədbirin ən vacib mərhələsidir, geniş, hər kəsə açıq, əgər mümkünsə təntənəli formada təşkil olunmalıdır. Mənəvi cəhətdən rəğbətləndirmə bəzən, hətta maddi rəğbətləndirmədən daha artıq təsir göstərir. Buna görə də təntənəli mükafatlandırılma müsabiqə qaliblərinin yüksək qiymətləndirmə səviyyəsində təşkil olunmalıdır.

Ulduz Eyvazova 
Naxçıvan Qarnizonu tam orta məktəbin tarix müəllimi

Nəşr edilib : 22.09.2022 18:52