AZ EN RU

Musa Quliyev: Şəhidin həyat yoldaşı dünyasını dəyişirdisə, onun ailə üzvləri mənzil növbəsinə yazıla biləcəklər

Bu günədək on beş mindən çox şəhid ailəsi üzvü və Qarabağ müharibəsi qazisi mənzillə təmin olunub. Proses demək olar yekunlaşmaq üzrədir. Yəqin ki, il yarım ərzində bu kateqoriyadan olan bütün vətəndaşlarımız mənzillə təmin ediləcəklər.

Bu sözləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iyunun 13-də keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

O bildirib ki, müəyyən hallarda qanunda nəzərdə tutulmayan məsələlər də ortaya çıxırdı. Bütün bunların da qanunvericiliklə tənzimlənməsi lazım idi. “Bir müddət əvvəl bizə müraciət daxil olurdu ki, Qarabağ müharibəsi qazisi növbədə olarkən dünyasını dəyişirsə, onun ailə üzvləri həmin növbədən avtomatik çıxarılırdı. Qanunvericilikdə bununla bağlı boşluğu aradan qaldırdıq. Mənzil növbəsinə yazılmaq onların bütün ailə üzvlərinə şamil olundu. Eyni prosesi bir neçə halda şəhid ailələri arasında da müşahidə etdik. Ona görə də aidiyyəti üzrə bütün məsələlər müzakirə olundu və qanunvericiliyə müvafiq düzəlişlər edildi. Əgər şəhidin həyat yoldaşı dünyasını dəyişirdisə, onun övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Bundan sonra yeni dəyişikliklə şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə, şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcəklər”, - deyə Musa Quliyev qeyd edib.

Nəşr edilib : 13.06.2024 12:09